Rusiyanın ən böyük onlayn pərakəndə satış platforması olan “Wildberries”in sahibi Tatyana Bakalçuk 2021-ci ildə dünyanın ən çox gəlir əldə edən milyarder qadını olub.
Teleqraf.com “Forbes” jurnalına istinadən xəbər verir ki, Tatyana Bakalçuk 2021-ci ildə sərvətini 1000 faiz artırmağı bacarıb.
2020-ci ili 1,2 milyard dollar sərvətlə bağlayan iş qadınının sərvəti 2021-ci ilin sonunda 13 milyard dollara çatıb və dünyanın 165-ci ən varlı adamı olub. O, Rusiyanın 13-cü ən varlı adamıdır.
2021-ci ildə sərvətinə sərvət qatan digər rusiyalı iş adamı “Telegram”ın yaradıcısı Pavel Durovdur. O, 2020-ci ildə dünyanın 565-ci ən varlı adamı idisə, 2021-ci ilin sonunda 112-ci yerə yüksəlib. Gənc sahibkarın sərvəti bu il 400 faiz artaraq 17,2 milyard dollara çatıb.
“Forbes”in məlumatına görə, 2021-ci ildə rusiyalı milyarderlər sərvətlərini 30 faiz artıraraq, ümumi həcmi 145 milyard dollara çatıb. Rusiya bu kateqoriyada Hindistandan sonra ikinci sırada yer alıb.
ABŞ-ın “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask 266 milyard dollar sərvəti ilə dünyanın ən zəngin adamıdır.
Amazonun qurucusu Ceff Bezos da 202 milyard dollarlıq sərvəti ilə ikinci yerdədir.