2023-cü ilin aprel-iyun aylarında Böyük Britaniyada işsizlik 0,3 faiz artaraq 4,2 faiz təşkil edib.
Teleqraf.com Britaniyanın Milli Statistika İdarəsinə (ONS) istinadən xəbər verir ki, ölkədə məşğulluq səviyyəsi ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 0,1 faiz azalaraq 75,7 faiz təşkil edib.
İqtisadi fəaliyyətsizlik nisbəti isə 0,1 faiz azalaraq 20,9 faizə düşüb. Nəticədə ilin ikinci rübündə uzun sürən xəstəlik səbəbindən fəaliyyətsiz qalanların sayı rekord həddə çatıb.
Bundan əlavə, iyun ayında tətillər səbəbindən 160 min iş günü itirilib. Bu itkilərin yarısı səhiyyə işçilərinin iyun ayında keçirdiyi tətillər nəticəsində baş verib.
Maaş artımı inflyasiya narahatlığını artırıb
Bu ilin ikinci rübündə mükafatlar nəzərə alınmadan işçilərin müntəzəm maaşlarında illik artım 7,8 faiz təşkil edib. Bu da müqayisəli qeydlərin aparılmağa başladığı 2001-ci ildən bəri ən yüksək illik artım olub.
Mükafatlar da daxil olmaqla orta əməkhaqqının illik artımı eyni dövrdə 8,2 faiz təşkil edib.
Ümumi və real əmək haqqı (inflyasiya nəzərə alınmaqla) illik müqayisədə müvafiq olaraq 0,5 faiz və 0,1 faiz artıb.
İyun ayında ölkədə inflyasiya gözləntiləri üstələyərək 7,9 faizə enib. İyul ayı üzrə inflyasiya avqustun 16-da açıqlanacaq.