1 Yanvar 2019 22:29
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu il ticarət və valyuta savaşları ilin ilk yarısında davam edəcək, bu da dünyanın iqtisadi artımına, ticarət dövriyyəsinə mənfi təsir edən amilə çevriləcək. Çox güman ki, 2019-cu ilin ikinci yarısı bu savaşların səngiməsi ilə yadda qalacaq. Yeni müqavilələr, yeni “oyun qaydaları” yaranacaq, dünya ticarətində haqlının güclü yox, güclünün haqlı olduğu dönəm başlayacaq”.

Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, qlobal olaraq həm ABŞ, həm Avropa, həm də Rusiya tək bir yüksələn gücdən – Çindən çəkinirlər:
“Ona görə də öz aralarında nə qədər münaqişə, fikir ayrılığı olsa da, Çinlə bağlı koordinasiyalı şəkildə davranmağa çalışacaqlar.
Digər yandan, ABŞ dünya iqtisadiyyatının lokomotivi rolunu oynamağa davam edəcək. ABŞ iqtisadiyyatı 2,5-3% civarında artacaq, bu da dünya iqtisadiyyatına pozitiv təsir edəcək. Amma ilin ilk yarısında ticarət savaşlarının ABŞ iqtisadiyyatına da mənfi təsirləri olacaq. Amerika cəmiyyəti anlayacaq ki, Trampın gömrük rüsumları və vergilərin artırılması yolu ilə digər ölkələrə təzyiq siyasətinin bədəlini elə vətəndaşlar ödəyirlər. Çin mallarına artan gömrük rüsumları sonda qiymətlərin də yüksəlməsinə, son ödəyici kimi ABŞ vətəndaşlarının cibinə təsir edəcək”.

Natiq Cəfərli qeyd edib ki, il ərzində Avropanı ən böyük məşğul edən problemlər Britaniyanın Avropa İttifaqından çıxması proseduru, qaçqın problemi və iqtisadiyyatın yavaşlaması olacaq: “Radikal sağ və populizmin artması davam edəcək, bir çox ölkələrdə “suverenlik” hərəkatları, Aİ-dən asılılığın azadılması cəhdləri davam edəcək. Avropada “anti-elita” hərəkatları güclənəcək, sürpriz seçki nəticələri olacaq”.
İqtisadçı İran və Türkiyə haqda proqnozlarını da açıqlayıb:
Türkiyədə bələdiyyə seçkiləri maraqlı keçəcək, AKP ya İstanbulu, ya Ankaranı uduzacaq, iqtisadiyyatın yavaşlaması davam edəcək. Ancaq dövlət investisiyaları hesabına iqtisadiyyatın stimullaşdırılması yetərli olmayacaq. AKP hökuməti Bəşər Əsədlə birbaşa olmasa da dolayısı danışıqlara başlayacaq.

İranda isə iqtisadiyyatın daralması, zəifləməsi, inflyasiyanın güclənməsi davam edəcək. Amma ilin ilk yarısında İranın ABŞ-la gizli danışıqları baş tutacaq, çox güman, yeni saziş imzalayacaqlar”.


Müəllif: Mənsur Rəğbətoğlu