16 İyul 2018 09:07
4 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Haiti və Dominikadan başqa bütün Latın Amerikası ölkələrini gəzdim. Yoxsul və ac adamlar gördüm. Tibb elmində yüksəlmək əvəzinə bu insanlara yardım etmək qərarını verdim”, - Çe Gevara gündəliyində yazır.

1956-cı il. Meksika…

Fidel Kastro və Ernesto Çe Gevara şam yeməyindən sonra söhbət edirlər. Kastro Çe Gevaradan soruşur: “Mənimlə Kubaya gedib inqilab edəcəksən?”

Çe cavab verir: “Sən bir az dəlisən. İnqilab edib xalqı xilas edəcəyik?”

Biri-birlərinə baxıb gülürlər. Kastro: “Bəli. Ernesto, cavabını gözləyirəm”.

Çenin “Razıyam. Amma bir şərtim var, Kubadan sonra bütün Latın Amerikasında, sonra bütün dünyada inqilab edəcəyik”, cavabına Kastro gülümsəyərək, “Mən bir az dəliyəm, amma, dostum, sən zır dəlisən”, deyir.

Lakin sonrakı illərdə Kuba inqilabının lideri Fidel Kastronun fikirlərinin əksinə olaraq SSRİ-ni tənqid edərək, Çinin Mao rejiminə rəğbət bəsləyən Çe Əlcəzair çıxışından sonra Kubaya qayıtdı və ictimai-siyasi proseslərdən geri çəkildi. Sonra tamamilə yoxa çıxdı. 32 ildən sonra Kubaya tabutda geri qayıtdı. İnqilabın uğur qazandığı Santa-Klarada onun və 9 partizan yoldaşı üçün hazırlanmış mavzoleydə dəfn olundu. Tabutda onun cəsədi yox, sümükləri gətirilmişdi. Dünyanın sonuncu inqilabçısı öləndə 39 yaşında idi.

“Latın Amerikasının İsası”

ABŞ Prezidenti Conson Çe Gevaranın Boliviyada olmasından CIA yetkilisi Valt Rostovun 1967-ci ilin iyunun 23-də ona verdiyi məlumatdan sonra xəbər tutdu. Prezident dərhal agentləri Qustav Villoldo və Feliks Rodrigesi Boliviyaya göndərdi. Conson həmin ilin 9 oktyabrında Boliviya ordusunun La Higera yaxınlığında 3 partizanı öldürməsi məlumatını alır. 2 nəfər isə yarlı ələ keçirilmişdi. Agentlər Vaşinqtona yazdıqları məktubda “Yaralı ələ keçirilən və boliviyalı əsgərlərin güllələdiyi şəxslərdən biri 99% Çe Gevaradır”, - qeydi vardı.

Səhəri gün – oktyabrın 10-da Valleqrand şəhərindəki Malta xətəxanasının hamamında fotoqraf Freddi Albort “Latın Amerikasının İsası” adlandırdığı Çe Gevaranın məşhur gözləri və şalvarının düyməsi açıq cəsədinin şəklini çəkdi. Bundan sonra cəsəd yarıldı. Həkim Moses Abram və assistenti Joze Mariya Kazonun imzaladığı hesabata görə isə inqilabçı sinə və ayaqlarından 9 güllə yarası alıb. Kimliyinin dəqiqləşdirilməsi adı altında, Vaşinqtondan gələn zənglə hər iki əli biləklərindən kəsildi və dondurulmuş cəsədi La Pas qərargahına göndərildi. Cəsədin əvvəlcə yandırılması tələb olundu, lakin Boliviyanın ucqar dağ qəsəbəsində basdırıldı. Kəsilmiş əlləri isə öldüyündən əminlik yaratmaq üçün Vaşinqtona göndərildi. Lakin cəsəd Malta xəstəxanasına gətirilərkən orada olan amerikalı jurnalist Con Li Anderson 30 il sonra onun Çe Gevara olmadığını iddia etdi. “Ziyarət üçün xəstəxanaya gələn insanlar da onun Çe Gevara olmadığını deyirdilər”, deyə jurnalist yazmışdı.

Köhnə aeroportdakı sümüklər

1997-ci ildə Boliviya hökuməti Argentinanın müharibələrdə itmiş insanları tapmaq üzrə ixtisaslaşmış EAAF adlı təşkilatından kömək istədi. Kubalı mütəxəssislərin də qoşulduğu EAAF-ın Valleqrand şəhərindəki köhnə aeroportda apardığı araşdırma zamanı sümüklərə rast gəlindi. Təşkilat rəhbəri Luis Fondebrider aşkarlanan sümüklərin Ernesto Çe Gevaraya məxsus olduğunu açıqladı. İnqilabçının nəşi dəfn olunmaq üçün Santa-Klaraya göndərildi. Lakin araşdırmalar həmin vaxt Çe Gevaranın diş və sümüklərinin analizinin aparılmadığını ortaya qoyur. Həmin vaxt Boliviyanın müxtəlif bölgələrində tapılan insan sümükləri də analiz aparılmadan kimlikləşdirilmişdi. Bu sahədə iş aparan Havana Genetika Mərkəzindən həkim Leonard, Kriminal Laboratoriyadan Pena və Tibb İnstitutundan Bakallo məsələ barədə qəzet və jurnallarda öz hesabatlarını da dərc etdirdilər.

“Üzünə atəş açmayın”

2007-ci ildə CIA-nın 71 yaşlı keçmiş əməkdaşı aşkar olunan sümüklərin Çe Gevaraya məxsus olmadığını iddia etdi: “Tapılan sümüklər Çe Gevaraya məxsus deyildi. Onu mən dəfn etmişəm. Basdırmazdan əvvəl saçlarını kəsdim. DNT analizi aparmağa icazə versələr, dəfn olunduğu yeri ailəsinə göstərərəm”.

CIA agenti Feliks Rodriges də Çenin güllələnməsində iştirak etmiş və “Üzünə atəş açmayın” əmrini vermişdi. Kuba inqilabından sonra ABŞ-a mühacirət edən Rodriges uzun illərdən sonra qolundakı polad “Rolex” saatı jurnalistlərə göstərərək Çe Gevaranın biləyindən çıxartdığını dedi. O, jurnalistlərə Çenin heç yerdə görünməyən son fotosunu da göstərdi. Şəkildə əlləri qandallı inqilabçının ətrafında 3 əsgər vardı.

Santa-Klara movzoleyində dəfn olunmuş sümüklərin Çe Gevara olmadığını iddia edənlərdən biri də kubalı CIA agenti Qustav Villoldodur. 2007-ci ildə inqilabçıya məxsus olduğu “xatirələri” (cəsədinin heç yerdə görünmədiyi foto-şəkili, barmaq izləri və yüzə yaxın saç tükü) hərracda 119 500 dollara satdı. Maraqlıdır ki, Boliviyadan tapılan onlarla insan sümüklərinin Ernesto Çe Gevaraya aid olduğu bildirildi və heç vaxt da bu sümüklərin DNT analizi aparılmadı. Maraqlı iddia Çenin hələ də yaşamasıyla bağlıdır.

“Norton”la inqilab yollarında

Ailəsinin zənginliyindən imtina edən Ernesto Çe Gevara ölümündən 14 il əvvəl - 1953-cü ildə Tibb Universitetini bitirdikdən sonra 1939-cu il istehsalı “Norton” markalı, sevimli motosikleti ilə Latın Amerikası səyahətinə çıxdı. Səyahətə dostu Qrando ilə başlamışdı. Peruda yolxucu xəstələr üçün nəzərdə tutulmuş koloniyada könüllü işlədi. Bütün Amazon sahillərini keçərək Peru ilə yanaşı, Kolumbiya və Venesuelada oldu. 1953-cü ildə Kubada Batista rejiminə qarşı Kastro iqnilabı başlayırdı. Kuba inqilabı Kosta-Rikanın Monkada qəsəbəsində planlaşdırılmışdı və buradan Kubaya ilk hücum olacaqdı.

Fidellə şam yeməyində

Monkadadan Qvatemalaya gələn Çe burada Fidel Kastronun inqilabi ordusunun zabitlərindən Niko Lopeslə görüşdü. Ernestoya “Çe” ləqəbini də Lopes vermişdi. “Çe” “chebol” sözünün lakonik formasıdır, mənası “bolşevik”, bəzi mənbələrdə isə “ey” deməkdir. O, Qvatemalaya həkimlik işi üçün gəlmişdi, lakin arzusuna çata bilmədi. 1954-cü ildə burada Lopes vasitəsilə kubalı inqilabçılarla tanış oldu. Həmin vaxt Qvatemalanın Yakob Arbenz rejimi ABŞ tərəfindən devrilmişdi, Ernesto bu hadisədən sonra Mexiko şəhərinə gəlməli oldu. Monkada hücumundan sonra həbs olunaraq 16 il cəza alan Fidel Kastro 21 aylıq həbsdən sonra Batista tərəfindən əfv olundu. Bundan sonra Niko Lopes Ernesto Çe Gevaranı Fidelin qardaşı Raul Kastro ilə tanış etdi. 1 ay sonra Çe Raulun vasitəsilə Fidel Kastro ilə tanış oldu. Həmin gün Mexikodakı şam yeməyindən sonra Çe Kuba inqilabına qoşulmaq barədə Fidelə razılıq verdi.

İnqilab sahillərində

1956-cı ilin noyabrın 25-də Meksikanın Tuxpan şəhərinin Verakruz limanından 50 min pesoya ABŞ-dan alınmış “Granma” gəmisiylə Kubaya doğru yola düşüldü. Dekabrın 2-də gəmi Granma vilayətinə çatdı. İnqilabçılar bir neçə günlük səfərdən sonra torpağa ayaq basdılar. Gəmidə kubalı olmayan yeganə adam Ernesto Çe Gevara idi.

İnqilabçıları sahildə Batista ordusu qarşıladı. Əksəriyyəti öldü, Çe isə yaralandı. İnqilabçılardan yalnız 15 nəfər sağ qalmışdı. Çe bu iqnilaba həkim kimi qatılmışdı, lakin hücum əsnasında həkim çantasını kənara ataraq ölmüş yoldaşının silahını götürmüşdü.

Hadisədən 6 gün sonra inqilabi birlik bir araya yığıldı və Sierra-Maestra dağlarına çəkilərək rejimə qarşı partizan müharibəsinə başladı. Çe bu vaxt partizanlar arasında özünü lider kimi aparırdı və Fidel Kastro tərəfindən komandante təyin olunmuşdu. 3 illik savaşdan sonra Batista rejimi 1959-cu ilin fevralın 7-də devrildi. Ernesto Çe Gevara Kubanın inqilabi hökuməti tərəfindən “doğuluşdan Kuba vətəndaşı” élan olundu. Meksikadan Kubaya gəlməzdən əvvəl isə həyat yoldaşı Hildadan boşanmışdı.

Kubadan gediş

1959-cu ilin oktyabr ayında Kubada kənd təsərrüfatı islahatları keçirildi. Noyabrda isə Ernesto Fidel tərəfindən Kuba Mərkəzi Bankının rəhbəri təyin olundu və inqilabi hökumətin ilk milli valyutasını çap etdirdi. Pullar Çe imzasyla və üzərində şəkər qamışı yığan kəndli şəkilləriylə çap olundu.

1964-cü ildə BMT-nin Nyu-York sammitində ABŞ-ın Vyetnama hərbi müdaxiləsini kəskin dillə tənqid etdi. Bu çıxışından sonra ABŞ-ın CBS telekanlına müsahibə verdi. Bu vaxt Çe Gevara dünyanın ən məşhur və qalib gəlmiş inqilabçısıydı. Dekabrda 3 aylıq çıxdığı səyahətdə Çin, BƏƏ, Misir, Əlcəzair, Qana, Qvineya, Mali, Dahomey, Konqo və Tanzaniyada oldu. İrlandiya və Fransa səfərlərindən sonra SSRİ-yə (Moskva) gəldi. Moskva səfərindən sonra SSRİ barədə mənfi fikirə düşən Çe Çinin kommunist Mao rejiminə qarşı rəğbəti artdı. Bu, Fidel Kastro və Çe Gevara arasında narazılıq yaratdı. Təsadüf deyil ki, Moskva səfərindən Kubaya qayıdan inqilabçı vəziflərindən imtina edərək, ölkəni tərk etdi. Fidelə yazıdığı məktubunda Kuba vətəndaşlığından da imtina etdiyini və inqilab üçün başqa ölkələrə gedəcəyini yazırdı.

“SSRİ donuz fermasına oxşayır”

Qlobal sosialist inqilabın arxasında olan Ernesto Çe Gevara Moskvanı 14 respublikanı əsarət altında saxlamaqda, ABŞ-ı kapitalist müstəmləkəçilikdə ittiham etdi.

Yazıçı Eberto Padilla SSRİ-ni tənqid edərkən Ernesto Çe Gevara onun sözünü yarımçıq kəsir və deyir: “Bunu dinləmək istəmirəm. O donuz ferması haqqında hər şeyi bilirəm. Şəxsən özüm görmüşəm”. Alberto Qranadoya görə, qüsurlu Sovet modelini tənqid etməklə Çe Gevaranın ölümü arasında əlaqə var: “Kastronun bu modeli Kubaya yamamağa çalışdığı üçün əsəbləşmişdi. O, SSRİ-ni səmərəsiz, bürokratik və içi boş zəfərlərlə oldu olan qutuya oxşadırdı. Çe Gevara ölümünə yaxın illərdə Sovet iqtisadiyyatını tənqid edən kitab yazmağa çalışırdı. Fidelin xəstə mərkəziyyətçi Stalini özünə nümunə götürməsini qəbul edə bilmirdi. Buna görə də, Sovet İttifaqının qüsurlu olmasını isbat etməyə çalışırdı”.

İki və üçdən çox Vyetnam

ABŞ – Vyetnam müharibəsində ikincini dəstəklədi. Vyetnamın Amerika üzərindəki qələbəsindən sonra məşhur “İki və üçdən çox Vyetnam yaradaq, inqilabın kodu budur” ifadəsini işlətdi.

Bundan sonra Əlcəzair və Mərakeşdəki xalq hərəkatlarında iştirak edən çe Gevara 1967-ci ildə Boliviya inqilabına qatılmaq üçün Latın Amerikasına qayıtdı. Nizamsız şəkildə qurulmuş partizan birlikləri ilə Boliviyada inqilabi hərəkata qoşulan Çe burada rejimin peşəkar ordusu qarşısında tab gətirə bilmədi. Ələ keçirildi.

Edamını həyata keçirən əsgər gərgin idi, əlləri bağlı inqilabçıdan qorxurdu. Əllərinin əsdiyini görən Çe Gevara boliviyalı əsgərə “Bura məni öldürmək üçün gəldiyini bilirəm. Vur məni qorxaq, bununla yalnız bir adamı öldürmüş olacaqsan, lakin mənim kimilər yaşayacaq”, dedi.

Fidelin xəyanəti

2014-cü ildə İtaliyanın “Corriera Della Sera” qəzetinə müsahibəsində Çenin partizan yoldaşlarından biri Fidel Kastronun Ernostaya xəyanət etdiyini iddia etdi:

“Çenin SSRİ-yə qarşı çıxması Kubanın ittifaqla əlaqələrini gərginləşdirmişdi. Kastro isə ABŞ-ın Kubaya təzyiqlərinə dözmək üçün SSRİ-nin dəstəyini itirmək istəmirdi. Kastronun xəbərdarlıqlarına baxmayaraq, Çe Gevara Moskvaya qarşı çıxırdı. Buna görə əlaqələri qırıldı. SSRİ Çenin edamına qərar verdi. Nəticədə Kastro Boliviya meşələrində gizlənən Ernestonu ələ verdi. Həmçinin inqilaba Fidel Kastronun başçılıq etməsinə baxmayaraq, xalq kütləsi Çe Gevaranı lider kimi görürdü. Yəni Çenin öldürülməsində Fidelin qısqanclığı və nüfuzu məsələsi də rol oynayırdı”.

70 yaşlı kubalı gerilla Daniel Alarkon Ramirez qeyd edir ki, Ernesto Çe Gevara Boliviyaya gedərkən özünə xəyanət olunacağını bilirdi: “Həmin vaxt Kuba Kommunist Partiyası da gizli şəkildə Çe Gevaranın ölümündə Fidel Kastroyla aralarındakı soyuqluğun rol oynadığını dəstəkləyirdi”.

Fidel Kastronun özü də ispan jurnalist İqnasio Ramonetə müsahibəsində Çe Gevara ilə aralarında anlaşılmazlıq olduğunu etiraf edib: “Çe Boliviyaya hazırlıqsız getdi. Ona həyatını təhlükəyə atmamağı tövsiyyə etdim. Lakin Çe istədiyini etdi və Boliviyaya tez getdi”.

Qadın ayağına dolaşmış ip

2012-ci ildə həyat yoldaşı Aleida Març Ernesto Çe Gevara haqqında xatirlərindən bəhs edən “Çe Gevara ilə həyatım” adlı kitabı nəşr etdirdi. Aleida kitabda Çeyə olan sevgisindən və gələcək planlarından bəhs edir.

21 yaşlı kubalı müəllimə Aleida çe ilə 1958-ci ildə tanış olmuşdu. Həmin vaxt 26 İyul Hərəkatının üzvü idi. Təşkilat tərəfindən Eskambray dağlarında kuriyer kimi vəzifləndirilmişdi. Çe Aleidanı burada tanıdı, lakin inqilabçı qadın onu çoxdan tanıyırdı. Partizanların pirat radiosu “Rebel”də tez-tez Çe haqqında danışılırdı. Batista rejiminin Ernesto Çe Gevaranın şəkilləriylə bəzədiyi “Axtarılır” posterləri Aliedanın doğulduğu Santa-Klaranın prospekt və küçələrini bəzəyirdi. Bir gün partizanlara çatdırılması lazım olan pulları gətirmişdi. Görkəmindən şəhərliyə oxşayan, bu bəstəboy gözəl qadın pulları buduna bağlamışdı. Bağladığı ipi aça bilmədiyini görən Aleida Çedən kömək istəyir. Uzun illərdən sonra həyat yoldaşına yazdığı məktubda Çe Gevara ipi açarkən qəşəng ayaqlarından vəcdə gəldiyini etiraf edirdi.

“Bir daha o CİP-dən düşmədik”

Ernesto ilə ilk görüşdən sonra Aleidanı kənara çəkən yoldaşı Marta inqilabçı haqqında nə düşündüyünü soruşur. “Pis deyil” cavabını verən Aleida Ernestonun sual dolu baxışlarından narahat olduğunu və yaşlı göründüyünü deyir. Çeni çoxdan tanıyan Marta inqilabçının zərif əllərinin olduğunu bildirir: “Əlləri nə qədər gözlədir, görmədin?”. Aleida ilk dəfə Çenin gözəl əllərinin olduğunu görür və sonradan inqilabçını yaxından tanımağa çalışır. Kuryer qızlar partizan düşərgəsində 4 gün qalırlar. Partizan mühitindən təsirlənən Aleida onlara qatılmaq haqda düşünür. Arzusunu Çe Gevaraya bildirir. O, gənc qadına düşərgədə tibb bacısı işləməyi təklif edir. Lakin partizan olmaq istəyən Aleida təklifi rədd edir. Çe Aleidanın agent olmasından şübhələnirdi. Lakin bir gün Aleida kürəyində çantayla yol kənarında dayananda çenin CİP- i qarşısında dayanır. “Gəl, döyüşə gedirik”, deyir. Partizan qadın xatirlərindən bu hadisəni “Minmək o minmək oldu, bir daha o CİP-dən düşmədik”, şəklində təsvir edir. Şəxsi əlaqə gözləməyən və özünü sırf inqilaba həsr edən Aleida əvvəlcə tanışlıqdan narahat olduğu Ernesto Çe Gevaranı yaxından tanıdıqca aşiq olurdu. Gözlənilməz taktikalarla ən çətin döyüşlərin öhdəsindən gələn Çe düşmənin gücünü nəzərə almadan zəfərlər qazanırdı. Aleida Çe ilə birlikdə cəbədən-cəbhəyə qaçır, həmişə eyni yerlərdə olurdular.

…yenə pıçıltıyla danışan Çenin nə dediyini anlamadı

1958-ci ilin payızında Santa-Klaraya gedərkən yolda Çe Gevara gözlənilmədən şəxsi həyatından danışmağa başladı. Aleidaya perulu həyat yoldaşı Hilda və qızı Hilditadan danışdı. Aleida kitabda yüngül boğunuq və dərin səsi olan Çenin gecələr batıq səslə danışdığını yazır. Bir gün buldozer əvəzinə ingilis dilində “caterpillar” (“tırtıl böcəyi”) sözünü işlədən Çenin ispan dilində nəsə dediyini zənn edən Aleida inqilabçının ona eşq élan etdiyini düşünür. Bu, aralarında eşq macərasının başlaması hadisəsiydi.

1959-cu ilin yanvarın 1-də avtomobildə yan-yana əyləşərkən Çe Aleidanı sevdiyini etiraf edir. Aleida o qədər yorğun və yuxusuz idi ki, yenə pıçıltıyla danışan Çenin nə dediyini anlamadı. Yenə də “caterpillar” hadisəsi kimi bunu da yalnış anladığını düşünür. Anlaşılmaz vəziyyətdə cavab vermir və yuxuya gedir. Uzun illərdən sonra “Çeyə o an kaş ki, gözlədiyi cavabı verəydim”, deyən Aleida o günü həm sevinc, həm də kədərlə xatırladığını yazır. Ernesto Çe Gevara və Aleida 1959-cu ilin iyunun 2-də evlənirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər