Əməkdar artist Bəhram Bağırzadə Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Bəhram müəllim, bu gün 51 yaşınız tamam olur. Təəssüratlarınızı və hisslərinizi eşitmək istərdik.
- Son üç ildə hər gün Allaha dua edirəm, zikrlərimdə şükürlə deyirəm ki, nəfəs alıram, görürəm, eşidirəm, özüm hərəkət edirəm. Çünki Allaha məni bu dünyaya yenidən qaytardı. Xoşbəxtəm!
- Ənənəmizə sadiq qalaraq sizinlə doğum günü ərəfənizdə növbəti müsahibəni edirik. Bu bir il ərzində həyatınızda nə dəyişdi?
- Bir il ərzində heç nə dəyişməyib, həyat öz axarı ilə davam edir. Onu deyə bilərəm ki, həyatda motivasiya ilə yaşayırdım, başa düşdüm ki, motivasiya boş şeydir. Əsas dissiplin, nizam-intizamdır. Mən həyatda hər zaman dissiplinli yaşamışam, sonra motivasiya ilə yaşamağa başlamışdım. Anladım ki, həyatda əsas şərt dissiplinli olmaqdır. O cür yaşayaraq nəticələrini görürəm.
İnşallah, dekabrda 100-cü kitabım nəşr olunacaq. 84 kitabım çapdan çıxıb, 16 kitabım qalıb. 100-cü kitabımı isə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edəcəm.
- Doğum günlərinizi qeyd etməyi sevirsiniz?
- Uşaq vaxtı doğum günlərimi valideynlərim qeyd edirdi. Son on beş ildir, doğum günü keçirmirəm.
- Növbəti bir il üçün özünüzə nə arzu edirsiniz?
- Ömrümün axırına qədər ibadət əhli olmağımı arzulayıram. Məndə inam güclü olsun. İkincisi, sağlam olum. Üçüncüsü, insanlara bu dünyada kömək edə bilim. Ən böyük arzum isə odur ki, gənclərimiz arzu ilə yaşasınlar. Məqsəd qoyub arzularına çatsınlar. Sanki o zaman mənim də arzum yerinə yetəcək, gələcəkdə o insanlarla təmasda ola biləcəm. Məni başa düşsünlər, istər metroda, istər avtobusda, istər küçədə… Azərbaycan dili dünyanın ən savadlı, elmi millətləri arasında olsun.
- Hər gün Allaha dua etdiyinizi vurğuladınız. Necə düşünürsünüz, yetərincə Allaha ibadət edə bilirsiniz?
- Bəli, hər gün Allaha dua edirəm. Həyatın özü də ibadətdir. Allahın qanunları ilə yaşayırsansa, bu, ibadətdir.
- İnsanların dinə yanaşma tərzi fərqlidir. Sizin dini baxışınız necədir?
- Mən də ibadəti fərqli görürəm. İbadəti düzgün yaşamaqda görürəm.
- Azad edilən torpaqlarımızda abadlıq işləri aparılır, insanlarımız doğma torpaqlarımıza köçürlər. Bir neçə gün öncə Laçına da köç başladı. Bununla bağlı hər hansı arzunuz və ya təklifləriniz varmı?
- Mənim çoxlu təkliflərim var. Bu haqda danışmağa ixtiyarım yoxdur. Hələ ki, üzərində işləyirik. Amma ən böyük arzularımdan biri gələcəkdə Şuşada öz vəsaitim hesabına kitabxana tikdirməkdir. İstəyirəm ki, orada uşaqlar üçün kitabxana olsun. Kitabxanada mənim və Azərbaycan yazıçılarının əsərləri saxlansın. Bu mənim niyyətimdir, arzumdur.
İnsan arzu ilə yaşamalıdır. Əgər sual versəniz ki, mənim nə narahat edir? Məni ən çox narahat edən odur ki, gənclərimiz arzu ilə yaşamırlar. Biz cavanlıq illərində arzu ilə yaşayırdıq. Mənim valideynlərim da arzu ilə yaşayıblar. Kimsə müəllim, kimsə kosmonavt, kimsə idmançı olmaq istəyirdi. Mənim də o vaxtlar öz yaşıma görə böyük arzularım vardı. Amma indiki gənclər elə deyillər.
- Həyatda sizi ən çox qorxudan nədir?
- Mən heç vaxt düşünmürdüm ki, xatirələrlə yaşayacam.
- Nə vaxtdan xatirələrlə yaşamağa başlamısınız?
- Bir ildir ki, ancaq xatirələrlə yaşayıram.
- Keçmişə səyahət edirsiniz?
- Bəli.
- Həyatınızın daha çox hansı illərinə səyahət edirsiniz?
- Düzü, ətrafımda adamlar da qalmayıb, var, amma azdır. Düşüünrsən ki, kiminlə ünsiyyətdə ola, dərdini bölüşə bilərsən. Kim sənin kitabını oxuyur. Bu gün kitab oxuyan adamların sayı çox azdır. Sual versəniz ki, siz özünüz kitab oxuyursunuzmu? Bəli, kitab oxuyuram. Həyatımı elə qurmuşam ki, insanlara kömək edim. 50 yaşımdan sonra insanları xalqa, millətə, dinə, irqə bölmürəm. Mənim üçün yaxşı və pis insan tipi var.
- Bəhram Bağırzadə üçün yaxşı insan tipi kimdir?
- Mənim ətrafımda olan insanlar... Artıq həyatımda pis insan yoxdur. Bir çox insanlardan uzaqlaşmışam.
- Uzaqlaşdığınız insanların sayı çoxdur?
- Bakılıların bir sözü var. Sual verirlər ki, filankəs haqqında nə deyə bilərsiniz. Cavab verirlər ki, əvvəl yaxşı insan olub, indi bilmirəm. Hazırda bilmədiyim insanlarla ünsiyyət qurmuram. Xəstəlikdən sonra bildim ki, həyatda kim necə nəfəs alır. O, insanlar artıq həyatımda yoxdur. Allahın salamını verirəm, amma onlarla təmasda, ünsiyyətdə deyiləm. Vidalaşmışam onlarla.
- 51 ilin ən anlamlı günü hansıdır?
- Mənim hər günüm anlamlı keçir. Hər gün nəsə anlayıram, özüm üçün dərk edirəm. Dua edirəm ki, Allah ömrümü artırsın, daha çox iş görə bilim.
- Neçə il yaşamaq istəyirsiniz?
- Bilmək olmaz, onu Allah bilir. Amma sağlam yaşamaq istəyirəm.
- 100 yaşlı Bəhram Bağırzadə olmaq istəyərsiniz?
- Axı, o qədər ömür istəmirəm. Mənə maraqsız olacaq. Çünki ətrafımda dostlarım qalmayacaq. Hamısı mənim kimi 100 il yaşamayacaqlar ki… Mənə 100 yaşlı Bəhram olmaq maraqsız görünər, dostlarım, sinif yoldaşlarım olmayacaq. Təbii ki, Allah hər birinə uzun ömür versin!
- Hansı musiqini sevirsiniz?
- Hər bir normal insanın melodiyası var, eləcə də dilin, dinin, millətin. Ümumilikdə hər şeyin melodiyası var və olmalıdır. Memarlığın, sevginin melodiyası olmalıdır. Əhvalım yaxşı olanda Adriano Çelentanonun musiqisini, rəhmətlik atam yadıma düşəndə Aqşin Əlizadənin “Rəqiblər” filmindən “Hüzn Valsı”nı, köhnə Bakını xatırlayanda Polad Bülbüloğlunun “Uşaqlığın son gecəsi” filmində ifa etdiyi "Gəl, ey səhər"i dinləyirəm. Mən musiqi ilə yaşayıram.
- Bu ildən gözləntiləriniz nədir?
- Ən çox istədiyim odur ki, Rusiya və Ukrayna müharibəsi dayansın. Çox istəyirəm ki, Xankəndində normal həyat yaşansın. Zəngəzur dəhlizi açılsın və bütün millətlər ondan bəhrələsinlər.
- Hər zaman siyasətdən uzaq olacağınızı vurğulamısınız. Bu il də eyni düşüncədəsiniz? Yenə də məmur olmağı istəmirsiz?
- Mən azad və azad düşüncəli insanam. Məni niyə çərçivəyə salırsınız?
- Son illər "Planet Parni iz Baku" KVN-nin konsertlərində də iştirak etmirsiniz...
- Mən rəssamam adamam. Millətimə xidmət edirəm, o qədər kitab çap elətdirirəm. Ondan güclü maarifləndirmə işləri varmı? Xahiş edirəm, məni çərçivəyə salmayın. Məmur olmaq istəmirəm, mümkün deyil.
- Televiziyada necə, fəaliyyətinizə davam etməyi fikirləşirsiniz?
- Axı, televiziyalara normal insanlar baxmırlar.
- Bəlkə televiziya auditoriyasını siz dəyişəcəksiniz?
- Yutub kanalı üçün veriliş hazırlaya bilərəm, çünki öncə qeyd etdiyim kimi televiziyalara baxan yoxdur.
- Bəs, özünüz Azərbaycan televiziyalarını izləyirsinizmi?
- Yeddi ildir heç bir televiziyaya baxmıram. Mən televiziyaya nəsə verə bilərəm, televiziya mənə yox!