2 Sentyabr 2022 09:05
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İtaliya Azərbaycanın strateji müttəfiqlərindədir və bu Avropa ölkəsini təmsil edən şirkətlər işğaldan azad olunan ərazilərimizin yenidən qurulmasında fəal iştirak edirlər. Azərbaycan İtaliya da daxil olmaqla Avropanın enerji təhlükəsizliyinin formalaşmasına, neftə, eləcə də mavi qaza olan tələbatının ödənilməsinə birbaşa dəstək və töhfə verir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Azərbaycan öz neftini İtaliya vasitəsilə Avropa bazarına çıxarır: “Başqa sözlə, İtaliya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq artıq uzun müddətdir ki, formalaşıb və bu sahədəki əməkdaşlıq inkişaf etməkdədir.

2020-ci ilin sonuncu ayından etibarən isə Azərbaycan İtaliyaya mavi qaz nəql edir. Son 1 ildə Azərbaycan Avropaya 15 milyard kub metrə yaxın mavi qaz ixrac edib. TAP layihəsi vasitəsilə Avropaya birinci mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz nəql ediləcək.

Nəql olunan mavi qazın əhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac ediləcək. Təbii ki, bu da İtaliya və Azərbaycan arasında iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir”.

Vüqar Bayramovun müşahidələrinə əsasən, iki ölkə arasındakı ticarət dövriyyəsində kəskin artımlar var: “Azərbaycanla İtaliya arasındakı ümumi ticarət dövriyyəsi 2020-ci ildə 4 milyard 568 milyon dollar olmuşdu. Ötən il isə ölkələr arasında ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 9 milyard 663 milyon dollara çatıb. 2021-ci ildə Azərbaycanın İtaliyaya ixracatı 9 milyard 243 milyon, idxalı isə 419.7 milyon dollar olub. Bu ilin ilk 6 ayında 9 milyard 116 milyon dollarlıq ticarət qeydə alınıb. İtaliyaya 8 milyard 972 milyon dollar məhsul ixrac edən ölkəmiz sözügedən Avropa ölkəsindən 144.3 milyon dollarlıq idxal həyata keçirib.

Bu ilin ilk 8 ayında isə 11 milyard dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. Bu o deməkdir ki, artıq bu ilin geridə qalan 8 ayında ticarət dövriyyəmiz ötən ilki ümumi rəqəmdən daha çox olub”.

Analitikin sözlərinə görə, Azərbaycan qeyri-neft məhsullarını İtaliya bazarına çıxarmaq niyyətindədir: “İtaliya Azərbaycan üçün qeyri-neft ixracatı baxımından yeni bazarlardan biri hesab olunur. Təbii ki, Azərbaycanın qeyri-neft məhsullarının yeni bazarlara ixrac edilməsi və ölkəyə daxil olan valyuta həcminin artırılması baxımından vacibdir. Bu mənada, İtaliya növbəti dövrlərdə də Azərbaycan üçün əsas ticarət tərəfdaşı olaraq qalacaq.

İki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri imkan verəcək ki, Azərbaycanın iş adamları, qeyri-neft sektorunda çalışan sahibkarlar bu strateji münasibətlərin inkişaf etməsindən faydalana bilsinlər”.


Müəllif: Yeganə Oqtayqızı