11 İyul 2022 12:04
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya neft bazarında Aİ-95 markalı neftin qiyməti artıb. Neftin qiymətinin artması isə digər yanacaq növlərinin də qiymətinin yüksəlməsini şərtləndirir. Bəs bu qiymət artımı Azərbaycana da təsir edəcəkmi?

Millət vəkili, iqtisadçı ekspert Azər Badamov Teleqraf.com-a açıqlamasında bildirib ki, Azərbaycan neft istehsalçısı olduğuna görə ölkə daxilində qiymətləri tənzimləyə bilir.

“Dünya bazarında neftin qiymətində artım müşahidə olunur. Təbii ki, bu, neft məhsullarının qiymətlərinə də öz təsirini göstərir.

Aİ-95 markalı benzin ölkəmizdə istehsal olunmur. Bu, idxal olunan benzin markası olduğuna görə, ola bilər ki, Aİ-95 markalı benzinin qiymətinin artması ölkə daxilində də qiymət artımına səbəb olsun. 2021-ci ilin sentyabr ayından etibarən Azərbaycanda Aİ-95 markalı benzin 1,60 AZN/litr-dən satılır. Hazırkı qiymət səviyyəsi 2020-ci ilin yanvar ayı ilə müqayisədə 6,7 faiz vəya 0,10 AZN çoxdur. Dünya bazarında isə Aİ-95 markalı benzinin orta satış qiyməti 1,47$/litr təşkil edir. Benzinin idxal qiymətləri isə xarici bazarlardakı qiymət dinamikasından, habelə nəqliyyat xərclərindən asılı olaraq mütəmadi olaraq dəyişir. Lakin buna baxmayaraq, hazırda Aİ-95 və Aİ-98 markalı benzinin idxal qiymətləri pərakəndə satış qiymətlərindən daha yüksəkdir”.

Ekspert bildirib ki, digər benzin məhsullarında isə qiymət artımı gözlənilmir: “Amma Aİ-92 və dizel yanacağı ölkəmizdə istehsal olunur. Neftin qiymətinin dünya bazarında artmasına baxmayaraq, Azərbaycan bazarında bu iki yanacaq növü dövlət nəzarətindədir və qiymətlərin artmasına imkan vermir. İnanmıram ki, ölkəmizdə Aİ-92 və dizel yanacaq qiymətləri qalxsın. Azərbaycanda dizelin pərakəndə satış qiyməti dünya ortalamasından 3,04 dəfə aşağıdır. Hazırda dünyada dizelin orta satış qiyməti 1,43$/litr təşkil edir. Azərbaycan dizeli dünyada ən ucuz satan 13-cü, MDB ölkələri arasında isə 2-ci ölkədir. Ölkəmizdə dizelin pərakəndə satış qiyməti Qazaxıstandan 7,43 faiz, Rusiyadan 102 faiz, Gürcüstandan 236 faiz, Türkiyədən isə 238 faiz daha ucuzdur”.


Müəllif: Aysel Azad