Məşhur aktyor, ssenarist Azər Aydəmir Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ceyhun Hidayətlinin "Əqrəb" romanı əsasında çəkilən "Əqrəb mövsümü" çoxseriyalı bədii filminin bu qədər müzakirələrə səbəb olacağını və geniş tamaşaçı kütləsini cəlb edəcəyinə inanırdınızmı?
- Sözün düzü bu qədər gözləmirdik. Biz bilirdik ki, intellektual, film və serialları izləyən tamaşaçıları cəlb edə bilərik. Emil Quliyevin, Hikmət Rəhimovun və mənim yaradıcılığımı sevən və orada çəkilən digər aktyor və aktrisaların hər birinin öz filmoqrafiyası var. Bununla yanaşı İTV televiziyasının öz auditoriyası var. Amma gələcəkdə filmin Yutub kanalına da yerləşdirilməsi bizə vəd edir ki, daha çox izlənəcək və seviləcək. "Əqrəb mövsümü"nün dördüncü seriyadan bu qədər səs-küy yaratmasını gözləmirdik. Hətta Hikmət Rəhimovla və mən iki gün telefonları söndürdük və kənara qoyduq. Deyəsən Hikmət Rəhimov telefonu indiyə qədər də telefonu əlinə almır. Çünki o, baş qəhrəmandır. Mənim isə İnstaqram və feysbuk səhifəm çöküb. Yavaş-yavaş heç kimin xətrinə dəyməmək üçün çalışıram ki, sualları cavablandırım. Amma hər şey möhtəşəm oldu. Hələ də davam edir.
- Çəkilişlər necə keçdi?
- "Əqrəb mövsümü" 2021-ci ilin yay ayında çəkilib. İsti hava şəraitini çıxmaq şərtilə çəkiliş çox rahat oldu. Çünki uzun zaman idi ki, filmə hazırlaşırdıq. Hər şey hazır idi və sadəcə büdcəni gözləyirdik. Büdcə ayrıldı, film çəkilişləri başladı və tez də bitirdik. Film 2021-ci ilin oktyabrında hazır idi.
- Tamaşaçıların "Əqrəb mövsümü"ndə həyat verdiyiniz müstəntiq Rauf Eyvazova münasibəti necədir? Obrazınızı izləyicilər necə qarşıladılar?
- Səhv etmirəmsə, çoxdandır ki, müstəntiq obrazı filmoqrafiyada yaranmamışdı, kinematoqrafiyada, seriallarda...Mənə şəhərdə, qonşular və qohumlar arasında "cənab müstəntiq" deyə xitab edirlər. Ən maraqlısı da odur ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyində çalışan dostlarım zəng edəndə "cənab müstəntiq" deyə müraciət edirlər. Ssenarini neçə illərdir ki, onlarla məsləhətləşirdik. Bu bizə çox xoşdur.
- Müstəntiq obrazı sizə bir aktyor kimi nə verdi?
- Müstəntiq istintaqı aparandır, mənsə neçə ildir ki, bu mövzuya qol qoymamışdan əvvəl araşdırırdım. Kino, serial sahəsini araşdırırdım ki, insanlara nə maraqlı ola bilər? Müstəntiq kimi müraciətdən sonra mənə elə gəlir ki, çoxseriyalı bədii filmin uğurunu nəzərə alaraq artıq araşdırmalarımı bitirmiş sayılıram. Bundan sonra dəqiq bilirəm ki, tamaşaçımıza nə lazımdır. Bizim tamaşaçımıza şou lazımdır, sözün əsl mənasında hərfi şou yox, film, serial izləyəndə emosiyalara qapılmaq, həyəcan lazımdır. Təbii ki, ağlamaq da, gülmək də önəmlidir. İndi görünür ki, izləyicimiz çox ağıllı və təfəkkürlü izləyicidir.
- Film yayımlanan ərəfə tamaşaçılar tərəfindən obrazınızla, yaxud qatilin kimliyi ilə bağlı zənglər olurdu?
- Zəng edənlərin çoxu söz soruşmağa ərk eləmirdilər. Əslində, sosial şəbəkələrdə yazırdılar. Tamaşaçıların qatilin kim olması haqda maraqlanması, üçüncü-dördüncü seriyadan öz fərziyyələrini də irəli sürməsi və s normaldır. Sizə bir hadisəni danışım, Emil Quliyevə müraciət ediblər ki, sizə pul təklif edirik, qatilin kim olduğunu deyin. Başa düşmürəm ki, bu necə baş verə bilər. Bu, ya dedektiv janra hörmətsizlikdir, yaxud da insan o qədərmi reallıqdan serialın içinə girib, gecə-gecə öyrənmək istəyir ki, qatil kimdir. Təbii ki, bu, dedektiv janrın gözəlliyidir ki, həyəcan səni sona qədər ağuşuna alır.
- "Əqrəb mövsümü"nün ssenari müəllifisiniz, filmdə əsərlə müqayisədə nə kimi fərqliliklər etdiniz?
- "Əqrəb" romanında obrazım, Rauf Eyvazov yox idi. Ümumiyyətlə, Kənan Orucov obrazı da prokurorluq işçisi olaraq əsərdə yoxdur. Əsər Türkiyədən küsüb, Azərbaycana yeni qayıtmış bir xəfiyyədən bəhs edir. Mən "Əqrəb" romanını oxuyanda çox xoşuma gəldi, amma başa düşdüm ki, dedektivi Azərbaycan reallığına heç cür uyğunlaşdıra bilmərəm. Çünki bizdə xəfiyyəlik institutu yoxdur. Düşündüm ki, film tək qəhrəmanla darıxıdırıcı ola bilər. Ona görə də serial versiyasında özümü, prokurorluğun bütün maddi-texniki bazasını və polis orqanlarını da əlavə elədim. Nəticədə bu alındı.
- Rauf Eyvazov və Kənan Orucov obrazını necə xarakterizə edərsiniz?
- Bəli, Hikmət Rəhimovun canlandırdığı Kənan Orucov obrazı analitik, stratejik düşüncəyə malik, oynadığım Rauf Eyvazov obrazı isə daha çox emosiya, hisslərlə addımlayan, ürəyinə damanı dərhal dilə gətirən və səbrsiz birisidir. Elə müstəntiqlərimiz də olur və bu normaldır.
- Film sonuncu seriyayadək axıcı və maraqlı idi. Amma sonuncu seriyada hər kəsin "partlayış" gözlədiyi vaxt gözlənilməz sonluqla bitdi. Ssenari müəllifi olaraq filmin davamının çəkilməsi gözlənilirmi?
- Əlbəttə ki, bu istisna deyil. Biz müəyyən yaşıl işıqları gözləyirik. Əsərin sahibləri İTV televiziyasıdır. Yaradıcı sahibi biziksə, hüquqi səhmi İTV-dir. İTV-dən "hə" cavabını gözləyirik. Cavab verildikdən sonra "Əqrəb mövsümü"nün ikinci mövsümü çəkiləcək. Amma davamında bu hekayə bitmiş olacaq. Baş qəhrəmanlar qalacaq, Kənan Orucov, Rauf Eyvazov, polis əməkdaşları və s. Onlar öz vəzifələrini icra edəcəklər. Amma "Əqrəb mövsümü"nün davamı başqa hekayədən bəhs edəcək. Bununla yanaşı tamaşaçılara qaranlıq qalan hissələr, Kənan Orucovun həyat yoldaşı və uşağı ilə nə baş verib? Onları süjet xətti olaraq davam edəcəyik. Çünki bu ailənin başına gələn hadisədir. Amma Qurban Amanovun və onun oğullarının qətl hekayəsi bitmiş hesab olunur.
- "Əqrəb mövsümü"ndə qatil ilə bacının səmimi səhnəsi izləyicilər tərəfindən birmənalı qarşılanmadı. Öncədən bu kimi iradları nəzərə almışdınızmı?
- Əlbəttə ki, nəzərə almışdıq. Bu əsərdir, real hadisə deyil, amma yenə də bu dünyada hər şey baş verə bilər. Ətrafımızda nələr baş vermir ki... Mənə elə gəlir ki, mənim ssenari müəllifi olaraq əsərdə göstərdiyim hadisələr, gündəlik xəbər saytlarından oxuğumuz real hadisələrin yanında toya getməlidir. Qardaş ilə bacının münasibəti çox riskli idi. Bacı öncədən bilmirdi ki, onun qardaşıdır. Obraz qardaşın intiqam hissinin hüdudlara sığmamasından bəhs edir. Onun intiqam missiyası var idi, həyatını itirsə də qismən icra edə bildi və intiqamını aldı.
- Bununla bağlı tənqid oldumu?
- Sözsüz ki, daha çox tənqid gözləyirdik. Amma gözlədiyimizdən daha az tənqidlə üzləşdik. Öpüşmə səhnəsinə gəlincə, "Nailə" obrazını Şəhanə Rzayeva və "Elnur" obrazını canlandıran Əli Əlizadə idi. Biz əlbəttə ki, sosial platformalarda olan şərhlərə baxırıq, analiz edirik. Belə bir qənaətə gəldik ki, 70-75 faiz auditoriya ümumiyyətlə öpüş səhnəsinə fikir verməyib. Çünki o qədər hadisələrin içərisində olublar ki, bu səhnəni normal qəbul edib və üzərindən keçiblər. 15 faiz izləyici isə burada qəbahətin olmadığını düşünür, estetikdir, normaldır, qədərindədir. 10-15 faiz isə bu səhnənin iyrənc olduğunu düşünür. Bu da normaldır.
- Bəs, sizin bu səhnə haqqında fikirləriniz nədən ibarətdir?
- Bizim missiyamız stereotipləri qırmaqdır. Başa düşürük ki, hara qədər addımlayırıq. Azərbaycan dünyəvi dövlətdir. Hər insanın qarşısında öz missiyası var. Kimsə Orhan Pamuk haqqında yazmaq istəyir, kim isə Çağan Irmakın "Issız adam" filmini təkrar etmək istəyir. Filmdə xeyli açıq səhnələr var. Sadəcə bir filmdə bir səhnənin olmasını labüd sayıb, stereotipləri qırmağa çalışırıq. Biz bundan sonra nə baş verdiyini görmək istəyirik. Bizim kinomuz dünya çapına çıxa bilər, yoxsa yox?... Biz Türkiyə seriallarında niyə bunu qəbul edirik, özümüzdə yox. Burada suallar çoxdur. O suallara da aydınlıq gətirmək üçün öpüş səhnəsi var. Düzdür, bu,cüzi araşdırma mövzusudur, amma müsbət və dünyavi geri dönüşü bizi sevindirdi.
- Filmdə səslə bağlı texniki problemlər oldu. Hətta izləyicilər sonuncu səhnədə müstəntiq Kənan Orucovla qatilin dialoqunu anlamaqda çətinlik çəkdiklərini bildirirdilər. Bu iradlarla razılaşaırsınız?
- Düzünü deyim ki, mən də bu fikirlə razıyam. Biz yaradıcılar da serialın bütün mənfi tərəfini bilirik. İstər dramaturji xəttində, istər hekayəsində, istər də texniki tərəfində və çəkilişlərində... Düzdür, bəzi nöqsanları diqqətli tamaşaçılar da sezib qeyd etmişdilər. Bunlar olmalı və qaçılmaz idi. Bir eksperiment idi. Əlbəttə ki, növbəti işlərimizdə qüsurlara maksimum fikir verəcəyik və çaışacağıq ki, daha onlara yol verməyəcəyik. İdeal hala gətirənə kimi bu işi davam edəcəyik.
- Başqa nə kimi nöqsanlar oldu, söylədiniz ki, növbəti işlərimizdə bir daha bunu etmərəm?
- Ssenari baxımından sözsüz ki, mən özüm üçün bir açılış daha etdim. Başa düşdüm ki, hansı xəttlər tamaşaçını maraqlandırır, həyəcanda saxlayır, qatilin axtarışı, onun tapılması və s. Hansı hissədən sonra açıqlama versək daha yaxşı olar. Yaxud da ipuclarının sayını azaldaq, çoxaldaqmı. Bütün bu qeydləri özümdə apardım. Əlbəttə ki, "Əqrəb mövsümü"nü davam etsək, daha maraqlı etmək məcburiyyətindəyik.
- İki peşəkar aktyorun eyni ekran əsərində bir araya gəlməsi necə hiss idi?
- Təbii ki, peşəkarlar filmi daha güclü edir. İşinin peşəkarı və işini sevən insanlar bir araya toplaşanda nəticə də peşəkar olur. Mənə Hikmət Rəhimovla işləmək çox asandır. Bizim artıq üçüncü işimizdir. Daha bir filmimiz yaxın günlərdə işıq üzü görəcək. Hikmət Rəhimovla baş rolda oynadığımız, rejissoru Emil Quliyev olan "Əqrəb mövsümü"ndən əvvəl çəkilən bir film var - "Mən burada tək olmuşam". Çox qalmaqallı tammetrajlı bədii filmdir. Film martda təqdim olunacaq. Uzun zamandır ki, maddi məsələlərə görə yarımçıq qalmışdı. Maddi məsələləri həll elədik və filmi bitirmək üzrəyik, bir-iki texniki məsələ var. İnşallah martda nümayiş olunmalıdır. Orada da baş rolları Hikmət Rəhimov ilə mən oynamışam. Filmin hekayəsi çox maraqlıdır. Yalnız onu deyə bilərəm ki, film tamaşaçını əsəbləşdirəcək və gərginlikdə saxlayacaq. "Əqrəb mövsümü"nü 2021-ci ildə çəkmişiksə, onu 2019-cu ildə çəkmişik.
- "Mən burada tək olmuşam" filmində də açıq-saçıq səhnələr varmı?
- Bəli, filmdə yetərincə açıq-saçıq səhnələr var. "Əqrəb mövsümü" onun yanında toya getməlidir. Film iki yaxın kübar dostun adət-ənənə və mentalitet qurbanı olmasından bəhs edir. Mən şirkət ditektoru, Hikmət isə köməkçim obrazında çəkilib.
- Bəzi tamaşaçılar "Əqrəb mövsümü"nün 11-ci seriyaya qədər maraqlı olduğunu iddia edirlər, finalda isə...
- Doğru iddiadır, şüuraltı iddiadır, tamaşaçının artıq məyusluq yeridir. Çünki 1-ci seriyanın ortasında qatil bilinir. 12-ci seriya isə sırf qatilin axtarışına həsr olunur. Artıq orada intriqa, istintaq yoxdur. 12-ci seriya qatilin motivlərinə həsr olunur. Bəzi izləyicilər 11-ci seriya ilə "Əqrəb mövsümü" bitmiş hesab edirlər. Amma sözsüz ki, hekayəni anlamaq və filmi tam bilmək üçün tamaşaçı sona qədər baxmalıdır.
- Özünüz necə filmi izlədinizmi?
- İnanmayacaqsınız, amma filmi tamaşaçılarla birlikdə izləyirdim. Film bitəndən sonra montaj prosesində işlədiyim işə baxa bilmirəm. Əgər mənim baxmaq imkanım olsa və hardasa öz səhvimi görsəm, ssenarist və aktyor kimi rejissora deyirəm ki, yayımlanmayıb, o hissəni çıxaraq. Bu, artıq bezdirici bir hala çevrilir. Ona görə də Emil Quliyev və digər resjissorlar da mənimlə işləyəndən sonra materialı öncədən göstərmirlər. Mən də tamaşaçılarla eyni zamanda baxıram. Odur ki, hər axşam İTV-nin qarşısına keçib "Əqrəb mövsümü"nü izlədim.
- Öz obrazınızda müsbət və mənfi tərəfləriniz nələrdir? Obrazınızı xarakterizə edə bilərsiniz?
- Rauf Eyvazovun müəyyən qədər müsbət və mənfi tərəfləri var. Onu özüm də hiss edirəm. İstəyirdim ki, Rauf obrazı qadınlarla yola gedə, ünsiyyət və münasibət qura bilməyən xarakter olsun, Kənandan fərqli olaraq. Çünki Kənan Orucovun həyat yoldaşı faktoru var. Nəticədə bir az abartılı oldu. Sanki Rauf qadını həyatında birinci dəfə görürdü, belə bir təəssürat yarandı. Amma o da şirin təəssürat idi. Müəyyən xəttləri daha rəndələmək lazımdır. Məncə obrazlar alınıb.
- Söhbət əsnasında qeyd etdiniz ki, "Əqrəb mövsümü" daha çox xanımların diqqətini çəkib.
- Dedektiv, kriminal, qətllər silsiləsi və s. olmasına görə çoxseriyalı bədii filmin auditoriyasını olaraq daha çox kişiləri hədəfləmişdik. Amma sevindirici haldır ki, serialın sahibləri, onu sevənlər və sosial şəbəkələrdə dava edənlər qadınlardır. Sanki qadınlar bu seriala sahibləndilər. İkinci mövsümü etsək, qadınları maraqlandıran suallara daha çox toxunacağıq. Deməli, kişilərin sirrlərini daha çox açacağıq. Onu da vurğulayım ki, qadınlarla bağlı məsələlərdə bir çox şərhlərin şahidi oldum, yazırlar ki, burada qadın obrazları işlənməyib, yaxud bədbəxt, gücsüz göstərilib, güclü qadın obrazı yoxdur. Bu kimi fikirlərlə razıyam. Amma mənə elə gəlir ki, əsas qəhrəman hekayədir. Kənan Orucov da, Rauf Eyvazov da deyil. Ümumiyyətlə, orada kişilər xoşbəxtdirmi, güclüdürlərmi? "Əqrəb mövsümü"ndə bir güclü kişi obrazı göstərsinlər. Sadəcə hekayə faciədir. Bir ailə başçısının illər öncə bilərəkdən etdiyi səhvin 30 ildən sonra onun qarşısına çıxmasından bəhs edir. Belə ailələr, bu cür sinəsinə döyən kişilər Rusiyada və digər ölkələrdə çox olub. Məclislərdə fərəhlə öz dostlarının yanında daha bir həyat yoldaşının, daha bir uşağının olmasından danışır. Bundan qürur duyur. Bu hekayə onlar üçündür. İnanın hörmətli qadınlar, şəxsən mən və bizim yaradıcı heyət Azərbaycan qadınını sevir. Sadəcə orada mesaj başqadır. Qadınlarla işimiz yoxdur.
- Filmdə Qurban Amanovun özünü asıb-asmaması sual doğurur. Nəticə necə oldu?
- Bu, rejissor Emil Quliyevin fəndidir. O, aqibəti tamaşaçıya buraxır. Orada ip var idi və o da tək qalır, özünü asıb-asmadığı sual yaradır. Ailəsi dağılmış bir insan idi.