16 İyul 11:32
1 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Hikmət Rəhimov aktrisa Sanura Cəfərovanın iddialarına cavab verib.

Teleqraf.com-a o, aktrisadan hüquq-mühafizə orqanlarına şikayət etdiyini açıqlayıb:

"Bu haqda çox danışmaq istəmirəm. Məsələ bu gün həllini tapdı və ona qonorarı təqdim ediləcək. Onun haqqımda dediyi "Əgər sənin "Apatiya 2" filmi zamanı mənə və komandanın digər üzvlərinə etdiyin haqsızlıq və əxlaqsızlıqla bağlı məsələlərin qabarmasını istəmirsənsə, çəkiliş meydançasındakı insanların haqqını ver" sözlərinə gəlincə, onun səviyyəsinə düşən deyilik və bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət etmişik. Məsələ cənab nazir Vilayət Eyvazova məruzə olunub.

Bu fikir həqiqətdirsə, isbat etsin. Puluyla bağlı isə iradında haqlıdır və pulunu almalıdır. Problem sponsorla bağlı idi və hamı da bilir ki, ödənişdə problem olub".

"Sanura xanıma nə qədər ödəniş edəcəksiniz" sualına rejissor: "Qonorarı açıqlamaq etik deyil, bu mətbəx söhbətidir",-deyə cavab verib.

Qeyd edək ki, aktrisa Sanura Cəfərova sosial media hesabında bu sözləri yazıb: "Rejissor" Hikmət Rəhimov, məni hər yerdən blok etdiyin üçün səni buraya işarələyə bilmirəm. Amma əminəm ki, sənə çatdıracaqlar. Buradan demək istəyirəm. Sənə yalnız bir həftə vaxt verirəm (yəni 22 iyula qədər).
Əgər sənin "Apatiya 2" filmi zamanı mənə və komandanın digər üzvlərinə etdiyin haqsızlıq və əxlaqsızlıqla bağlı məsələlərin qabarmasını istəmirsənsə, çəkiliş meydançasındakı insanların haqqını ver! Vaxt getdi".

Hikmət Rəhimov "Apatiya 2" filminin ssenari müəllifi və rejissorudur.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər