7 Noyabr 2019 00:55
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyada bir şirkət pulsuz yas mərasimləri verir, amma yalnız dirilər üçün.

Teleqraf.com "Amerikanın səsi"nə istinadən xəbər verir ki, 2012-ci ildən fəaliyyətə başlayandan bəri bu şirkətin təşkil etdiyi "Canlı cənazə" mərasiminə gələn 25 mindən çox insan öz ölümlərini simulyasiya edərək, həyatlarını yaxşılaşdıracaqlarına ümid edir.

"Ölümdən xəbərdar olursan, sanki onu yaşayırsan və həyata başqa tərəfdən yanaşırsan" deyə, cənazə mərasimində iştirak edən 75 yaşlı Ço Cey-Hee bildirir.

Yeniyetmələrdən tutmuş təqaüdçülərə qədər, onlarla insan son vəsiyyətlərini qələmə alıb, dəfn mərasimi üçün portretlər çəkdirərək, təxminən 10 dəqiqə qapalı tabutda qalır.

Universitet tələbəsi Çoi Jin-Kyu tabutda olduğu vaxt ona çox zaman başqalarına rəqib kimi baxdığını anlamağa kömək etdiyi deyir.

"Tabutun içərisində olduğum zaman nələr edəcəyimi düşünürdüm" deyə, 28 yaşındakı qadın bildirir.

O, təhsilini bitirdikdən sonra yüksək rəqabətli əmək bazarına baş vurmaq əvəzinə öz biznesini qurmaq qərarına gəldiyini əlavə edir.

Cənubi Koreya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının "Daha Yaxşı Həyat İndeksi"nin keçirdiyi sorğuda iştirak edən 40 ölkə arasında 33-cü yerdədir. Bir çox cənubi koreyalı gənc təhsil və əmək bazarına böyük ümidlə baxır. Lakin iqtisadiyyatın yavaşıması və işsizlik səviyyəsinin artması onların bu ümidlərinə təsirini göstərib.

Ölüm haqqında kitab yazan Asan Tibb Mərkəzinin həkimi, professor Yu Eun-Sil gənc yaşlarında da ölüm haqda öyrənmək və ona hazır olmağın vacib olduğunu deyir.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2016-cı ildə Cənubi Koreyada intihar halları nisbəti 100 min sakinə 20,2 faizi təşkil edirdi. Bu da Ümumdünya Səhiyyə Təşkilatına əsasən, qlobal səviyyə ilə müqayisədə 10.53 faiz daha yüksək göstəricidir.

Hyovon şirkətinin rəhbəri Conq Yon-Mun "Canlı cənazə"ləri insanların həyatlarını qiymətləndirməsi, ailələri ilə bir araya gəlməsi və dostlarını bağışlamasına kömək etmək üçün təşkil etdiyini deyir.

`Biz əbədi deyilik. Buna görə də bu təcrübənin çox vacib olduğunu düşünürəm. Üzr istəyərək barışa bilər və qalan həyatımızı xoşbəxt yaşaya bilərik` - deyə, o bildirir.


Müəllif: Teleqraf.com