Duşko Popov - serb əsilli ikili casus. Dünyanın ən məşhur agentlərindən hesab olunan Popov haqqında geniş informasiya yoxdur.
Teleqraf.com dünyaya Ceyms Bond obrazı kimi təqdim olunan Popovun hekayəsini təqdim edir.
Popov 1912-ci ilin 10 iyulunda Serbiyada çox zəngin bir ailədə dünyaya gəlib. Əgər II Dünya müharibəsi baş verməsəydi, şübhəsiz ki, Popovun zəngin həyat tərzi uzun müddət davam edəcək, dünyaca məşhur vəkil olacaqdı. Ancaq müharibə buna imkan vermədi. Həyat onu cəsur və istedadlı bir casusa çevirdi.
Serb əsilli Popov Almaniyada Frayburq Universitetinin hüquq fakültəsində təhsil alıb. Hələ 100 il əvvəl o, universitetə BMV və Mersedes markalı avtomobillə gəlirdi.
Zəngin olmasına baxmayaraq, beyni boş tiplərdən olmayıb. Günlərin birində o, barda nasizmə simpatiya bəsləyən şəxslərlə mübahisə edir, azadlığın daha vacib olduğunu bildirir və buna görə həbsə atılır.
Universiteti bitirdikdən sonra Almaniya xeyrinə casus olaraq işə başlayır. Bunu onu həbsxanadan çıxaran dostu xahiş edir. Popov bu təklifi qəbul edir, ancaq daxilən belə bir fəaliyyəti heç vaxt arzulamamışdı. Bununla belə, Popov Almaniya üçün etdiyi casusluğu avantaja çevirə bilir.
O, eyni zamanda ingilislər üçün də casusluq etməyə başlayır və Mİ 6-nın ən etibarlı əməkdaşı olur. Almanlara sistematik dezinformasiyalar verən casus İngiltərənin maraqlarını incə şəkildə qorumağı bacarır.
Popovun nə dərəcədə istedadlı casus olduğu isə Yaponiyaya getdiyi zaman ortaya çıxır.
Almanların istəyi üzrə bir informasiyanı öyrənmək məqsədilə Yaponiyaya gedən Popov yaponların Amerikaya qarşı hücum planı hazırladığını müəyyən edir. Və bu vacib informasiyanı dərhal İngiltərə kəşfiyyat xidməti vasitəsilə Amerika rəsmilərinə çatdırır. Lakin Vaşinqton rəsmiləri Popovun əldə etdiyi kəşfiyyat informasiyasının etibarlılığına şübhə ilə yanaşır. Bu informasiyaya şübhə edən ABŞ rəsmiləri 2400 amerikalı əsgərin ölümünə rəvac vermiş olurlar.
Məhz yaponların bu hücumundan sonra ABŞ Prezidenti Ruzvelt ölkənin kəşfiyyat orqanının olmadığını başa düşərək Mərkəzi Kəşfiyyat Xidmətinin qurulması haqqında göstəriş verir.
II Dünya müharibəsi Almaniyanın məğlubiyyəti ilə başa çatır və bu zaman Popov səssizcə ortadan yoxa çıxır. Casus olduğu haqqında kiminsə bilməsini istəmir.
Lakin onun XX əsrin ən qüdrətli, ağıllı casuslardan biri olduğu İan Fleminqin yazdığı kitabda ortaya çıxır. Sonradan bu kitab əsasında “Ceyms Bond” filmi çəkilir. Yəni filmdəki Ceyms Bond obrazı əslində həyatdakı Duşko Popov idi. Ancaq Popov “Ceyms Bond”u heç sevmir, hətta “Bondun bir casus olaraq 48 saat iş başında qala biləcəyinə şübhə edirəm” fikrini işlədib.
Məşhur casus 1981-ci ildə, 69 yaşında Fransada vəfat edir. Həddən artıq alkoqol və siqaret qəbul etdiyindən həyatının son illərini yataqda keçirib. Müasirləri, elə onun haqqında kitab yazan keçmiş kəşfiyyatçı İan Fleminqin Popovun Ceyms Bond obrazı qədər istedadlı, cəsur və ağıllı olduğunu qeyd edir. Casus Popov həm də uzun illər aktrisa Simone Simonla eşq yaşayıb. Onların fotoları qəzet səhifələrini bəzəyib. Lakin bu qədər göz önündə ikən Popovun casusluğu necə bacarması, dünyanın səmtini dəyişəcək informasiyaları hansı formada əldə etməsi indi də müzakirə mövzusudur. Məhz belə çoxsaylı amillərə görə, Popov XX əsrin ən ağıllı casuslarından hesab olunur.