Azərbaycanda artıq hesablanmış pensiyalarla bağlı 180 milyon manat əlavə ödəniş edilib.
Bunu deputat Vüqar Bayramov Milli Məclisin plenar iclasında deyib. O bildirib ki, bu ödənişlərin əksəriyyəti 2020-ci ildən əvvəl həyata keçirilib: “Geri qaytarılmalar üzrə limitlər müəyyən edilib ki, pensiyaçıların sosial təminatına hər hansısa neqativ təsir göstərməsin”.
Maraqlıdır, artıq pensiya məbləği necə yaranır?
İqtisadçı Rəşad Həsənov Teleqraf.com-a deyib ki, əlavə pensiya ödənişləri müxtəlif səbəblərdən baş verir: “Pensiya qanunvericiliyi tez-tez dəyişir. Bunun qarşılığında bu sahədə fəaliyyət göstərən məmurların bilik və bacarıqları yenilənmir. Başqa sözlə, artıq pensiya ödənişləri subyektiv nöqsanlardan qaynaqlanır. Qanunvericilik həddindən artıq mürəkkəb olduğu üçün hesablamaların aparılması zamanı kifayət qədər ciddi fərqlər ortaya çıxır.
Bir akademik bu məsələ ilə bağlı mənə müraciət etmişdi. Üç ayrı quruma pensiya məbləği ilə bağlı ərizə yazıb. Nazirlik də daxil olmaqla digər qurumlardan fərqli rəqəmlər göstərilərək vətəndaşa pensiya məbləği haqqında məlumat verilib.
Əvvəlki dövrlərdə prosesin avtomatlaşdırılmaması, sosial sığorta yığımlarının elektronlaşdırılmaması, onların vahid bazasının formalaşması təyinetmə zamanı məmurlara müəyyən qədər manevr imkanı yaradırdı. Onlar bəzi hallarda qeyri-rəsmi ödənişlər müqabilində artıq pensiya məbləğləri barədə qərarlar qəbul ediblər. Bəzi hallarda isə bilməyərəkdən bənzər situasiyalar yaranıb”.
Rəşad Həsənovun qənaətincə, artıq hesablanmış pensiya məbləğinin qaytarılması təcrübəsindən imtina edilməlidir: “İstənilən halda vətəndaşın təşəbbüsü ilə qeyri-rəsmi sövdələşmə, yaxud rüşvət və sair əsasında olmayan hallar üçün artıq hesablanmış pensiya məbləğinin qaytarılması təcrübəsindən imtina edilməlidir. Çünki bu, vətəndaşın günahı deyil.
Doğrudur, indi təşviq edilən yeni mexanizmlərlə müəyyən amnistiyanın edilməsi və geri qaytarılmanın məbləği ilə bağlı limitlər müəyyən edilib. Bu, pozitivdir. Ümumiyyətlə, vətəndaşın bu istiqamətdəki məsuliyyətdən tam azad edilməsi daha məqsəduyğundur”.