Azərbaycanın şose velosipedi üzrə elit yığma komandası və "Synergy Baku Cycling Project" klubunun üzvü Maksim Averin Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak yolunda növbəti uğurlu addım atıb.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, idmançımız Fransada keçirilən birgünlük "Duo Normand" veloyürüşündə 10 lisenziya xalı qazanmaqla ümumi xallarının sayını 158-ə çatdırıb.
Beynəlxalq Velosipedçilər İttifaqının 1.1 kateqoriyalı yarışında iştirakçılar cüt ötüşmə sistemi üzrə mübarizə aparıblar. Reqlamentə əsasən, komandaların tərkibi fərdi ötüşmə (time trial) üzrə ölkə çempionlarından ibarət olmalı idi ki, "Synergy Baku"nu "Duo Normand" yarışında Azərbaycan çempionu M.Averinlə Yunanıstan çempionu Yannis Tamuridis təmsil edib.
16 komandanın iştirak etdiyi yarışda velosipedçilərimiz 54 km məsafəni 1 saat, 9 dəqiqə, 37 saniyəyə qət etməklə yekun sıralanmada 5-ci yeri tutublar. Bu isə təmsilçilərimizə aktivlərinə 10 reytinq xalı əlavə etməyə imkan verib.