“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Premyer Liqanın 24-cü turunun “Sumqayıt”la matçından sonra (1:0) maraqlı hadisə yaşanıb.
Teleqraf.com xəbər verir ki, Ağdam klubunun baş məşqçisinə keçirdiyi mətbuat konfransında fiziki məhdudiyyəti olan bir jurnalist belə bir sual ünvanlayıb: “İki il əvvəl “Qarabağ” dalbadal üçüncü çempionluğu udanda siz öz qızıl medalınızı mənə verdiniz. O vaxt çoxları belə düşünürdü ki, Qurban Qurbanovun əlilə yazığı gəlib. Yaxud kimlərsə deyirdi ki, Qurban Qurbanov bununla özünə xal yığır. Əlbəttə, bu, belə deyil. Amma mənə maraqlıdı, niyə siz o vaxt qızıl medalınızı mənə hədiyyə etdiniz?”
Bu suala “Qarabağ”ın baş məşqçisi belə cavab verib: “Qısa deyəcəyəm. Düşünürəm ki, sən “Qarabağ”ın azarkeşisən. Buna görə də mən səni sevir və hörmət edirəm. Məhz buna görə də sənə həmin medalı hədiyyə etdim”.
Qurban Qurbanovla jurnalist arasındakı bu dialoq alqışlara səbəb olub.