4 Dekabr 2020 17:24
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 10-da Qarabağda hərbi əməliyyatlar bitdi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderləri birgə bəyanat imzaladılar. Bağlanan üçtərəfli müqavilənin ən vacib bəndlərindən biri Naxçıvanla Azərbaycanın qərb hissəsinin bağlantısının yenidən təsis edilməsidir. Bəyanatın 9-cu bəndinə əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa ediləcək. Sənəddə qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin olunacaq.

İqtisadçı-ekspert Rəşad Həsənov Naxçıvandan keçəcək nəqliyyat əlaqəsinin gələcəkdə iqtisadi səmərəsini Teleqraf.com-a şərh edib.

O bildirib ki, Naxçıvanın Azərbaycanla birbaşa kommunikasiya əlaqəsinin qurulması iki tərəf üçün də əhəmiyyətli inkişaf meylləri formalaşdıracaq: “Məlumdur ki, Qarabağ ərazisi işğal faktına görə inkişaf etməmişdi, Naxçıvan isə blokadada olduğuna görə ötən 30 ildə çox ciddi çətinliklər yaşayırdı.

Dəhliz hər iki tərəfin inkişafı, iqtisadi əlaqələrin daha çevik şəkildə qurulması, əmək ehtiyatlarının və resursların hərəkəti, biznesin, transport xərclərinin azalması, mal və xidmətlərin qısamüddətli dövrdə ötürülməsi üçün əhəmiyyətli şərait yaradacaq. Xüsusilə Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanın iqtisadi əlaqələrində xərclərin əhəmiyyətli səviyyədə azalmasına gətirib çıxaracaq.

Biznes yüklərinin əhəmiyyətli hissəsi avtonəqliyyat vasitələri ilə daşınırdı. Bu zaman Gəncə, Qazax, Goranboy və digər qərb rayonlarından Naxçıvana getmək üçün avtomobillə 1000 kilometrdən artıq məsafə qət etmək lazım idi. Əslində, Azərbaycanın cənub bölgələri arasında da normal kommunikasiya infrastrukturu yoxdur. Bu bölgələrdən yükdaşımalar zamanı Azərbaycana məxsus 2, ümumilikdə isə 4 (Ələt, Biləsuvar, Astara və İran) sərhəd məntəqələrini keçməsi uzun bir proses idi. Bu, biznes üçün çox böyük yük formalaşdırırdı. Bir sözlə, Naxçıvanda istehsal olunan məhsullar əsas iqtisadiyyata baha başa gəlirdi.

Eyni zamanda Azərbaycandan Naxçıvana daşınan mal və xidmətlərin qiymətləri əhəmiyyətli səviyyədə artırdı. İdxal olunan məhsullar Gürcüstan üzərindən kifayət qədər uzun bir proses keçirdi. Dəhliz istifadəyə verildikdən sonra bu kimi problemlər əhəmiyyətli səviyyədə azalacaq.

Artıq biz İrandan yox, öz ərazimizdən heç bir gömrük xidmətləri keçmədən, əlavə xərclərlə üzləşmədən, itkisiz şəkildə bu prosesləri həyata keçirə biləcəyik. Əgər dəhlizin potensialı düzgün yönləndirilərsə, hər iki tərəfdə biznes mühitinin, orta və kiçik sahibkarlığın inkişafında ciddi imkanlar açacaq”.

Analitik ehtimal edir ki, Naxçıvan “Xudafərin" gömrük postundan da istifadə edəcək: “İranın Naxçıvanla həmsərhəd bölgələri Muxtar Respublika üzərindən keçməklə Azərbaycanın xüsusilə cənub-qərb bölgəsinə - Zəngilan, Qubadlı, Laçın, Füzuli, Cəbrayıl və Suqovuşana gəlməsi üçün çox əlverişli üstünlük əldə edirlər”.

Rəşad Həsənov deyir ki, hava nəqliyyatı xaric indiyə qədər Türkiyənin Azərbaycanla iqtisadi əlaqələri Gürcüstan üzərindən qurulmuşdu: “Burada enerji ötürülməsi, yük daşımaları, avtonəqliyyat, dəmiryol nəqliyyatı və sair əlaqələrin adlarını çəkmək olar. Türkiyənin xüsusilə Şərqi Anadolu hissəsinin Azərbaycanla əlaqələri Naxçıvan üzərindən daha səmərəli başa gələ bilər. Hazırda Qars-Naxçıvan-Ağbənd dəmiryol xəttinin bərpa edilməsi istiqamətində məlumatlar var. Artıq Türkiyə tərəfi aktiv şəkildə bu fəaliyyətə başlayıb. Bu isə qısa zamanda çatdırılma, xərclərin azaldılması və çox ciddi nəqliyyat infrastrukturu imkanlarının yaradılması deməkdir”.

Müsahibimizin sözlərinə görə, Türkiyə şirkətlərinin Qarabağda xüsusilə təmir-bərpa və yenidənqurma proseslərində çox aktiv iştirakı gözlənilir: “Azərbaycan Türkiyənin həm siyasi, həm də digər dəstəklərini nəzərə alaraq türk şirkətlərinə çox böyük üstünlüklər təqdim edəcək. Həmin bölgələrdə proses qısa müddətdə həllini tapmayacaq, söhbət 10-15 ildən gedir. 30 ildə dağıdılmış ərazilərdə çox böyük yenidənqurma işləri aparılmalıdır.

Sadalanan bütün müsbət proseslər dayanıqlı sülh təmin edilərsə, baş tutacaq. Əks təqdirdə müəyyən gərginlik yaranacaq, bu isə həmin dəhlizdən düzgün istifadə imkanlarını məhdudlaşdıra bilər.

Məsələ təkcə infrastrukturla bitmir. Tariflər və digər xərclər də uyğunlaşdırılmalıdır. Müstəqillikdən sonra Azərbaycanın ortaya qoyduğu əsas məsələ ölkənin tranzit əhəmiyyətinin artırılması və tranzit bölgəyə çevrilməsidir. Yeni bir şans Naxçıvan üçün də yaranıb. Çalışmaq lazımdır ki, daha liberal yanaşma ilə Naxçıvan önəmli bir bölgəyə çevrilsin. Bu, bölgədə xidmət sektoruna da çox ciddi təsir göstərəcək. Hesab edirəm ki, bundan sonra əvvəlki idarəetmədən və yanaşmadan bəhs edilməsə, beyinlərimizdən keçmiş kommunist düşüncələri silib atsaq və yeni hökumət yarada bilsək, o zaman bu potensial çox böyük imkanlar açacaq”.

İqtisadçı deyir ki, Naxçıvan mövcud blokadanın yaratdığı çətinliklərdən azad edilməlidir: “Pandemiyadan sonra uçuşlar təxirə salındı. Naxçıvan 30 ildən sonra yenidən blokadaya düşdü. Çünki İran ərazisindən keçid mümkün deyildi, yüklərdən başqa əhalinin hərəkəti tamamilə dayandırıldı. Naxçıvan əhalisi səhiyyə xidmətləri baxımından tamamilə izolyasiya olunmuş vəziyyətə düşdü. Naxçıvanda ciddi səhiyyə yoxdur, bunu hər kəs bilir. Nə infrastruktur müasir tələblərə cavab verir, nə də tibbi xidmətlərin keyfiyyəti. Bu bölgənin insanları Türkiyə, İran və Bakı şəhərindəki səhiyyə müəssisələrinin xidmətlərindən istifadə edirdi. Bu səbəbdən nə qədər insan həyatını itirdi. İkinci Qarabağ Müharibəsi başlayanda – 27 sentyabrdan yenidən bənzər bir proses baş verdi. Bölgə yenidən blokadadadır, insanlar həmin sıxıntıları və çətinlikləri yaşamaqdadır”.

Mütəxəssis qeyd edib ki, həyata keçirilməsi nəzərdə tutulan nəqliyyat dəhlizi bölgənin turizm potensialını da artırır: “Üç, dörd, hətta beş bölgəni birləşdirən turizm turları reallaşdırıla bilər ki, buradan Naxçıvan da pay alar. Düşünülür ki, Ermənistan bundan sonra normal qonşuluq siyasəti həyata keçirə bilsə, hansısa formada buraya inteqrasiya olunacaq. Türkiyə, İran, Azərbaycan, Naxçıvan turizm marşrutları üzrə çox böyük turlar reallaşdırmaq olar.

Adətən turistlər bir ölkəyə yox, bir bölgəyə gəlib gedirlər. Bu baxımdan qeyd edilən turizm marşrutları çox böyük potensialı formalaşdıra bilər. Dəniz nəqliyyatından başqa dəmir yolu qiymət baxımından ən əlverişli nəqliyyat vasitəsi hesab olunur. Bu, gələcəkdə turizm xərclərinin azalmasına gətirib çıxaracaq. Avtonəqliyyat vasitəsi çeviklik və səyahətin zövqlü təşkili baxımından əhəmiyyətlidir. Burada həm fərdi avtomobillərdən, həm də avtobus xidmətlərindən istifadə etməklə çox yaxşı turlar təşkil edilə bilər.

Amma bir məsələdə də var. Tutaq ki, həmin turistlər Naxçıvandan keçir. Onlara o xidmətləri təklif edəcək müəssisələr lazımdır. Bəzi hallarda Naxçıvanda bir rayondan digər rayona keçəndə görürsən ki, yollarda otel, restoran, motel, çayxana, kafe, hətta yolkənarı mağazalar belə yoxdur. Belə olan halda bölgəyə kimin gəlib -etməsinin heç bir əhəmiyyəti yoxdur. İlk növbədə orada şərait yaradılmalıdır ki, biznes bu imkanları dəyərləndirə bilsin. Orada xidmət sektorunun inkişafı, eləcə də bazar iqtisadiyyatının prinsiplərini təşəkkül tapması üçün müəyyən şərait yaradılmalıdır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər