Ailə üzvləri ilə Şuşaya gedən xalq artisti Rasim Balayev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla qısa müsahibəni təqdim edirik.
- Rasim müəllim, Şuşa azad edildikdən sonra ilk dəfə ailə üzvlərinizlə ora getdiniz. Təəssüratlarınızı eşitmək istərdik...
- Bəli, Şuşa azad edildikdən sonra ilk dəfədir ki, ailə üzvlərimlə birlikdə getdim. Əvvəl dəvət etdilər, amma səhhətimdəki problemə görə gedə bilmədim. Şuşaya ailə üzvlərimizlə getməyə icazə verdilər, həyat yoldaşım və oğlanlarımla öz avtomobilimizlə getdik. Şuşada sonuncu dəfə 1986-ci ildə olmuşam. Ondan sonra nə qədər hadisələr baş verdi... Şuşanı işğal etdilər.
Hər il düşünürdüm ki, Şuşanın taleyi necə oldu?! İşğaldan 30 il keçdi, narahat idim ki, Şuşanı azad edə bilməyəcəyik. Ali Baş Komandanımız İlham Əliyev çox sağ olsun, bizə qələbə hissini yaşatdı. Allaha çox şükür olsun. Əsgərlərimiz, qazilərimizə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin.
- Şuşada 35 il əvvəl və indi İsa bulağında çəkdirdiyiniz ailə fotolarınız böyük maraqla qarşılandı...
- Foto 1986-cı ildə çəkilib. O zaman oğlanlarımın 13-14 yaşları var idi, indi artıq saçları ağarıb. Mənim özüm də orada cavan idim. Şuşada bir gün qaldıq, çoxlu şəkillər çəkdirdik.
- 35 ildən sonra eyni məkana getməklə hansı hissləri yaşadınız?
- Şuşaya gənclik illərindən çox gedirdim. O cür gözəl şəhəri əlimizdən almışdılar. Şuşanı görəndə qürur hissi duydum. Amma təəssüf ki, Şuşanın alt tərəfində erməni kəndləri var, qoymadılar axıra qədər təmizləyək. Təbii ki, bizim rəhbərimiz öz dediyi kimi, nəyin nə vaxt olacağını yaxşı bilir.
Amma indiki də böyük və ağılasığmaz bir uğurdur. Füzulidən keçərkən dağıdılmış evləri görəndə dəhşətə gəldim, bu qədər vəhşilik olar?! Yaxşı, torpaqlarımızı almısan, niyə dağıdırsan?! Onların bir məqsədi var idi ki, bizim izimizi itirsinlər. Qəbiristanlıqları da dağıdıblar. Nə qədər başıboş, axmaq, qaniçən millətdirlər.
- Şuşada haraya getdiniz?
- Molla Pənah Vaqifin məqbərisini ziyarət etdik. Şuşa qalası, Yuxarı Gövhər ağa məscidi, Cıdır düzünə getdik
- Yenidən Şuşaya getməyi düşünürsünüzmü?
- İnşallah, gələn yaya qədər abadlıq işləri bitər, Şuşada bir həftə istirahət edəcəm. Doğma torpaqlarımızda abadlıq işləri gedir. "Zəfər yolu" ilə gedəndə qürurlandım. Yol boyu nə qədər avtomobillər var idi. Ağılasığmaz işlər gedir, dağı yarıb, yol çəkiblər. Böyük quruculuq işləri aparılır.
- Səfərdə həyat yoldaşınızın və oğlanlarınızı reaksiyası necə oldu?
- Təbii ki, mən necə hisslər yaşadımsa, onlar da eyni hisslər yaşadı. Oğlanlarımın hər şey yadlarında idi. Əhd etmişdim, Cıdır düzünə gedib, torpağı qucaqlayıb öpdüm. Əhdimi yerinə yetirdim.