29 İyun 2022 18:38
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Sosial müavinətlər haqqında” qanunda dəyişikliyi nəzərdə tutan qanunu imzaladı.

Sənədə əsasən, ölkədə şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq.

Ailə başçısının kifayət qədər sosial sığorta stajının olması səbəbindən ailə üzvünün ailə başçısını itirməyə görə pensiya hüququ yarandığı halda həmin müavinətin ödənişi dayandırılır. Lakin sözügedən əmək pensiyasının ailə üzvünə düşən hissəsi ona təyin edilmiş, yaxud təyin ediləcək sosial müavinətin məbləğindən aşağı olduğu təqdirdə, onun maddi təminatının aşağı düşməsi ilə nəticələnir. Həmçinin əmək pensiyası təyinatının məqsədinin şəxsin, yaxud ailənin itirilmiş gəlirlərinin kompensasiyası olduğunu nəzərə alaraq, bu halda nəinki ailənin itirilmiş gəlirləri kompensasiya olunmur, əksinə azalır.

Yeni dəyişikliklə şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq.

İqtisadçı Rəşad Həsənov qanuna dəyişikliyi Teleqraf.com-a şərh edib.

O bildirib ki, dəyişiklik pensiyası az olan şəxslərə müavinət təyin olunmasını nəzərdə tutmur:

“Burada söhbət hər hansı pensiya hüququnun yaranması halında vəziyyətin müqayisə olunmasından gedir. Məsələn, bu gün insanlarımız deyir ki, 250 manat pensiya alıram və bu azdır, mənə müavinət təyin olunacaq. Bu, belə deyil. Məlumdur ki, müavinət müxtəlif hallarda təyin olunur və bunun şərtləri vardı. Eyni zamanda pensiya hüququnun yaranması və pensiyanın təyin edilməsi şərtləri vardı. Pensiya hüququ yaranan anda vətəndaşa onun üçün müəyyən edilmiş müavinətlərdən daha az pensiya alma situasiyası yaranır.

Tutaq ki, vətəndaşın sığorta hesabında vəsait azdır, bu zaman şəxs üçün hesablanmış pensiyanın məbləği 270 manat müəyyən edilir. Əslində vətəndaş eyni situasiyada əlilliyə görə 300 manat müavinət almalıdır. Belə olduğu təqdirdə vətəndaş 300 manat əvəzinə 270 manatı almayacaq. Yeni situasiyada vətəndaşın pensiya ilə yanaşı artıq müavinət almaq hüququ da yaranır. Yəni çatışmayan hissəni, o fərqi kompensasiya etmək kompensasiya hüququnu da əldə etmiş olur”.

Rəşad Həsənov qanuna olunmuş dəyişikliyin çox da böyük qrupları əhatə edəcəyini düşünmür: “Əslində bu, qanunvericiliyin özündə mövcud olan müəyyən çatışmazlığın aradan qaldırılması ilə bağlı bir məsələ idi. Tutaq ki, ailə başçısını itirməyə görə vətəndaşın müavinət və pensiya alma hüquqları yaranır. Belə bir şəraitdə sığorta hesabında olan məbləğə uyğun olaraq hesablanmış pensiya müavinətdən az olursa, bu zaman vətəndaş müavinəti almaqla, gəlirlərin azalması istiqamətində yaranmış risklər sığortalanır. Əvvəl bu yox idi, yeni qanun bu mexanizmin tətbiq edilməsi üçün imkanlar yaratdı. Eyni zamanda müavinətlə pensiyanın paralel şəkildə verilməsi üçün də şərait yaranıb”.

Analitik "Əmək pensiyaları haqqında" qanuna dəyişiklikdə vətəndaşların pensiya növünü seçmək hüququna da toxunub:

“Bu qanuna dəyişiklikdə vətəndaşa bir neçə şərtlərlə pensiya hüququ yarana bilir. Tutaq ki, 60 yaşında vətəndaşın əmək qabiliyyətini itirməyə və ya fiziki məhdudiyyətinə görə əlilliyə görə pensiya hüququ yaranır. 65 yaşına çatanda vətəndaşın yaşa görə pensiya hüququ yaranır. Əvvəlki yanaşmaya görə, vətəndaşa hansı pensiya növünün təyin olunması birbaşa olaraq adminstrativ qaydada müəyyən edilirdi. Yəni əgər vətəndaşın yaşa görə pensiya hüququ çatıbsa, yaşa görə də pensiya hüququ müəyyənləşdirilirdi. Amma "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişiklikdə vətəndaşa seçim verilir. Belə ki, həm əlilliyə görə pensiya məbləği, həmçinin yaşa görə pensiya məbləği təklif edilir. Əlbəttə, vətəndaş rasionaldır, o, hansı məbləğ yüksəkdirsə, onu seçəcək. Əvvəl belə deyildi”.


Müəllif: Yeganə Oqtayqızı