Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyadan neft idxalına qadağa qoyulmasını nəzərdə tutan yeni sanksiyalar paketi ilə bağlı konsensusa gələ bilməyib.
Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri toplantısında deyib.
O, Rusiya-Ukrayna müharibəsində ticarətin liberallaşdırılması və nəqliyyatın asanlaşdırılması kimi müxtəlif tədbirlərlə Ukrayna iqtisadiyyatına dəstək verməyi planlaşdırdıqlarını bildirib:
“Ukraynaya taxıl, buğda istehsalı və ixracına kömək etməliyik. Ukraynanın taxıl anbarları doludur və bu anbarların yeni məhsulu qəbul etməsi üçün məhsullar dərhal göndərilməlidir. Aİ Ukraynaya yeni yollar və qatarlar vasitəsilə kənd təsərrüfatı məhsullarının ixracına kömək etməyə çalışır. Odessa limanındakı blokadanın aradan qaldırılması ehtimalı da daxil olmaqla, müxtəlif ideyalar var, lakin bu hələ reallaşmayıb. Ukraynanın buğdasını ixrac edə bilməməsi Afrikadakı insanların gündəlik həyatına mənfi təsir edib. Tətbiq edilən sanksiyalar bu vəziyyətdən məsul deyil, sanksiyalar kənd təsərrüfatı məhsullarının üçüncü ölkələrə ixracını qadağan etmir”.
Borrell G-20 və Afrika Birliyi toplantılarında qida təhlükəsizliyi və enerji qiymətlərinin gündəmdə olacağına diqqət çəkərək, bunlardan Rusiyanın məsuliyyət daşıdığını vurğulayıb:
“İşğalın qiyməti dözülməz hala gələnə qədər biz Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə davam edəcəyik. Altıncı sanksiya paketini müzakirə etməyə davam etdiririk. Təəssüf ki, bu gün 6-cı sanksiyalar paketinin yekunlaşdırılması ilə bağlı razılığa gəlmək mümkün olmadı. Bu məsələnin səfirlər səviyyəsində müzakirəsi davam etdiriləcək. Biz neft qadağası ilə bağlı yekdillik çağırışı ilə üz-üzəyik”.