“2020-ci ildə Azərbaycan iqtisadiyyatı məşhur alim Nassim Talebin dediyi kimi “anti-kövrəklilk” göstərdi, şoklara qarşı adekvat reaksiyası ilə bütün çağırışlara cavab verdi və immunitetini daha da gücləndirdi”.
Teleqraf.com xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyib.
O bildirib ki, 2020-ci ildə iqtisadiyyatda geriləmə fonunda bəzi sahələrdə artımın keyfiyyəti yüksəlib: “İqtisadi geriləmənin 4 faizdən artıq olduğu halda qeyri-neft-qaz sənayesinin modern texnologiyaları tətbiq etməklə 11 faizdən artıq yüksəlməsi bu sektorun iqtisadiyyatda xüsusi çəkisini 16 faizdən çox edib. Daha çox yeni dəyər yaradan sənayeləşmə isə iqtisadiyyatın rəqabət qabiliyyətini artırır, Harvard Universitetinin hesabladığı “iqtisadi mürəkkəblik indeksi”ni yüksəldir.
Emal sənayesində kimya, əczaçılıq, metallurgiya, elektron, optik, rezin, plastik kütlə məhsullarının istehsalının əhəmiyyətli artması idxalın əvəzlənməsi, ixracyönümlülük və dəyər zəncirlərinə qoşulmaq baxımından vacibdir. Neft hasilatının azalması fonunda TAP-ın istifadəyə verilməsilə Azərbaycanda qaz hasilatının ilbəil yüksəlməsi və iqtisadi artımı dəstəkləməsi proqnozlaşdırılır.
Aqrar sahədə də artım daha çox ekstensiv deyil, intensiv yollarla baş verib, pambıq, tütün, tərəvəz, şəkər çuğunduru, taxıl kimi sahələrdə məhsuldarlıq göstəriciləri yüksəlib. 2020-ci ildə həm də innovativ sahə olan informasiya və rabitə xidmətləri az da olsa, artım tempini qoruya bilib. 2020-ci ildə pandemiya səbəbindən dərin geriləməyə məruz qalmış turizm, nəqliyyat, logistika, tikinti, ictimai iaşə, ticarət kimi sahələrin bu ildən başlayaraq bərpası sahəyə dövlət dəstəyi, sahibkarlıq təşəbbüsləri, sərmayə cəlbi, yeni bazarlara çıxış və yeni biznes modellərin tətbiqi ilə mümkündür”.
Vüsal Qasımlının sözlərinə görə, Azərbaycan 2020-ci ildə iqtisadi geriləmənin və sosial rifahın düşməsinin daha kəskin olmasının qarşısını almaq üçün yalnız öz resurslarına əsaslanaraq manatın sabitliyini qoruyub: “Ölkəmiz inflyasiyanı aşağı həddə saxladı, dövlət borcunun artmasına və strateji valyuta ehtiyatlarının kəskin azalmasına imkan vermədi, cari əməliyyatlar hesabı aşağı neft qiymətlərinə baxmayaraq tarazlığını qorudu. Hətta maliyyə-bank sektorunda 2020-ci ilin ilk yarısında yaranan neqativ trendlər, ilin ikinci yarısında müsbətə doğru dəyişdi, böhran bu sektora “sıçraya” bilmədi. 2020-ci ildə “fiskal fəza”dan istifadə etməklə dövlət büdcəsində 2,3 milyard manatlıq maliyyə təminatının yaradılması və Mәrkәzi Bank tәrәfindәn ünvanlı likvidlik dәstәyinin göstәrilmәsi bütövlükdə pandemiya ilə mübarizədə öz sözünü dedi.
2019-cu ildə həyata keçirilən inqilabi sosial islahatların 2020-ci ildə 3 milyard manatlıq maliyyə yükü ilə yanaşı, həm də 3,5 milyard manat civarında anti-pandemiya büdcəsi formalaşdırıldı. Beləliklə, iqtisadiyyatın daha az ziyan çəkməsi onun daha tez bərpası imkanını yaradır”.
Vüsal Qasımlı deyib ki, Qarabağın meşə, su, torpaq, faydalı qazıntı və qeyri-maddi resursları ilə Azərbaycan iqtisadiyyatının dövriyyəsinə cəlb olunması, həmçinin yeni reallığa uyğun olaraq regional nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsi böyük artım potensialına malikdir: “Müzəffər Ali Baş Komandan və ordumuzun yaratdığı yeni reallıq ölkə iqtisadiyyatının növbəti 10 ildə iki dəfə artırılmasına inamı gücləndirir. Xüsusən də Qarabağda yaşıl enerji, dağ-mədən, metallurgiya, emal sənayesi, aqrar sahə və turizm kimi sahələr həm dövlət, həm də özəl yerli və xarici sərmayələr hesabına inkişaf etdiriləcək. Dünya Bankının “Doing Business” hesabatında dünyanın ən islahatçı 10 ölkəsindən biri olan Azərbaycanın əldə edilmiş qələbəmizi sistemli və davamlı islahatlarla yeni imkanlara çevirməsi mümkündür”.