Milli Məclis Azərbaycan Mərkəzi Bankına (AMB) iqtisadi müstəqilliyin verilməsini nəzərdə tutan qanun layihəsini III oxunuşda təsdiq edib.
Dəyişikliyə görə, Mərkəzi Bankın gəlirləri yalnız ona məxsusdur və dövlətin öhdəliyinə AMB cavabdeh olmayacaq.
Maraqlıdır, AMB-nin müstəqilləşməsi nə vəd edir?
İqtisadçı Xalid Kərimli Teleqraf.com-a bildirib ki, mərkəzi bankların ən böyük xüsusiyyətlərindən biri onun müstəqilliyidir.
O qeyd edib ki, dünyanın heç bir ölkəsində mərkəzi bank dövlətə tabe deyil: “Qərarlarında müstəqildirlər. 2018-2020-ci illərdə Amerika Mərkəzi Bankı o dövrdə prezident olan Donald Trampın çağırışlarına məhəl qoymurdu, öz müstəqillikləri çərçivəsində qərarlar qəbul edirdilər. Prezident onlara faiz dərəcələri ilə bağlı açıq-aşkar təzyiq etmək istəyirdi, amma heç bir şeyə nail olmurdu. Bu, Amerika təcrübəsidir.
Digər oturuşmuş dövlətlərə nəzər salsaq görərik ki, bu qərar tam olaraq işləmir. Türkiyədə zaman-zaman ölkənin maliyyə nazirliyi Mərkəzi Bankın işinə müdaxilə edirdi. Buna görə də türk lirəsi həddindən çox ucuzlaşdı”.
Xalid Kərimli deyir ki, Azərbaycanda da Mərkəzi Bank tam olaraq nümunəvi müstəqilliyini əldə edə bilməsə də, mümkün qədər hökumətdən müstəqilliyini formalaşdırmağa çalışır: “Burada da Mərkəzi Bank öz qərarlarında, aktivlərinin üzərində sərəncamlarda, götürəcəyi borclarda, maliyyə bazarlarındakı əməliyyatlarında hər hansı öhdəliyi varsa, özü cavab verəcək. Tətbiq edilməsi gözlənilən bu qərar dünyada qəbul olunmuş yaxşı nümunədir. Amma müstəqilliyi artan Mərkəzi Bankın bu qərarı hansı formada istifadə edəcəyini gələcəkdə görəcəyik.
Ümumiyyətlə, Mərkəzi Bank kapital bazarını inkişaf etdirməyə, qiymət stabilliyinə və iqtisadiyyatda uçot dərəcələrini artırmağa çalışır. Bu istiqamətlərdə Mərkəzi Bank funkisayaların artırmağı və yeniliklər tətbiq etməyi hədəfləyir. Nə qədər uğurlu olacağını zaman göstərəcək”.