İngiltərənin "Çelsi" futbol komandasının baş məşqçisi Joze Mourinyo istefaya göndəriləcəyi barədə xəbərlərə münasibətini açıqlayıb.
"Report"un məlumatına görə, portuqaliyalı mütəxəssis bəzi insanların başqalarının işini itirmələrinə sevinmələrini anlamadığını söyləyib.
"Bilmək istərdim, nəyə görə bəziləri kiminsə işini itirməsinə sevinirlər? Əmin edirəm: hansısa nəşrdən 20 nəfərin qovulacağını desələr, onlar üçün narahatlıq keçirərəm. Təmiz sözümdür. Hətta tanımadığım 20 jurnalisti işdən kənarlaşdırsalar, təəssüflənərəm. Amma baş məşqçilik yeganə işdir ki, hamı sənin qovulmağına sevinir" deyə J.Mourinyo bildirib.
O, misal kimi Brendan Rocersin "Liverpul"dan kənarlaşdırılma situasiyasını göstərilib: "Rocers az qala Premyer Liqanı qazanırdı, ilin baş məşqçisi sayılmışdı. Sonradan onu istefaya göndərdilər və hamı sevindi. Bunların hamısı heyrətamizdir. Özüm də səbəbini başa düşə bilmirəm".
Qeyd edək ki, bu gün "Çelsi" İngiltərə Premyer Liqasının XI turu çərçivəsində "Liverpul"u qəbul edəcək. Hazırda 11 xalla 15-ci pillədə olan "zadəganlar"ın qalib gələ bilməyəcəkləri təqdirdə, Joze Mourinyonun istefaya göndəriləcəyi barədə xəbərlər yayılıb.