23 May 2022 17:00
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Muğanbank” ASC-nin İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə cərimələnməsi barədə məlumat vermişdik.

Qərar Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Teleqraf.com-a banka tətbiq edilən inzibati tənbeh qərarını şərh edib.

O qeyd edib ki, qərar bankın mülkiyyətində olan avtomobillərə şamil olunur: “Tutaq ki, bankın mülkiyyətindəki avtomobil inzibati xəta törədib və ya yol hərəkəti qaydasını pozub. Bununla bağlı müvafiq dövlət orqanı banka sorğu göndərir. Bank bu sorğuya 5 gün ərzində cavab verməlidir. Cavab verməyəndə bankın cərimələnməsi ilə bağlı qərar qəbul olunur. Maksimal cərimə 300 manatdır.

Qərardan belə başa düşmək olur ki, bankın hansısa avtomobili qaydanı pozub, maliyyə qurumu göndərilən sorğuya vaxtında və yaxud ümumiyyətlə cavab verməyib. Ona görə də banka fəaliyyətinə aid olmayan bir pozuntuyla bağlı belə bir qərar verilib”.

Zaman-zaman mətbuatda sabiq MTN rəhbəri Eldar Mahmudovun şərik olduğu “Muğanbank”ın müflisləşdiyi barədə xəbərlər dərc olunub. Hesabatlarını, əmanətlərinin həcmini müqayisə edəndə o dövrlə bankın hazırkı durumu necə qiymətləndirilir?

Əkrəm Həsənov bankın Eldar Mahmudovla şərik olması ilə bağlı məlumatı şərh etməkdə çətinlik çəkib: “Ola bilər, hansısa qurumlardan, banklardan haqq alıb, bəlkə də şərikdir, bunu bilmirəm. “Muğanbank” heç vaxt yüksək səviyyəli bank sayılmayıb. Orta, bəlkə də ortadan da aşağı səviyyəli bankdır.

Devalvasiyadan sonra bankın vəziyyətinin pis olduğu bildirilirdi. Göstəriciləri də ürəkaçan deyildi. İndi vəziyyəti nisbətən sabitləşib. Amma bizim bankların maliyyə hesabatlarına tam etibar etmək olmur. Ona görə əsl vəziyyətin necə olduğunu demək çətindir. Hər bir halda bir neçə il əvvəlki dövrlə müqayisədə bankın vəziyyətinin sabitləşdiyini demək olar”.

Qeyd edək ki, "Muğanbank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 95 milyon manatdır. Bankın səhmlərinin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyevaya, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər