21 İyun 2016 16:30
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar dolların məzənnəsində yenidən artım müşahidə olunur.

İqtisadçı Samir Əliyev Teleqraf.com-a bildirib ki, manatın məzənnəsinin dəyişməsi davam edəcək: “Ancaq yay aylarında kəskin məzənnə dəyişikliyi gözlənilmir. Düşünürəm ki, yay aylarında manatın məzənnəsi 1.50-1.60 çərçivəsini aşmayacaq. Ən yüksək hədd 1.65 ola bilər. Mərkəzi Bankın manatı dəstəkləməyə hələ ki, imkanı var. Payız aylarında isə yeni situasiya yaranacaq və yeni proqnoz vermək mümkün olacaq”.

Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov açıqlamasında bildirib ki, aparılan məqsədyönlü tədbirlə nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur.

Samir Əliyev deyir ki, manatın ucuzlaşmasını şərtləndirən amillər - neftin qiyməti, kapital axını hələlik aktiv deyil: “Yəni yaxın aylarda neftin kəskin ucuzlaşması gözlənilmir. Kapital axını isə ötən illə müqayisədə xeyli səngiyib, amma dayanmayıb. İyulda ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) növbəti iclası keçiriləcək. Uçot dərəcəsini qaldırmaq ehtimalı az olsa da qalır”.

İqtisadçı Natiq Cəfərli deyir ki, Bizim ölkədə məzənnə inzibati yolla müəyyən edilir deyə manatın bazar dəyərinin hansı səviyyədə olmasını söyləmək çətindir: “Məzənnənın adı “üzən” olsa da, Mərkəzi Bankın inzibati qaydada təyin etdiyi səviyyələrdə müəyyənləşir. Son aylar Neft Fondunun həftəlik 100 milyon dollar satması məzənnədə müəyyən sabitlik yaradıb”.

Natiq Cəfərli bildirib ki, manat 1,65 səviyyəsinə qədər ucuzlaşa bilər: “Amma, yaxın aylarda kəskin devalvasiya olmayacaq”.

İlhamə ƏBÜLFƏT


Müəllif: