Teleqraf.com Fransanın Puatye şəhərində yaşayan və təhsil alan Eşqi Camalovla müsahibəni təqdim edir.
- Zəhmət olmasa, özünüz haqqında qısa məlumat verərdiniz...
- 1993-cü il iyun ayının 7-sindә Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Qıvraq kəndində anadan olmuşam. Orta təhsilimi bu kənddə almışam. Məktəbi fərqlənmə attestatı ilə bitirdim. 2010-cu ildə Gəncə Dövlət Universitetinin “Fransız dili” müəllimliyi ixtisasına qəbul oldum.
- Fransada necə ildir yaşayırsız?
- 4 ildir Fransadayam. Əvvəllər də bu ölkədə olmuşdum. Fransaya marağım ikinci kursdan başladı. Çünki əvvəl fransız dili müəllimliyini yox, fərqli ixtisas istəyirdim. Lakin qismət elə gətirdi ki, bu ixtisasa daxil oldum. Dediyim kimi, ikinci kursdan ixtisasıma daha ciddi və məsuliyyətli yanaşdım. Tezliklə nəticəsini gördüm. 2013-cü ilin aprel ayında Fransa səfirliyinin Gəncə şəhərində keçiridiyi tərcümə müsabiqəsində birinci yerə çıxdım, məni təqaüd proqramı ilə Parisə göndərdilər.
Parisdə öyrəndim ki, burada 16 ölkədən tələbə var, mən isə yeganə azərbaycanlıyam. Səsim yaxşı olmasa da mədəni tədbirlərin birində “Sarı gəlin”i ifa etdim. Başqa-başqa tədbirlərə də qatıldım. Proqram bitdikdən sonra Gəncəyə qayıtdım. Həmin il Gəncədə şərab festivalı keçirilirdi. Şərab da deyəndə ağla Fransa və fransızlar gəlir.
Festival çərçivəsində Gəncəyə çoxlu fransız nümayəndə gəlmişdi. Mən festivalda könüllü şəkildə tərcüməçilik edirdim. Tərcüməçilik çox xoşuma gəlirdi və dilimin daha da açıldığını hiss edirdim. Bu fəaliyyətimi eşidən Gəncə şəhərinin icra başçısı 2013-cü ilin dekabr ayında məni yanına dəvət etdi. O zaman Gəncə 2016-cı il üçün “Avropa Gənclər paytaxtı”na namizədliyini irəli sürmüşdü. Gəncədən olan nümayəndə heyəti Fransaya səyahət etməli, görüşlər keçirərək, Gəncənin maddi-mədəni nümunələrini orada təqdim etməliydi.
İcra başçısı o nümayəndə heyəti ilə tərcüməçi kimi mənim getməyimi təklif etdi. Mən də təbii ki, qəbul etdim. 10 gün ərzində biz Fransanın Reyms şəhərinə qonaq olduq. Həmin müddətdə şəhərin icra başçısı, Reyms Universitetinin rektoru və digər rəsmi şəxslərlə görüşdük. Bir maraqlı məlumatı qeyd edim ki, artiq Reyms və Gəncə şəhərləri qardaşlaşıb, universitetlər arasında müqavilə imzalanıb. Bu görüşlərdən sonra şəhər əhalisinə özümüzlə ölkəmizi tanıtmaq üçün apardığımız xüsusi afişaları, plakatları payladıq. Tədbir bitdikdən sonra yenidən Gəncəyə qayıtdıq. Gəncə Dövlət Universitetini fərqlənmə ilə bitirdim.
- Fransaya növbəti dəfə nə məqsədlə getdiniz?
- Bu ölkəyə yenidən gəlmək məqsədim fransız dili biliyimi daha da mükəmməlləşdirmək idi. Hətta dostlarımın yanında deyirdim ki, mən fransız dilini fransızlardan daha yaxşı öyrənməliyəm. Fransadakı səfərdən dönəndən sonra bir neçə Fransa universitetinə namizədliyimi göndərdim və Puatye universitetindən “Web” proqramı çərçivəsində 10 aylıq təqaüd proqramını qazandım. Bu proqram magistraturaya hazırlıq idi.
2014-cü ildə qəbul olduğum proqram çərçivəsində Puatyeyə gəldim. Bu proqramı həmin il qazanan və hazırda bu şəhərdə yaşayan tək azərbaycanlıyam. 2015-ci ilin iyun ayına kimi proqramımız davam etdi. Əvvəlcədən deyilmişdi ki, yaxşı nailiyyət göstərə bilsək, magistraturaya sənədlərimizi göndərə bilərdik. Mənim də qiymətlərim yaxşı olduğuna görə sənədlərimi verdim və dilin didaktikası üzrə magistraturaya qəbul oldum. İkinci dəfə Fransa səfirliyinin yüksək məbləğli təqaüdünə layiq görüldüm.
Təqaüd proqramının vaxtı bitdikdən sonra universitetdə işləmək üçün müraciət etdim, kiçik işlərdə, kitabxanada işləməyə başladım. Yəni həm işləyirdim, həm də oxuyurdum. Bu da mənə çox böyük həzz verirdi. Həmçinin yaxşı təcrübə qazanırdım. Magistraturanı fərqlənmə diplomu ilə bitirmişəm və doktoranturanın hazırlığına başlamışam.
- Fransada hansısa ictimai fəaliyyətiniz varmı?
- İctimai fəaliyyət kimi universitetdə işləyirəm. Mənim işlətdiyim multi-media otağı var, tələbələr gəlib burada kompüterlə bağlı iş görə, sənədlərini çap edə bilərlər. Mən eyni zamanda imtahan nəzarətçisiyəm, qiymətləndirilmələrdə iştirak edirəm. Universitetimizin Dilçilik və ədəbiyyat fakültəsini lisey tələbələrinə və onların ailələrinə təqdim etmək kimi vəzifəm də var. Bundan başqa mən bir kitab müəllifiyəm. Azərbaycanlı tələbələr üçün A2 səviyyəsində "Progresser ensemble en français" fransız dili dərsliyini hazırlamışam. Magistraturada müdafiə zamanı bu təşəbbüsümü çox bəyəndilər.
- Azərbaycana tez-tez gəlirsiz?
- Azərbaycana ildə bircə dəfə gәlirəm. O da adətən iyun ayında, hardasa 10-15 günlük...
- Valideynlərdən, vətəndən ayrı, tək yaşamaq çətin deyil ki?
- Çətin deyil. Hələ Gəncədə oxuyanda valideynlərimdən kənarda qalırdım deyə öyrəncəliyəm. 8 ildir tamam kənardayam. Əlbəttə, vətənim üçün darıxıram. Hava limanına daxil olanda insanı gülər üzlə, “xoş gəlmisiz”lə qarşılayırlar. Onun yerin heç bir hiss əvəz edə bilməz. Hələ 5 il də buradayam. Təhsilim 2022-ci ildə bitəcək.
- Ətrafınızdakı insanlara ölkəmizi necə tanıdırsız, maraqla qarşılayırlarmı?
- Təbii ki, maraqla qarşılanıram. Burada yaşayan tək azərbaycanlı olduğumu deyəndə isə daha maraqlı olur.
- 20 Yanvar faciəsi, Xocalı soyqırımı haqqında fransızların hansısa məlumatı varmı?
- Bir çox fransızlar Azərbaycan adlı ölkə haqqında uzun müddət məlumatsız olublar. Azərbaycan bir vaxtlar SSRİ-nin tərkibində olduğu üçün ölkəmizin adını çəkəndə ilk ağıllarına SSRİ-i gəlir. Təbii ki, mənim borcum, göstərməli olduğum fəaliyyət növlərindən biri də ölkəmiz haqqında məlumat verməkdir.
20 Yanvar faciəsi, Xocalı soyqırımı haqqında isə fransızların heç bir məlumatları yoxdur. Bunun üçün də özümdə bir adət formalaşdırmışam ki, hər il kiçik tədbirlər keçirim. Həmin tədbirlərdə faciələrimiz barədə məlumatlar verirəm.
Məsələn, 2015-ci ildə Xocalı soyqırımının ildönümü ərəfəsində xüsusi köynəklər hazırlamışdım. Onları geyinib, şəhərdə gəzirdim. Həmin köynəyin üzərində yazmışdım: “Mən yasdayam. Əgər mənim yasımı paylaşırsızsa, mənim kürəyimə qəmgin smaylik yazın”. Həmin smayliki yazanlar çox oldu. Suallar da verirdilər. Mən də məmnuniyyətlə sualları cavablandırır, ermənilərin vəhşiliklərini çatdırırdım.
Keçən il TEAS (Avropa Azərbaycan Cəmiyyəti-red.) çərçivəsində “Fransada Xocalı” mövzusunda inşa yazı müsabiqəsinə qatıldım və birinci yeri qazandım. Bu il isə universitetdə “Ucadan oxu” layihəm olacaq. Xocalı soyqırımı barədə məlumatlar verəcəyik. Bu dəfə mən tək olmayacam. 20-yə yaxın dostum da mənə kömək edəcək.
- Qürbət eldə darıxanda nə edirsiz? Ölkəmizdə baş verənləri izləyirsizmi?
- Darıxmağa vaxtım olmur. Çünki bura oxumaq və işləmək üçün gəlmişəm. Daim təhsil və işlə məşğul oluram. Təbii, ölkəmiz barədə xəbərlərə də baxıram, gündəmi izləyirəm.
- Azərbaycanlı dostlarınız varmı və onlarla necə münasibət saxlayırsız?
- Dediyim kimi, burada tək azərbaycanlı olduğum üçün bu şəhərdə azərbaycanlı dostum yoxdur. Amma internet üzərindən əlaqə saxladıqlarım çoxdur.
- Fransız xanımla evlənərsiz?..
- Seçim kimi fransız, alman və başqa millətlərdən olmasının fərqinə varsam, irqçilik kimi çıxar. Amma insanın özünə uyğun xanım olsa, fərqi yoxdur, hansı millətdən və irqdəndir...
- Fransada təzə yaşamağa başlayandan sizi ən çox sarsıdan və ya təəccübləndirən nə olub?
- Fransada belə bir qayda var ki, xanım tələbə yoldaşınız və ya dostunuzla görüşərkən iki dəfə üzündən öpürsüz. Kişilərin isə əlini sıxırsız. Azərbaycanda bu adət fərqli və əksinədir. Azərbaycandakı qız tələbə yoldaşlarımın maksimum əlini sıxırdım. Qalan vaxt uzaqdan salam verirdik. Kişi dostlarımla isə həm əl sıxır, həm də öpüşüb görüşürdüm. Bu baxımdan fərqlidir.
Bura gələndə tələbə qız yoldaşlarımdan biri mənə yaxınlaşıb, üzümdən öpmək istəyəndə mənə qəribə gəldi. Ancaq sonra öyrəşdim. Bunda pis bir şey yoxdur. Bu ənənə Fransa mədəniyyətidir.
- Təhsil səviyyəsində hansı fərqlər və maraqlı məqamlar var?
- İmtahanlar yazılı və şifahi keçirilir. Azərbaycanda mən universitetdə imtahanlarımı kompüter üzərindən verirdim. Burada elə vaxt olub, 5 saat yarım yazı yazmalı olmuşam ki, normal qiymət alım.
- Oxucularımız üçün şəhəri təsvir edə bilərsiz?
- Puatye çox gözəl tələbə şəhəridir. Buranı çox sevirəm və artıq bura öyrəşmişəm. Elə də böyük şəhər deyil, 90 min əhalisi var. Şəhər tədris ilində dolu olur, amma yay tətilində nisbətən boşalır. Şəhər yaşıllıqla doludur. Ətraf meşələrlə əhatə olunub. Şəhər Atlantik okeanından 100 km məsafədə yerləşir. Okeana tam yaxın olmaması müsbət haldır, yağış yağmır, iqlimi mülayimdir və 4 ildir burada qar görməmişəm.
Sakinləri həqiqətən yaxşı, səmimi, köməyə hazır və sosialdırlar. Burada çoxlu dostlarım var. Şəhərin ortasından çay keçir. Gəzmək, oxumaq üçün yerlər var. Məsələn, məni oxuduğum universitet 1431-i ildə yaradılıb və ölkənin ilk universitetlərindən biridir. Kitabxanalarla bol şəhərdir. Qala divarlarla əhatə olunub... Bir sözlə, gözəl bir yerdir.