Tanınmış rejissor Rövşən İsax Teleqraf.com-a müsahibə verib.
Onunla söhbəti təqdim edirik.
- Rövşən müəllim, sizi güclü rejissor, ssenarist kimi tanıyırıq. Maraqlıdır, akyor kimi fəaliyyət göstərsəydiniz, indiki qədər tanınardınız?
- Universitetin Dram teatrı və kino aktyoru fakültəsini bitirmişəm. Özümü məşhur rejissor hesab etmirəm. Amma aktyor olsaydım, dəqiqdir ki, dəfələrlə çox tanınacaqdım. Biri var ildə iki dəfə efirdə görünürsən, biri də var üç-beş gündən bir. Təbii ki, efirə tez-tez çıxan daha çox populyar olur. Amma populyarlıq xəstəliyinə tutulmamışam. Dəfələrlə olub, beş efirə çağırıblar, birinə getmişəm. Çünki mən tanınmaqdan yox, yaxşı iş görməkdən zövq almışam.
- Rejissor Kənan M.M həm də aktyor kimi fəaliyyət göstərir. Rejissorluq etdiyi filmlərə də çəkilir. Sizin necə, rejisoru olduğunuz filmdə baş rola çəkilmək fikriniz var?
- Yalnız bir dəfə, rejissoru olduğum "Aktrisa" filminə çəkilmişəm, onda da baş rolda deyiləm... Filmdə baş rolu İlham Hüseynov oynayıb. Heç vaxt filmimin baş roluna özüm çəkilmərəm. Birincisi, o necə rol olmalıdır ki, Azərbaycanda onu oynayacaq aktyor tapmayım? Halbuki Azərbaycanda hər səpgidə aktyor var.
İkincisi, kino sektoru, serial o qədər inkişaf etməyib ki, bizim aktyorlar birindən çıxıb, ikincisinə çəkilsin. Bir az da vicdanının səsinə qulaq asmaq lazımdır, aktyor da çəkilməlidir. Utanaram ki, həm yaz, həm çəkil, həm çək... Məsələn, "Vicdan haqqı" serialında İmran obrazına çox aktyor yoxlamışdıq. Vüqar Əmirayazla neçə illərdir bir yerdə işləyirik. Aktyorlar kastinqə gələndə göstərirdim ki, belə oynayacaqsan. Vüqar mənə dedi ki, bəlkə özün oynayasan. Sonra İlham Hüseynovu çəkəsi olduq və o yük üzərimdən götürüldü.
Özüm çəkdiyim işdə baş rolda oynamağı düşünmürəm. "Aktrisa" filmində müstəntiq Eldar Əfəndiyev obrazını canlandıranda Vüqar Əmirayaz Allah şahididir ki, çəkilişə ara verilən kimi ona yaxınlaşırdım ki, düz hərəkət etdim? Yəni aktyora kənar göz lazımdır.
Mənə elə gəlir, hanısa bir rejissorun yüzdə-yüz istədiyini təqdim edən bacarığa sahib bir aktyor olardım. Hansısa rejissor dəvət etsə, onun filmində məmnuniyyətlə çəkilərəm. Özüm çəkdiyim filmdə baş rolu oynamağa qüdrətim çatmaz...
- "Aktrisa"dan sonra iki il bədii film çəkməməyinizə səbəb nə idi?
- O zaman sizin görmədiyiniz, yəni kamera arxası işlərlə məşğul oldum. İki portret filmi çəkdik, amma efirdə yayımlanmadı. Bir neçə şirkətə tanıdım çarxları çəkdik. Sonra toparlandıq və "Pərvanələrin rəqsi" serialını ərsəyə gətirdik.
Bədii film çəkdikdən sonra bir il istirahət etmək lazımdır... Çünki adamın bütün enerjisini aparır. Dalınca nəsə çəkəndə baxırsan ki, bir-birinə oxşayır. "Pərvanələrin rəqsi" serialını çəkəndə Vüqar Qaradağlıya dedim ki, bizə bir az fasilə verin. Dedi, yox, sən çək, sənin zəif çəkdiyin o birisindən yaxşı olacaq! Serial çəkdik, pis olmadı, amma bizi qane etmədi.
Həm də o serial mənim yadımda yaxşı hadisələrlə qalmadı. Ondan əvvəl gözümdən əməliyyat olunmuşdum. Eləcə də serialın çəkilişində böyük qardaşım az qaldı, dəm qazından boğulsun. Bu haqda ilk dəfədir ki, danışıram.
Çəkiliş etdiyimiz məkan soyuq olurdu, ondan xahiş elədik ki, məkanın səhər isti olması üçün orada qalsın. İran sobası vardı.
"Vicdan haqqı" ilə "Yuxu kimi" serialları arasında təxminən ilyarım fasilə oldu. Düşündük ki, həcmi böyük və daha sanballı iş çəkək. Amma adam yorulur, bunun da səbəbi odur ki, bizdə lazım olandan az işçi qrupu var. Bu da maliyyəyə bağlıdır...
- İş prosesində çox tələbkar rejissor olduğunuzu deyirlər...
- Bəlkə də Azərbaycanda yeganə rejissoram ki, bəyənmədiyim kadrı yenidən çəkirəm. Tamaşaçıya dəxli var ki, mən serialı çəkən zaman yuxulu idim? İnsanıq, kim deyə bilər ki, heç vaxt səhv eləmir. Dayanmadan çəkiliş edirik.
Yorğunluğa görə nəsə gözündən yayınır, aktyor da insandır, mən də insanam. Dəfələrlə olub ki, Vüqarla məsləhətləşirik ki, düz edirik? Bu qədər məsləhətdən sonra montaj prosesində baxırıq ki, filan şey diqqətdən qaçıb və o kadrı yenidən çəkmək lazımdır.
Şükür Allaha, beləsi çox olmayıb. Kameranın tələb etdiyi bəzi qanunlar var.
- Komandanızda çox az dəyişiklik edirsiniz. Buna səbəb nədir?
- Bu sual mənə "Sonuncu fəsil"dən sonra verilməyə başlayıb. "Pərvanələrin rəqsi" serialında çəkdiyim dörd aktyoru "Sonuncu fəsil"də də çəkdiyim üçün.
"Vicdan haqqı" serialında düşünüdük ki, bu dəfə mümkün qədər başqa aktyorları seçəcəyik. İlham Hüseynovu da İmran obrazına ona görə çəkmək istəmirdik ki, o sözü eşitməyək. Amma yenə hamıdan yaxşı İlham oynadı. O, "Pərvanələrin rəqsi" serialında epizodik bir rol, "Aktrisa" filmində isə baş rolu oynayıb. Digər aktyorlarla ilk dəfə işləyirdim.
Birincisi, kim uyğun gəlir, onu çəkirəm. İkincisi, kimə güvənirəm, onu çəkirəm... Azərbaycan aktyor-aktrisalarının əksəriyyəti tanınan kimi təəssüf ki, sancılanırlar. Bilmirəm, ulduzluq xəstəliyi nədir... Bilsəm elə bir xəstəlik var, onun antibiotikini tapıb vuraram. Buna deyirlər, ağılsızlıq... Başqa adı yoxdur. Nədir-nədir, İnstaqramda 50 min adam izləyəcək, feysbukda hər seriyadan sonra nə isə yazacaqlar.
Adam çaşır, ssenarinin tələb etdiyi vəziyyətə ağzını büzə-büzə oynayır. Qovan kimi ağlı başına gəlir və üzr istəməyə qayıdır. Mən də sözü bir dəfə deyirəm.
- İki aktyoru qovduğunuzu, beşini isə uzaqlaşdırdığınızı qeyd etmisiniz.
- Çoxunu qovmuşam... Təkrar aktyorları ona görə çəkirəm ki, onlar işini şöhrətindən daha çox sevirlər. Onları şöhrət virusu tutmayıb. Canında o mərəz olan adamın qarşısını almaq mümkün deyil. Bir aktyor var, adını çəkməyəcəm. Biz onunla Gəncəyə gedən zaman beş addım rahat yeriyə bilmədik. Qarşımıza çıxan insanların hamısı onunla şəkil çəkdirmək istəyirdi.
Qoy bir az da mən özümü tərif edim... İnanmaram ki, Azərbaycanda çəkilən ikinci bir aktyor o şöhrəti qazansın. Çünki fərqli dərəcədə yaxşı çəkirəm. Bunu reytinq, tamaşaçı münasibəti və kastinqə çağırdığım aktyorların oynaya-oynaya gəlməsi də göstərir.
Bəzi aktyorlar gələnə qədər "baş üstə, müəllim" deyir, dördüncü seriyadan sonra görürsən ki, yavaş-yavaş buynuz çıxır, gözünün ifadəsi dəyişir. Bir az dözürsən. Çünki mən sevə-sevə işləməyi sevirəm, başqa cür alınmır. Ssenarini də özüm yazıram. O zaman adamın fantaziyası yaxşı işləyir. Hər serialda bir aktyora heyran oluram. O mənə ilham pərisi rolunu oynayır, bu kişi də, qadın da ola bilər.
Ssenarini yazdıqca və çəkdikcə ləzzət alıram. Bu da həmin virusa tutulmayana qədər davam edir. Əks halda üstündən xətt çəkirəm, gedir.
- Obrazını peşəkar oynayan hansısa aktyor qeyd etdiyiniz virusa yoluxanda ona güzəştə getmisiniz?
- Xeyr, mümkün deyil. Bir aktrisaya deyirəm ki, düzgün oynamırsan. Mənə deyir ki, feysbukda belə yazırlar. Nədir ki, İnstaqramda 200 nəfər mesaj yazacaq ki, serialda fikankasə yaman dedin ha. O aktyoru ki, baş rollarda çəkmişəm, sonra davamı gəlməyib, bilin ki, onların hamısında həmin xəstəlik olub. Güzəştə getməmişəm və obrazın funksiyasını azaltmışam.
"Yuxu kimi" başlayanda aktyorların hamısına xəbərdarlıq etdim ki, kim cızığından çıxsa, üzərindən xətt çəkəcəm. Qoy haqqımda desinlər ki, Rövşən İsax "kapriz"li rejissordur, aktyoru qovur... Tarixdə haqqımda deyilən söz yox, çəkdiyim qalacaq.
- Sizə bir neçə il öncə türklərdən iş təklifi gəlmişdi. Amma davamı olmadı...
- Bəli, "Vicdan haqqı" serialından sonra qərara gəlmişdik ki, türklərlə bədii film çəkək. O ərəfədə mənə Azərbaycandan təklif gəldi. Vüqar Əmirayazla altı ay sərasər ssenari yazdıq, amma çəkiliş alınmadı.
Ona görə türklərlə edəcəyimiz layihə təxirə düşdü.
- Yenidən oxşar təklifi şansı varmı?
- Danışmışam. Siz qismətə inanırsınız?
- Bəli.
- Mən də inanıram.
- Özünüzü daha çox peşəkar rejissor, yoxsa ssenarist hesab edirsiniz?
- Mən ssenarist deyiləm, ssenarini məcbur olub yazıram. Ona görə ki, Azərbaycanda serial ssenarisi yazan yoxdur. Seriallarımızda məntiq, məna tapa bilməzsən. Bütün seriallar eynidir.
Mənsə ssenarist deyiləm, onun kursunu da bitirməmişəm. Ssenarinin nə olduğunu Rüstəm İbrahimbəyovdan öyrənmişəm. Eləcə də müəyyən şeyləri Ramiz Fətəliyevdən soruşmuşam. Mən ssenarini təcrübəyə əsaslanıb yazıram.
- Ssenari yazarkən düşünürsünüz ki, Azərbaycan tamaşasına hansı mövzunu qəbul elətdirə bilərsiniz?
- Bu prinsip ancaq serialda keçərlidir. Serialda rejissorun qarşısında duran birinci məsələ budur. Türkiyədə türklər, Rusiyada ruslar düşünürlər ki, nə çəksəm, insanlar izləyə bilərlər.
Elə bir serial mövzusu olar ki, Rusiyada çox böyük reytinq yığar, Azərbaycanda isə heç kim izləməz. Yaxud əksinə.
"Yuxu kimi" serialında qarışıqdır. Bir faktı danışım. Azərbaycanlı olaraq bu bizim uğurumuzdur. Mənə Türkiyədən, Rusiyadan, Fransadan məktublar yazırlar ki, qonşuları ilə seriallarımızı izləyirlər. Bu dəfə isə məktubu İrandan almışam. Cənubi azərbaycanlı qardaşımız yazır ki, serial izləyərkən farslar üçün tərcümə edir. İsraildə də seriallarımın hamısı izlənir.
Mənim rəsmi soyadım Məmmədovdur, İsax atamın adıdır. Atamı çox erkən itirmişəm, təxəllüs kimi adını özümə götürmüşəm. Oğluma da atamın adını qoymuşam. Hamı elə bilir, mənim yəhudi qarışığım var. Amma nəslimizdə qarışıq yoxdur. Ona görə İsraildən mənə çoxlu məktublar gəlir. Hətta bir xanım var, ondan yəhudi dilini öyrənməyə başlamışam. Təşəbbüsü özü göstərib, adı Renadır. Bakıdan İsrailə köçüb, çox mütəvazi bir insandır. İndi yəhudi dilində 20-25 söz bilirəm.
- Bu ailənizdə qısqanclıqla qarşılanmır? Yəni həyat yoldaşınız qısqanmır?
- Mənim iki qızım var, böyüyü Türkiyədə universitetdə oxuyur, kiçik qızım isə on altı yaşındadı. Mən elə əskik iş tutarammı ki, qadınım məni qısqansın? Mən xanımımdan yerlə göy qədər razıyam. Əgər nə vaxtsa qısqanclıq olubsa, mənə hiss elətdirməyib. Bizim evdə belə problem yaşanmayıb.
O, ailə quranda bilirdi ki, kiminlə ailə qurur. Həmişə demişəm ki, əgər dramaturgiya tələb edirsə, tamaşaçı yığmaq xatirinə yox, kamera qarşısına lüt də çıxaram. Amma özümün çəkdiklərim əsərlərdə isə heç vaxt belə şeylər görməyəcəksiniz. Çünki mənim bir kriteriyam var, nə çəkirəmsə, onu qızlarımla yanaşı oturub, izləyə bilim. Aktyor kimi məni dəvət etsələr çəkilərəm.
- Ümumiyyətlə, serial və filmlərimizi izləyirsinizmi?
- Seriallarımızı izləmirəm.
- Rövşən İsaxın uğurunu nə tamamlayır - istedadı, peşəkarlığı, tələbkarlığı və dördüncü nə?..
- Ailəm... Bizim sənətimizdə qrafik yoxdur. Evdən çıxırsan, bilmirsən nə vaxt qayıdacaqsan. Canın evdən rahat olmasa heç nə edə bilməzsən. Mən nə etmişəmsə, hamısını ailəmə borcluyam. İstedad boş şeydir, birinci növbədə ailədir. Adamı məsuliyyətdən düşməyə də qoymur. Mən evdən çıxanda arxayın oluram.
- Sizin serial və filmlərinizdə aktrisalar Pərvin Abıyeva və Sevinc Əliyevanı görmürük. Buna səbəb nədir?
- Mən yeni sima axtarışındayam. Mənim qədər heç kimin yadına düşməyən, heç kimin görmədiyi adamları çəkən rejissor olmayıb. Söhbət serialdan gedir. Həmişə mümkün qədər tanınmayan simaları çəkməyə çalışmışam.
- Aktyor kimi çəkilsəydiniz tərəf-müqabil kimi Pərvin Abıyevanı, yoxsa Sevinc Əliyevanı seçərdiniz?
- Qızım obrazına Pərvin Abıyevanı, həyat yoldaşı obrazına isə Sevinc Əliyevanı seçərdim. Bu ssenari və xarakterə bağlıdır.
Pərvin Abıyeva ilə həyatda üz-üzə gəlməmişəm. Sevinc Əliyeva ilə çox yaxşı münasibətimiz var. Çox mehriban və səmimi bir insandır. Qismət olsa Sevinc xanımla da məmuniyyətlə işləyərəm.
Foto: Ceyhun Rəhimov