Azərbaycan SSR əməkdar incəsənət xadimi, pianoçu, sənətşünaslıq elmləri namizədi mərhum Gülarə Əliyevanın doğum günüdür.
Əməkdar artist Aybəniz Həşimova bu münasibətlə yazı yazıb, video material hazırlayıb.
Teleqraf.com həmin materialı təqdim edir:
Yaşasaydı, bu gün 90 yaşı olacaqdı, Gülarə xanımın. Cəmi 57 il yaşadı. Niyə cəmiyyət üçün dəyərli olanların ömrü qısa olur? İstəyirəm, sizə bir az kecmişimizdən, Gülarəli günlərimdən danışım. 8-ci sinifdə oxuyurdum, Gülarə xanıma zəng etdim;
- Alo, Gülarə xanım salam, axşamınız xeyr.
- Axşamınız xeyr.
- Sizi narahat edən Aybəniz Haşımovadır.
- Ay Aybəniz, sənə qurban olum nə yaxşı oldu zəng etdin?! Necə vaxtdır səni axtarıram. Axır ki, tapdım. Təcili sabah gəl sənə repertuar hazırlayaq.
Səhəri gün getdim. Bir görəydiniz Azadlıq-40 ünvanına çatanda məni həyəcan necə bürümüşdü? Qız sevdiyinin görüşünə gedəndə necə həyəcan keçirərdisə bax, mən də belə həyəcanlı idim. Sən demə, doğrudan da, ilk və əbədi sevgi nəğmələrimin ünvanına gedirəmişəm, xəbərim yox!
Zəngi çaldım. Qapı açıldı və hündür pilləkənləri yavaş-yavaş qalxmağa başladım. Pilləkənlər çox hündür idi. Gülarə xanımı görmək, onun əzəmətli sənətilə tanışlıq həyacanı məni bürüdü.
Nəhayət ki, 3-cü, mərtəbəyə çatdım. Gülarə xanım qapıda dayanıb məni gözləyirmiş. Sanki, illərlə ayrı düşdüyü doğmasına, əzizinə sarılırdı. Elə, həmən gündən başladı hər şey. İlk işi Oqtay Kazımiyə zəng vurub repertuarımı hazırlamaqla bağlı verəcəyi tapşırıq oldu. Bir necə gündən sonra, Tariyel Abbasovu (ansamblın tarzənini) yanına çağırıb “apar Aybənizi Fioletov adına səs yazmaya, mahnılarını oxusun sonra uşağı götür gəl yanıma” dedi. Oxudum, özü də 1 dəfəyə. Heç bir pauza olmadan. Çünki, cəmi bircə saat vermişdi Rafiq Cəbiyev. Vaxtında bitirməsəydim bir də iş qalacaqdı 6 aydan sonraya. Ona da, mənim hövsələm çatardımı?
Boş salon, mən və onun əsrarəngiz ifası. Bu ruhdan doğulan "Dan Ulduzu" ansamblının müşayiəti ilə səslənən musiqilərin sehri vardı. Oxuyurdum sanki, ayaqlarım bu müşayiətin sehrilə qanad alıb göyün yeddinci qatına uçurdu. Çoxlarının arzuladığı, ancaq yaxınına belə düşə bilmədiyi "Dan Ulduzu" ilə oxuyacaqdım. Var gücümlə qışqıraraq sevincimi insanlara bildirmək istəyirdim. Nəhayət ki, arzuma çatdım. Oxudum - “Nə gəlməz oldun”, “Qəlbimdə qaldın”, “İnanmaram”, “Məhəbbət”, “Onu bilmirəm” “Kim uduzdu, kim uddu”, “Ana, Sevgi bayatıları”, “Segah təsnifi”, “Bu gecə”, “Getmə-getmə”, “İndi məni tanımadın”, “Bəs nə deyim”, “Bəri bax”, “Bu dünya” və s. Elə, o gündən sevgi nəğmələrimin çox sayda ünvanları salınmağa başladı. Küçədə insanlar mənə yaxınlaşanda həm sevinir, həm də utanırdım. Sevgim sanki, utandığından üzünə yaşmaq bağlamışdı. Bu yaşmaq bilmirdi ki, məni harada, necə gizlətsin, amma səsim hər gün daha çox yayılırdı onun sayəsində. Hara gedərdisə məni də özü ilə aparardı. Məni öz balası kimi qoruyardı. Axşamlar saat 6-dan sonra qoymazdı küçəyə çıxıb kirayə qaldığım evə gedim. Deyərdi ki, sənə birdən sataşarlar, qız uşağısan səni tək bu saatda qoymaram küçəyə çıxasan. Hansını deyim axı? Öz əlləri ilə yedirdərdi məni. O, mənim bu qəriblikdə atam, anam, bacım, qardaşım idi. Xarici ölkələrə qastrola gedirdik. Hər dəfə yenidən onu kəşf edirdim. Hər ayın 1 günü mütləq xəbərlərdən öncə solo-konsertimi çəkdirərdi. Evlərinə hər gün məşqə gedərdim, oxuduğum yerdə birdən hönkür-hönkür ağlayardı. Sən sonuncu istedadsan, bir də belə istedad doğmayacaq deyirdi mənə. Mən isə, inanmırdım ki, bu sözləri Gülarə xanım ifam üçün söyləyir. Çox sevinir və hədsiz həyəcanlanırdım. Çünki bu sözləri mənə çox böyük sənətkar deyirdi.
Onun məsuliyyətini, həyəcanını hələdə hiss edirəm. Sənətimin ən parlaq dövründə məni və bizi tərk etdi. Vaxtsız ölüm amansızcasına onu aldı əlimizdən. Minirə sənsiz bir günüm olmasın deyirdi, olmadı da. Minirə, canından çox sevdiyin Nuridə qızın da səninlə əl-ələ tutub qoşuldunuz durna qatarına.
Məni isə, öldürüb getsəydi bundan yaxşı olardı. Mən onsuz bir ölüyəm bunu bilin.
Mənə bənzəyəni siz yaşadırsınız əziz tamaşaçılar. Kaş ki, yaşatmayaydınız.
Kaş ki, icazə versəydiniz yer üzündən silinim gedim. Bilsəydim o, belə tez köçəcək, o anda yanında olardım. Məni də apar, deyərdim. Birgə atılaydıq ölümün qucağına. Qoşulub sənətkar qatarına mən də köçəydim bu vəfasız, amansız dünyadan. Təəssüf ki, onu onsuz yaşamağa, yaşatmağa məhkumuq. Firuza İbadova, Mirabbas Mirzeynalov, Ruhəngiz Musəvi...
Bəlkə də o belə istəyir...
Məmməd Araz demiş: "Nə bilim..." Məndən sonuncu istəyi “Bu gecə” mahnısı olmuşdu. Onun xətrinə oxudum. Çünki tonallıq səsimə görə deyildi. Teleteatrda solo konsertimi çəkdirirdi. Sən demə, sonuncu imiş. Tariyel fonoqramı dinləyəndə “Ayka, niyə oxumusan, axı, bu sənin tonallığın deyil” dedi. Birdən Gülarə xanım bərk əsəbiləşib yanımıza fəldi. Dedi ki, mən demişəm oxusun, heç kim Aybənizə söz deyə bilməz. Sonra kövrəlib keçdi royalın arxasına. Getdim yanına sanki, gəlməyimi gözləyirmiş. Heç vaxt, dilinə gətirmədiyi “Aybəniz, birdən mən ölərəm, deyərsən ki, "Bu gecə" mahnısını mənim üçün, mənim xətrimə oxumusan, yaxşı?” İkimiz də kövrəldik. O son və fondda qalan tək konsertimiz oldu.
Səndən sonra, heç bir ansambla solist getmədim, Gülarə xanım.
90 yaşın mübarək, Gülarə xanım!