26 Sentyabr 2014 17:29
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilir, onlar tərəfindən qaldırılan məsələlərin və irəli sürülən təkliflərin operativ həlli üçün müvafiq tədbirlər görülür. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən bölgələrdə vətəndaşların növbəti qəbulu sentyabrın 26-da Qəbələdə keçirilib.

Teleqraf.com-un məlumatına görə, Qəbələ Mədəniyyət Mərkəzində təşkil edilmiş qəbulda Oğuz, Qəbələ, Ağdaş və İsmayıllı rayonlarından olan yerli sakinlərin və bu rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.

Nazir Şahin Mustafayev qəbula gəlmiş vətəndaşların sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal müəssisələrinin yaradılması, artezian quyusunun qazılması, yaşayış məntəqəsinin qazlaşdırılması, sosial və s. məsələlərlə bağlı müraciətlərini diqqətlə dinləmiş, bir sıra məsələlər yerindəcə həllini tapmış, araşdırma tələb olunan məsələlərin operativ həlli üçün Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Qəbulda olan sahibkarlarla müzakirələr aparılıb, onların iri fermer təsərrüfatının yaradılması, süd emalı sexinin təşkili, balın sənaye üsulu ilə emalı və qablaşdırılması, ayaqqabı istehsalı, taxılçılığın inkişaf etdirilməsi və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Ümumilikdə, bu ilin əvvəlindən iqtisadiyyat və sənaye naziri tərəfindən Salyan, Qobustan, Sumqayıt, Siyəzən, Ağdam, Zaqatala, Qusar və Qəbələdə vətəndaş qəbulları keçirilib, 600-ə yaxın vətəndaşın müraciətinə baxılıb. İndiyədək isə iqtisadiyyat və sənaye naziri tərəfindən bölgələrdə 23 vətəndaş qəbulu keçirilib, bu qəbullarda 1350-dək vətəndaş iştirak edib.

Naibə


Müəllif: