“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, xəbər verir ki, QSC-nin xalis zərəri 3% azalaraq 76,4 milyon manat olub.
Belə ki, 2019-cu ildə şirkət 78,7 milyon manat xalis zərər açıqlamışdı. Ümumilikdə, AZAL-ın yığılmış zərəri 1,7 milyard manata çatıb.
2020-ci ildə aviaşirkətin daşımalar üzrə və digər gəlirləri 335,2 milyon manat, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar hökumətdən aldığı subsidiyalar 232,8 milyon manat, əməliyyat xərcləri 540,2 milyon, maliyyə xərcləri 83,9 milyon manat, xarici valyuta mübadiləsindən zərəri 9,4 milyon manat, mənfəət vergisi ödəmələri isə 10,2 milyon manata bərabər olub.
QSC-nin aktivləri 5% azalaraq 1,978 milyard manata, öhdəlikləri 1,5% azalaraq 2,757 milyard manata enib. Balans kapitalının çatışmazlığı 9% artaraq 779,760 milyon manata yüksəlib.
Qeyd edək ki, bu gün “Deliotte” audit şirkəti də AZAL-ın 2021-ci ilin əvvəlinə olan borcunu açıqlayıb.
Şirkətin 2020-ci il üzrə maliyyə hesabatında bildirilir ki, borcun həcmi 2.18 mlrd. manatdan yuxarıdır.
Rəydə qeyd edilir ki, 1 yanvar 2021-ci ildə AZAL-ın 2 mlrd. 183.79 mln. manat ekvivalentində borc öhdəliyi mövcuddur. Bu borcların 1 184.11 mln. manatı ekvivalenti ABŞ dollarında, 672.52 mln. manatı milli valyutada və 39.39 mln. manat ekvivalenti isə avrodadır.
ABŞ dollarında olan borcların 67.2 milyon manat ekvivalenti sabit faizli müddətli borclar, 6.31 milyon manat ekvivalenti üzən faizli yerli banklardan alınmış müddətli borclar təşkil etdiyi halda, 1 milyard 077.9 milyon manat ekvivalenti üzən faizli və 32.69 milyon manat ekvivalneti orta faizli isə Azərbaycanın Maliyyə Nazirliyinə olan borclarıdır.
Milli valyutada borcların hər biri sabit faizli 624.17 mln. manatı Maliyyə Nazirliyinə və 44.27 mln. manatı yerli banklaradır.
Avro ilə olan borcların da hər biri sabit faizli olmaqla, 35.98 mln. manat ekvivalneti xarici banklar və 3.41 mln. manat ekvivalneti Maliyyə Nazirliyinədir.
Audit rəyində qeyd edilir ki, AZAL-ın borclarının 905.86 mln. manatı bir ildən aşağı olan və 1 mlrd. 277.93 mln. manat ekvivalneti 5 ilədək müddətli olan kreditlərdir.