"Azərbaycan müstəqil xarici iqtisadi siyasət həyata keçirir. Bu baxımdan ölkəmizin Avrasiya İqtisadi Birliyinə üzvlüyü müzakirə mövzusu deyil".
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, son illər ölkəmiz Avrasiya İqtisadi Birliyi üzv ölkələri ilə (Ermənistan istisna olmaqla) sıx iqtisadi-ticarət əlaqələr saxlayır: "Xüsusən də bu ikitərəfli əsasda Azərbaycanın 5 milyard dollardan çox ticarət dövriyyəsi var.
Yalnız Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dollardan çoxdur. Rusiya ölkəmizin qeyri-neft ixracatında ən böyük tərəfdaşıdır və bu məhsulların üçdə biri məhz Rusiya bazarına yönəlib. Ona görə Azərbaycan həmin ölkələrlə müstəqil siyasət həyata keçirir. Məqsəd də digər qitə və region ölkələrlə olduğu kimi, Birliyə üzv dövlətlərlə də tam müstəqil, Azərbaycanın milli maraqları çərçivəsində əməkdaşlığın gücləndirilməsinə nail olmaqdan ibarətdir".
Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanın adıçəkilən təsisata üzvlüyü son görüşdə də müzakirə mövzusu olmayıb: "Ölkəmiz bu qurum daxil olmaqla, digər birliklərlə də müstəqil şəkildə iqtisadi əməkdaşlığını davam etdirəcək. Bu cür əməkdaşlıqlar birmənalı şəkildə Azərbaycanın milli maraqları və müstəqil iqtisadi siyasəti çərçivəsində həyata keçirilir".