Türkiyə Superliqasının "Trabzonspor" - "Fənərbaxça" matçında meydan sahiblərinin azarkeşlərindən birinin meydana çıxaraq oyunun köməkçi hakimi Volkan Bayarslanı vurduğu barədə məlumat vermişdik. Hakimi vuran azarkeş Oğuzhan Mutlu sərbəst buraxılıb.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mutlu dünən insidenti törətdikdən dərhal sonra stadionun mühafizə işçiləri tərəfindən tutularaq polisə təhvil verilmişdi. O, yaşı 18-dən az olduğu üçün Trabzon Polis Bölməsinin uşaqlar üçün olan şöbəsində saxlanmışdı. Səhər prokurorluqda ona qarşı iş açılıb. Daha sonra Növbətçi Sülh Cəza Hakimliyinə aparılmış Mutlu, orda peşman olduğunu və etdiyi hərəkətdən məyus olduğunu bildirmişdi.
17 yaşlı azarkeş "Matçın atmosferi altında bir anda əsəbiləşərək meydançaya girdim. Hakimə etdiyim hərəkətə görə peşmanam. "Trabzonspor" camiəsinə verdiyim zərərə görə də ayrıca məyusam" deyib. Mutlu bu çıxışından sonra şərti azadlığa buraxılıb.
Məsələ ilə bağlı tutulan digər azarkeş isə ifadəsində meydançaya atılmadığını, yalnız tribunalardakı qarışıqlıq sırasında meydançaya düşdüyünü, ancaq hakimə hücum etmək niyyətinin olmadığını bildirib.