13 Avqust 2019 00:29
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Perunun paytaxtı Limada keçirilən Pan Amerikan Oyunlarında iki ABŞ idmançısı öz ölkələrinin dövlət himni səslənən zaman etiraz edib.

Teleqraf.com xəbər verir ki, komanda yarışlarında qızıl medal qazanmış qılıncoynadan Reys İmboden ABŞ himni səslənən zaman dizi üstə oturub.

26 yaşlı Rio Olimpiadasının bürünc mükafatçısı "Twitter"də bunu ölkəsinin siyasətinə etiraz əlaməti olaraq etdiyini bildirib: "Biz dəyişikliyə çağırmalıyıq. ABŞ komandasını Pan Amerikan Oyunlarında təmsil etmək şərəflidir. Evə komanda yarışlarından qızıl və fərdi yarışdan bürünc medalla qayıdıram. Ancaq qürurum mənim üçün çox əziz olan ölkəmin çoxsaylı nöqsanları – irqçilik, silah nəzarəti, immiqrantlarla rəftara görə sınıb".

Onu da bildirək ki, model fəaliyyəti ilə də məşğul olan İmboden 2017-ci ildə Misirdə keçirilmiş Dünya Kubokunda da komanda yoldaşı ilə birgə oxşar etiraza əl atımışdı.

Etiraz edən digər idmançı çəkicatan atlet Quen Beri olub. 30 yaşlı xanım idmançı himn səslənərkən yumruğunu yuxarı qaldırıb ki, bu da ölkəsinə etiraz əlaməti sayılır.

ABŞ Olimpiya və Paralimpiya Komitəsinin kommunikasiya üzrə vitse-prezidenti Mark Cons Reys İmbodenin cəzalandırılacağını bildirib. O vurğulayıb ki, idmançı öz siyasi baxışlarını ifadə etməkdə sərbəst olsa da, himn səslənərkən öz öhdəliyini yerinə yetirmədiyi üçün onları məyus edib.

Oxşar etirazlar 2016-cı ildən bəri artıb. ABŞ idmançıları öz ölkələrinin himni səslənərkən ya diz üstə çökür, ya da yumruqlarını qaldırırlar.

Amerikan futbolu üzrə oyunçu Kolin Kapernik 2016-cı ildə dizi üstə oturmaqla bu cür etiraza əl atan ilk idmançı olub. O, silahsız qaradərili insanların polis tərəfindən öldürülməsinə etiraz edib.

Amma bu etirazların tarixi daha əvvələ gedir. Belə ki, 1968-ci il Olimpiadasında isə 200 metr məsafəyə qaçışda qızıl medalçı Tomi Smit və bürünc medalçı Con Karlos irqçiliyə etiraz olaraq yumruqlarını qaldırıblar.

/Oxu.az/


Müəllif: Teleqraf.com