Müğənni Rəqsanə İsmayılova ARB-də yayımlanan "Səni axtarıram" verilişində həbs edilən prodüser Təranə Səmədovadan danışıb.
Teleqraf.com xəbər verir ki, Rəqsanə İsmayıllova bu sözləri deyib:
"Xəbərim olmadan Suel "Səni axtarıram" verilişinə müraciət edib. Mən Təranə Səmədova ilə həbs edilmədən əvvəl görüşdüm, ona bir çox məsləhətlər verdim. Bu gün Təranə Səmədova haqqında pis bir söz deməyəcəm. Bəlli bir yaşdan sonra səhv etmək olmaz. Mən bu uşaqlara sahib çıxmaq istədim. O, gecə uşaqları döyüb, çölə salmışdı. Moskvadan gələn kimi uşaqları evimə gətirdim, səkkiz ay hər iki qızına baxdım. Kömək etdim, sonra Təranə Səmədova mənimlə dava elədi. Həbsxanadan hər gün zəng edirdi və Suel ilə çox pis danışırdı. Onlar arasında ana-bala münasibəti, mehribanlıq yoxdur. Təranə Səmədova mənə dedi ki, kiçik qızıma bax, Sueli uşaq evinə təhvil ver.
Təranə Səmədova 8 aydan sonra məni məhkəməyə verdi ki, uşaqlarını uşaq evinə verim. Məhkəmə şikayəti rədd etdi. Sonra məcbur olub kiçik yaşlı qızını Kəmalə Ağazadənin rəhbərlik etdiyi Uşaq Sığıncağı-Reinteqrasiya Mərkəzinə verdim. Uşağı oradan da 1 saylı Uşaq Evinə yerləşdirdilər. Mən Təranə Səmədova ilə tamamilə əlaqələrimi kəsdim. Çünki dayanmadan jurnalistlərə zəng vurur ki, haqqımda uşağımı oğurlayıblar və s.deyir. Bir neçə gün öncə yenə Suelə zəng edib, telefonda elə bir sözlər dedi ki, artıq vicdanım qəbul etmədi. Sonra Sosial Xidmətlər Agentliyinə zəng edib dedim ki, bu uşaqların taleyini həll edin. Ona həbxanaya ərzaq göndərirəm, mənə zəng edir ki, bunlar nə gündədir. Mənim sənə borcum yoxdur. Təranənin tutulmasının səbəbkarı Suelin atasıdır. Onu şantaj ediblər".
Təranə Səmədovanın qızı Suel isə verilişə müraciətində bacısı Adelin də Rəqsanə İsmayılovanın evinə yerləşdirilməsini xahiş edib: "Rəqsanə İsmayılova bizə ana kimi baxır. Bacım da buraya gətirilsin. Mən və bacım ağ günə çıxacağıqsa, o, analıq hüququndan məhrum edilsin".
Daha sonra Xoşqədəm Hidayətqızı prodüser Təranə Səmədovanın jurnalist Zülfiyyə Əbülfəzə yazdığı mesajı səsləndirib: “Təranə həbsxanadan mənə də zəng vurmuşdu. O iddia edirdi ki, Rəqsanə onu aldadıb, narkotik həblər verib. Sonra da Narkoloji Dispanserə zəng vurub, onu ora salıb. Bu iddiaların nə dərəcə doğru olub-olmadığını deyə bilmirəm. Xahiş edirəm Rəqsanə xanım bu iddiaları cavablandırsın”.
Rəqsanə İsmayılova isə cavabında prodüserin iddialarının əsassız olduğunu deyib.