8 İyun 2022 19:26
1 809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda bütün dünya mürəkkəb situasiya ilə üz-üzədir. BMT bildirir ki, dünya anbarlarında 10 həftədən az buğda ehtiyatı qalıb.

Ən böyük buğda ixracatçıları - Rusiya və Ukrayna arasında müharibə, daxili bazarı tarazlaşdırmaq üçün ən çox taxıl istehsal edən ölkələrin tətbiq etdiyi ixrac qadağası, eyni zamanda enerji və gübrə qiymətlərinin artması və iqlim böhranı səbəbiylə yaşanan problemlər son günlər qlobal ərzaq böhranının ən ciddi sütunudur. Fakt odur ki, ərzaq təhlükəsizliyi problemindən dünya əhalisi əziyyət çəkir.

Belə bir situasiyada Azərbaycanın buğda ehtiyatları ilə bağlı vəziyyət necədir?

Teleqraf.com-un Kənd Təsərrüfatı Nazirliyindən əldə etdiyi məlumata görə, Azərbaycanın əkinə yararlı nə qədər torpaq sahəsi varsa, taxıl əkilir. İllərdir bir milyon hektar ərazidə buğda əkini aparılıb, bu il də həmçinin. Payızda əkilən buğdanın kütləvi biçininə iyunun 15-dən sonra başlanılması gözlənilir. Orta məhsuldarlıq, yığılan taxılın həcmi, biçilən ərazi, taxıl itkiləri barədə gündəlik məlumatlar veriləcək.

Qeyd edək ki, ölkəmizdə taxıl ehtiyatları Dövlət Taxıl Fondunda saxlanılır. Bu ilin fevral ayından Fond Fövqəladə Hallar Nazirliyinin tabeliyindən çıxarılaraq Dövlət Ehtiyatları Agentliyinə verilib. Adıçəkilən Agentliklə əlaqə yaratmaq müşkülə çevrilib.

İqtisadçı Rövşən Ağayev Teleqraf.com-a açıqlamasında Dövlət Taxıl Fondunun nə qədər ehtiyatın olması ilə bağlı suala çətin cavab verəcəyini bildirib:

“Çünki taxıl ehtiyatları açıqlanmayan, yəni dövlət sirri kimi saxlanan məlumatlara daxildir. Böyük ehtimalla bu məlumatı əldə etmək mümkün olmasın. Nazirlər Kabinetinin qərarı var ki, ümumilikdə 750 min ton taxıl ehtiyatı yaradılmalıdır. Amma bunun faktiki həcminə dair heç vaxt məlumata açıqlanmır və yəqin ki, açıqlanmayacaq da...

Reallıq budur ki, bizim üçün taxıldan çox buğdanın həcmi vacibdir. Bildiyim qədərilə ölkəmizdə 550-600 min hektar ərazidə buğda əkini aparılır. Hökumət deyir ki, ümumilikdə 1.5 milyon tona yaxın buğda əldə edir. Amma reallıq ondan ibarətdir ki, hər il 1.2-1.3 milyon ton buğda idxal edirik. Yəni indiyə qədər belə olub, 2022-ci ildə necə olacaq, bunu 1-2 aydan sonra biləcəyik. Azərbaycanda buğda biçini avqust ayına qədər davam edir. İndidən nəsə demək çətindir, hər halda hökumət qurumları nə qədər gözləntilərinin olduğunu açıqlaya bilərlər. Amma ötən ilki kimi olsa, biz yenə də 1.2-1.3 milyon ton buğda idxal etmək məcburiyyətindəyik”.

Analitik deyir ki, Rusiya-Ukrayna müharibəsi dünya bazarında ciddi problemlər yaradır:

“Azərbaycan buğda idxalını əsasən Rusiyadan edir. Rusiyanın Azərbaycana buğda satışına embarqo qoyması real deyil. Çünki normalda onlar istehsal etdiyi buğdanı satmaq arzusundadırlar. Bu baxımdan problem idxalın həcmindən çox qiymətlə bağlıdır. Məlumdur ki, müharibə başlayandan bəri buğdanın qiyməti 40 faizə qədər artıb. Ümumilikdə buğda ehtiyacımızın ən azı 50 faizini idxal edirik. Bu reallıq bu gün də dəyişməyəcək. 2022-ci ildə daxili istehsalda ciddi bir artım olmayacaq ki, həcmdə də xüsusi artım olsun və biz idxalı kəskin şəkildə azaldaq.

Hesab edirəm ki, ölkəmizin buğda idxalı üzrə həcmi yerində qalacaq. İdxalın həcmində problemin olacağını gözləmirəm, istənilən situasiyada Azərbaycan buğda ala biləcək. Amma qiymət yenə də yüksək olacaq”.

Rövşən Ağayevin sözlərinə görə, 2022-ci ilin əvvəlindən Azərbaycan artıq Qazaxıstandan da buğda idxalına başlayıb: “Azərbaycan alış həcminə görə, Rusiyanın və Qazaxıstanın imkanlarını da nəzərə ala bilər. Tutaq ki, Türkiyə daha böyük həcmdə - ən azı 5 milyon tona qədər buğda ala bilər. Ölkəmizin idxal həcmi böyük olmadığı üçün və ənənəvi bazarları nəzərə alanda idxalda o qədər də böyük problemin olacağını gözləmirəm. Təbii ki, biz keçən ilki qiymətə buğda ala bilmirik. Ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz qiymətlərdə artım var. Ölkəmizi üçün əsas problem qiymətlərin yüksək olmasıdır, nəinki həcmin tapıb gətirilməsi”.

Çörəyin qiyməti yenidən artır?

Müsahibimiz hesab edir ki, son artımdan sonra çörəyin qiymətinin yenidən qalxması real görünmür: “Hökumət müxtəlif alətlərlə - vergi siyasəti, əlavə dəyər vergisindən (ƏDV) azad etməklə, bir ara dəyirmanlara subsidiyaların verilməsi ilə qiymət artımının qarşısını alırdı. Hər halda qiymətlər bundan artıq daha kəskin artmaz. Amma daha yüksək qiymət artımı olarsa, çörəyin yenidən bahalaşması qaçılmaz ola bilər. Artım bundan sonra dünya bazarında qiymətin dinamikasından asılı olacaq”.

İllik buğda ehtiyacı

Rövşən Ağayev rəsmi məlumatlara istinadən qeyd edib ki, Azərbaycanın ümumilikdə illik 3 min ton buğdaya ehtiyacı var: “Amma burada tək ərzaqlıq buğda nəzərdə tutulmur. Məlumdur ki, buğda ehtiyacının bir hissəsi də heyvandarlıq məqsədləri üçün istifadə olunur. Hökumət sırf qida kimi 1.8-2 milyon ton buğda ehtiyacının olduğun elan edir. Əlavə olaraq da, 1 milyon tona yaxın heyvandarlıq üçün istifadə olunur. Quş, mal-qara yeminin istehsalında buğdadan istifadə olunur.

Hökumətin son müşavirəsində də səsləndi, yerli istehsal olunan buğdanın ən yaxşı halda üçdə biri qida məqsədi ilə istifadə olunur. Bu, bizim problemimizdir. Yəni Azərbaycanda istehsal olunan buğdanın 70 faizi daha çox heyvandarlığa yararlıdır. Ona görə kənardan aldığımız un məqsədli buğdadan asılılığımız 70 faizə çatır. Bu, çox böyük rəqəmdir”.

Alternativ bazarlar...

Mütəxəssisə görə, Azərbaycan üçün alternativ bazar Qazaxıstan ola bilər: “Taxılı uzaq bazarlardan gətirmək daşıma baxımından sərfəli deyil, logisika xərcləri ciddi şəkildə artır. Əgər Rusiyadan ölkəmizə idxal olunan taxılın həcmində azalma olarsa, 2022-ci ildən artıq bunu müşahidə edirik, bu halda Qazaxıstan alternativ bazar olacaq, artıq bizim üçün bazardır. Əvvəllər taxıl ehtiyacının böyük hissəsini Qazaxıstandan gətirirdik. Son 10 ildə daha çox Rusiya bazarına fokuslanmağa başlamışıq. Bu ilə qədər idxalının az qala 100 faizi Rusiyadan gəlirdi. İndi bazarlar dəyişib, Rusiya ilə bərabər Qazaxıstanı da idxal həcmində artım var.

Əgər Qazaxıstanda da müəyyən problem olarsa, ölkəmizin seçim imkanı məhdudlaşar. Bu zaman daha çox Avropa və Şimali Amerikadan taxıl idxal edə bilərik. Amma bu da çox baha başa gələcək, ən azı 15-20 faiz logistika xərcləri artacaq”.


Müəllif: Yeganə Oqtayqızı