10 May 2022 18:34
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda anbarlarda daxili tələbatdan artıq təxminən 45 milyondan artıq yumurta qalıb. Bir tərəfdən Rusiya-Ukrayna müharibəsi, digər tərəfdən sənədləşmə problemi yumurta ixracında məhdudiyyətlər yaradıb.

Əvvəllər yumurta ixracını İraq, Əfqanıstan kimi ölkələrə edilsə də, indi bu dövlətlərə sanksiya tətbiq edildiyindən artıq bu mümkün deyil. Mövcud şəraitdə yumurta istehsalı daxili tələbatdan artıqdır, istehsal olunan həcmlərin tam satılmaması sahibkarlara ciddi ziyan vurur.

Fermerlərin sözlərinə görə, hazırda yumurtanın maya dəyəri 17-18 qəpikdən yuxarıdır. Ümid daxili bazara qaldığı üçün yerli marketlər də yumurtanı istehsalçıdan 8 qəpikdən alıb, 18 qəpiyə satır.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli Teleqraf.com-a bildirib ki, Azərbaycanda quş əti və yumurta istehsalında ciddi problemlər var.

APEPEA rəhbəri qeyd edib ki, süfrə yumurtasının ixracı əsas problemlərdən biridir: “Ümumiyyətlə, süfrə yumurtası ölkədə həddən artıq istehsal olunur. Dəqiq desək, 130 faiz istehsal var. Yumurtaya gündəlik tələbat 3 milyon 600 mindirsə, ölkəmizdə gündəlik istehsal 5 milyon, 5 milyon 500 min civarındadır. Artıq istehsal olduğuna görə, ixrac problemi yaranıb. Hazırda yaxın şərq ölkələrindən ancaq Dubaya və Qətərə yumurta ixrac edə bilirik. Səudiyyə Ərəbistanı ilə dövlətlərarası müqavilə ratifikasiya olunmayıb, çox güman ki, bu, yaxın müddətdə təmin olunacaq. Bundan əlavə, İsrail Azərbaycandan yumurta ixrac etmək istəyir. Nümayəndə heyəti gəlib lazım olan bütün biogüvənliklərə kimi yerində baxış ediblər və bəyəniblər. Hazırda bu istiqamətdə iş gedir.

Azərbaycan heç vaxt Rusiyaya yumurta ixrac etməyib, həmişə oradan idxal etmişik. Amma hazırda bu bazar bizə açılıb ki, Rusiyaya yumurta ixrac edək. Artıq Rusiya marketlər şəbəkəsi ilə APEPEA arasında müqavilələr bağlamağa başlamalıyıq. Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) operativ sənədləşmə işi gedir. İnanıram ki, yaxın müddətdə buna da nail olacağıq.

Ancaq Rusiya tərəfdə əsassız, bürokratik əngəllər var. Halbuki biz onların irəli sürdüyü səbəbləri qarşılıqlı olaraq onlardan istəmirik. Nəinki Rusiyadan, heç Gürcüstandan, Ukraynadan da istəmirik. Çünki Müstəqil Dövlətlər Birliyi (MDB) olduğuna görə gömrük rüsumu yoxdur. Buna görə də onlar bizə sata bilirlər, amma bizim satışımıza gələndə müəyyən səbəblər artırırlar.

Məsələn, Gürcüstan özü üçün idxal vergisi tətbiq edib ki, artıq ora məhsul getməsin. Amma Gürcüstan və digər MDB ölkələrindən bizə sərbəst məhsul gələ bilər. Azərbaycanın ixrac potensialı yaranıb. Bununla bağlı məsələ qaldırmışıq ki, qoy bu ölkələr də istehsal etdiyimiz artıq yumurtaları alsın. Hazırda Rusiya ilə bağlı problem biz tərəfdə yox, Rusiya Texniki Nəzarət Şöbəsi “Texnadzor” tərəfindən yaradılıb. Çalışırıq ki, bu xırda problemləri yaxın müddətdə çözək”.

Mürvət Həsənli quş əti qiymətinin maksimum bahalaşmasının qarşısını almağa çalışdıqlarını da vurğulayıb: “Bununla bağlı hökumətdən yemin əlavə dəyər vergisindən (ƏDV) azad olmasını xahiş etmişik. Çox güman ki, yaxın vaxtlarda bunu edəcəklər. Bu, quş ətinin qiymətinin artmasının qarşısını alar. Rusiya-Ukrayna arasındakı müharibədən dolayı yem idxalında problemimiz var. Yaxın vaxtlarda Rusiya buğdaya 50 dollar əlavə ixrac rüsumu artırdı. Ukrayna isə buğda ixracını tamamilə dayandırıb. Son aylarda 1 ton günəbaxan yağının idxal rüsumu 3 min manatdan 5 manata qalxıb. Bu da quş əti qiymətinin artmasına təsir edir. Bunun qarşısını almaq üçün hökumətdən ƏDV-ni götürməyi xahiş etmişik”.

Müsahibimizin sözlərinə görə, ölkədə fəaliyyət göstərən marketlər şəbəkəsi quşçuluqla məşğul olan fermerlərə bürokratik əngəllər yaradır: “Məlumdur ki, toyuq əti satışının böyük hissəsi bu marketlərin payına düşür. Marketlər əsasən quş əti və yumurta istehsalçılarının pulunu gecikdirib 3-4 ay sonra verirdilər. Bu da təkrar istehsalda problemlər yaradırdı.

Biz “Veysəloğlu” Şirkətlər Qrupu ilə görüşüb problemləri həll etdik. Hazırda onlarla müştərək işləyirik. “Bravo” əvvəldən də müqavilə üzrə bütün şərtlərə əməl edib və pullarını ödəyib. Ancaq “Rahat” supermarketlər şəbəkəsi, “Bizim Market” və digər marketlərlə də görüş istəmişik ki, qalan problemləri də həll edək. Hələlik bir xəbər yoxdur. Yəqin ki, onlarla da görüşərik, bazarda ətin qiymətinin artmasına təsir edən bürokratik əngəlləri ortadan qaldıra bilək.

Azərbaycanda süfrə yumurtasının qiyməti qonşu dövlətlərlə müqayisədə iki dəfədən aşağıdır. Məsələn, Gürcüstanda bir qutu (360 ədəd) süfrə yumurtası 68 manatdır. Azərbaycanda isə bir qutu (360 ədəd) yumurta 30-32 manatdır. Türkiyədən də qat-qat ucuzdur. Hazırda ölkəmizdə bir qutu (360 ədəd) yumurtanın maya dəyəri 48-50 manat civarındadır, amma məhsul maya dəyərindən 20 manat ucuz satılır. Çox istehsal olunduğu üçün bazar çox təklif olunur, qiymətlər də aşağı düşür. İxracı düzəldə bilsək, qiymət stabilləşər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər