Xəbər verdiyimiz kimi xalq artisti Alim Qasımovun kürəkəni, əməkdar artist Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlanov həbs olunub.
Teleqraf.com xəbər verir ki, Fərqanə Qasımova İnstaqramda həyat yoldaşının həbsi ilə bağlı yayılan xəbərlərə belə reaksiya verib: "Bəzi saytlarda və sosial mediada yayılmış məlum xəbərlə bağlı fərqli yorumları oxuduqca həm təəssüfləndim, həm də təəccübləndim.
Əvvəla, hər kəsin bir sınağı olur. Tanımadan, bilmədən özgə bir ailəni müzakirəyə çıxarmaq kimsəyə başucalığı gətirməz. Taleyin öz hökmü var. Həyat yoldaşımla tanış olarkən hər ikimiz çox gənc idik. Valideynlərimizin xeyir-duası ilə evləndik. Tanrı bizə dörd gözəl bala nəsib etdi. Böyük ailə böyük məsuliyyətdir. Çox heyf ki, hər şey arzuladığımız kimi olmur. Elnur geri dönüşü olmayan bir yol tutdu. Nə qədər çalışsaq da, onu xilas edə bilmədik. Çünki bəzi məqamlarda seçim insanın öz öhdəsinə qalır. Mən və övladlarım bu ağır imtahandan da imanımız, ədəbimizlə çıxacağıq. Bu, hər kəsin başına gələ bilər, yaxşı olar, kimsə başqasına rişxənd etməsin. Alim Qasımov sənəti, adı ilə mədəniyyətimizi zirvələrə qaldırıb. Onun adını lazımsız yerə hallandırmağa gərək yoxdur – bunun özü də bir mədəniyyətdir. Hər kəsin diqqətini çəkmiş hadisə sadəcə bizim ailə problemimizdir. Lütfən, qarışmayın. Onu da qeyd edim ki, bu hadisə bir il əvvəl baş verib. Lütfən, müzakirə mövzusu etməyin".
Qeyd edək ki, Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlanov Alim Qasımovun evindən qızıl-zinət əşyaları və pul oğurlamaqda ittiham edilir.