Cüdo üzrə Tbilisidə keçirilən Qran-pri yarışlarının sonuncu günündə Azərbaycan cüdoçuları medal qazana bilməyiblər.
Bugünkü yarışmada Azərbaycan cüdoçuları 90, 100 və +100 kiloqram çəki dərəcələrində mübarizə aparıblar. 90 kq çəki dərəcəsində tatami üzərinə çıxan Tural Səfquliyev sloveniyalı Mixail Zdanka məğlub olaraq mübarizəni dayandırıb.
Cüdoçularımızdan Şahin Qəhrəmanov (90 kq) mübarizəyə 3-cü mərhələdə başlayıb. Ş.Qəhrəmanov da Serbiya idmançısı Dmitri Gerasimenkoya uduzub.
100 kq çəkidə 2-ci mərhələdə mübarizəyə qoşulan cüdoçumuz Elxan Məmmədov isə italiyalı Di Guida Domenikoya məğlub olub.
Bununla da Azərbaycan cüdoçularının Tbilisi Qran-pri yarışmalarında mübarizəsi medalsız başa çatıb.