23 Yanvar 2019 20:33
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Davos İqtisadi Forumu Azərbaycan üçün vacib tədbirdir. Prezident İlham Əliyevin 2007-ci ildən etibarən mütəmadi olaraq forumda iştirakı da ölkəmizin sözügedən tədbirə xüsusi önəm verdiyindən xəbər verir. Forum Azərbaycan üçün hər zaman öz potensialını, eyni zamanda islahatları təqdim etmək üçün bir tribuna kimi qiymətləndirilir”.

Bunu Teleqraf.com-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramov bildirib.

O qeyd edib ki, 2019-cu ilin forumu Azərbaycan üçün daha əhəmiyyətli hesab oluna bilər. Çünki ölkəmiz yeni ilə dərinləşmiş struktur islahatları ilə başlayıb:

“Azərbaycan Prezidentinin forum çərçivəsində keçirilən həm “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada nitqində və Çinin aparıcı CGTN televiziyasına müsahibəsində Azərbaycanın potensialının təqdimatı həyata keçirildi. Yəni biz burada əslində iki məqamı vurğulamalıyıq. Sessiya “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlandırılsa da, kifayət qədər böyük auditoriya tərəfindən izlənildi. Bu baxımdan təbii ki, birinci istiqamət Azərbaycanın öz potensialını və islahatlarını təqdim etməsidir. Azərbaycanın qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi də çox vacibdir. Bu imkan verir ki, Azərbaycan qeyri-neft sektoruna daha çox investisiyanın cəlb edilməsini həyata keçirə bilsin. 2018-ci ildə ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyuluşu həyata keçirilib.

Bu il üçün də həm ümumən sərmayə qoyuluşunun həcminin artırılmasına nail olmaq, o cümlədən investisiya portfelində qeyri-neft sektoruna yönəldilən xarici sərmayələrin payının artırılması əsas hədəflərdən biri kimi qarşıya qoyulub. Bu baxımdan həm sessiyada, həm də ölkə prezidentinin televiziya kanalına verdiyi müsahibədə prezident şirkətləri Azərbaycana sərmayə qoyuluşuna dəvət etdi. Dünya Bankının 2018-ci ilin sonunda hazırladığı “Doing business” hesabatında ölkəmiz 32 pillə irəliləyərək dünyada ən yaxşı investisiya mühitinə malik 25 ölkədən biri kimi qərarlaşa bildi. Bu da nəticə etibarilə sərmayənin cəlb edilməsi üçün bir baza formalaşdırır. Bu baxımdan birinci istiqamət xarici investisiyaların cəlb edilməsi və bu investisiyaların qeyri-neft sektorunun inkişafına töhfəsinin artırılmasından ibarətdir”.

V.Bayramov qeyd edib ki, digər istiqamət Azərbaycanla-Çin arasında münasibətlər, ölkəmizin regionda həyata keçirilən layihələrdə iştirakı məsələsidir:

“Azərbaycan-Çin münasibətləri sessiyada da qeyd olunduğu kimi, artan temp üzrə inkişaf edir. Azərbaycan Çinlə münasibətlərin inkişafına xüsusi önəm verir. Tərəflər faydalı şəkildə iqtisadi münasibətləri inkişaf etdirir və növbəti illərdə bu münasibətləri daha da dərinləşdirmək niyyətindədirlər. “Bir kəmər, bir yol” layihəsi İpək Yolu üzərində qurulmuş və Çinin təşəbbüsü ilə irəli sürülmüş bir layihədir. Burada söhbət Asiya bazarı ilə Avropa bazarının birləşdirilməsindən gedir. Bakı-Tbilisi-Qars dəmiryol xəttinin istifadəyə verilməsindən sonra Azərbaycanın sözügedən layihədə iştirakı və onun reallaşmasına töhfə vermək imkanları daha da genişlənib. Təbii ki, Azərbaycan məhz Davos İqtisadi Forumu çərçivəsində keçirilən sessiyada bu istiqamətdə öz mövqeyini bir daha təsdiq etdi. Sözügedən layihənin reallaşmasında Azərbaycanın siyasi iradəsi bir daha ifadə olundu. Bu baxımdan bütövlükdə qiymətləndirsək, həm sessiya, həm də müsahibə Azərbaycanın iqtisadi potensialını təqdim etmək, regional layihələrdə iştirak və töhfə vermək imkanlarını genişləndirmək məqsədinə xidmət edir. Eyni zamanda dünyanın aparıcı ölkələri ilə iqtisadi və siyasi münasibətləri daha da inkişaf etdirmək imkanlarını artırır. Bu da nəticə etibarilə tərəflər üçün birmənalı şəkildə faydalı hesab olunur”.


Müəllif: Səxavət Həmid