24 Sentyabr 2019 10:25
1 995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Reuven Şiloax İsrailin dövlət adamı, diplomat, ölkənin xüsusi xidmət orqanı olan “Mossad”ın qurucusu və ilk direktorudur.

Teleqraf.com məşhur kəşfiyyatçının dosyesini təqdim edir:

Reuven Şiloax 1909-cu ildə Qüdsdə, ortodoks yəhudi ailəsində anadan olub. Atası Yitzhak Zaslanskiy dindar olub.

Reuven 15 yaşında “Haqan” yəhudi təşkilatı sıralarına qoşulub. 1936-cı ildə Betti Borden adlı xanımla Nyu-Yorkda ailə qurub.

Yəhudi Agentliyinin siyasi idarəsində işləyib. 1931-ci ilin avqustunda kəşfiyyat fəaliyyəti məqsədilə İraqa göndərilib. İraqda 3 il dayanmadan işləyib. O, ölkəsinə lazım olan və ona tapşırılan işlərin hamısını yüksək peşəkarlıqla həyata keçirib. Bu 3 il müddətində müəllim adı altında işləyərək üclü agentura şəbəkəsi qura bilib. Elə bu mərhələdə də İraqda kürdlərlə tanış olub, hiss edib ki, kürdlərin timsalında özlərinə ərəb dünyasına qarşı müttəfiq tapa bilərlər. Sonradan onun bu ideyası “Periferik fəlsəfə” kimi İsrail siyasətinin əsasını təşkil edib.

İraqdan qayıtdıqdan sonra Yəhudi Aentliyində işə başlayıb, burada əsasən, Böyük Britaniya adminstrasiyasında olan Fələstin üzrə cavabdeh şəxs olub.

1936-cı ildə Reuven Şiloax Ezra Danin, Saul Meyerov və Haqan təşkilatının digər xadimləri ilə birlikdə gələcək yəhudi dövlətinin ilk xüsusi xidmət orqanı olan ŞAY-ı (Şerut Birliyi) yaradıb.

İkinci Dünya Müharibəsi dövründə Reuven Şiloax ABŞ Strateji Xidmət İdarəsi və Böyük Britaniyanın kəşfiyyat xidməti ilə əlaqələr qurub.

1948-ci ilin iyunundan İsrailin ilk xüsusi xidmət orqanı olan ŞAY-ın yenidən qurulması ilə məşğul olub, habelə İsrail baş nazirinin xarici siyasət və strateji məsələlər üzrə müşaviri olub. Ona İsrailin xüsusi xidmət orqanlarının yaradılması kimi çox məsuliyyətli iş tapşırılıb.

Birinci ərəb-İsrail müharibəsi başa çatdıqdan sonra “Varaş” xüsusi xidmət orqanının rəhbərlərindən ibarət komitə yaradaraq ona rəhbərlik edib. Casus və kəşfiyyat dünyasında “Cənab kəşfiyyatçı” ləqəbi ilə məşhurdur.

Reuven Şiloax məhz özündən sonra on illər boyu İsrail dövləti üçün prioritet məsələ olan ölkənin məxfi xidmətinin məqsəd və vəzifələrini müəyyən edib.

“Ərəblər yəhudi cəmiyyətinin bir nömrəli düşmənidir və ərəb mühiti üçün peşəkar agentlər yetişdirmək İsrail xüsusi xidmətinin ən ümdə məsələdir. İsrail kəşfiyyatı Fələstinlə fəaliyyətini məhdudlaşdırmamalı, dünya yəhudilərinin təhlükəsizliyinin qarantı olan yəhudi-sionist rolunu yerinə yetirməlidir. Gizli fəaliyyət müasir texnologiyalara əsaslanmalı, İsrail xarici kəşfiyyatı ABŞ və Avropa ölkələrindəki dost xidmətlərlə əlaqə saxlayaraq, casusluqda ən son nəaliyyətlərdən istifadə etməlidir”.

Reuven Şiloax tərəfindən irəli sürülən bu məqsədlər uzun illər İsrail məxfi xidmətinin əsas vəzifə və məqsədləri kimi qəbul olunub.

Hazırda dünyada ilk beşlikdə olan İsrailin xarici kəşfiyyat qurumu – “Mossad” məhz Reuven Şiloax tərəfindən qurulub, onun özü isə 1948-1952-ci illərdə bu xidmətin ilk rəhbəri olub. “Mossad” direktoru postundan getdikdən qısa müddət sonra İsrailin ABŞ-dakı səfiri təyin edilib.

İsrail dövlətinin qurulmasında bilavasitə iştirak edən, onun inkişafında çox böyük xidmətlər göstərən Reuven Şiloax 1959-cu ilin mayın 10-da 50 yaşında Qüdsdə vəfat edib. Onun ürək xəstəliyindən vəfat etdiyi deyilsə də, konkret ölüm diaqnozu haqqında məlumat heç vaxt açıqlanmayıb.

Əslində Reuven Şiloax haqqında “ərəb torpağında (Fələstində) doğulan və ərəb torpağında vəfat edən ən böyük ərəb düşməni” deyimi də var.


Müəllif: Nemət Hüseynli

Oxşar xəbərlər