Türklərin tarixində göytürklərin adları hunlarla birlikdə çəkilir. Çin mənbələri də hunları və göytürkləri bir-birindən ayırmır. Göytürklərin əsas fərqi isə ilk dəfə “türk” adından istifadə edərək, bir mərkəz ətrafında formalaşması və birləşmələridir. Göytürklərin qurduğu imperiya Şərqdə Sakit okeandan başlayaraq Qərbdə Bizans İmperiyasınadək böyük bir əraziləri əhatə edirdi. Mərkəzi Asiya, Qafqaz, Şimali Krım və Çinin böyük bir hissəsi də bura daxildi.
Teleqraf.com Göytürk Xaqanlığı və onun hökmdarları haqda məlumatları təqdim edir:
Hunlardan sonra türk boyları arasında birlik dağılmışdı. Əsas güc “monqolların atası” hesab olunan jujanların əlindəydi, türk boyları da onların təsir dairəsində idi. Bu boylardan birinin – Aşinanın başçısı olan Bumın jujan xaqanı Anaxuanın yanına elçi göndərib qızını özünə istədi. Anaxua isə Bumını kölə kimi görürdü, buna görə də cavab göndərdiyi elçisi ilə onu təhqir etdi. Qəzəblənən Bumın jujan xaqanının elçisini öldürtdü. Bu, göytürklərin müstəqilliyinin eşidilən ilk ayaq səsləri idi.
Bumın 552-ci ildə Şərqi Topaya, yəni Anaxuanın ölkəsinə hücum əmri verdi. Türklər jujanları məğlubiyyətə uğradaraq, öz müstəqilliklərini elan etdilər. Bununla müstəqil Göytürk dövlətinin ilk təməllərini atan Bumın həmin il vəfat etdi. Qardaşı İstəmi xaqan isə xaqanlığın Qərb torpaqlarını idarə edirdi.
Sərhədlərin genişlənməsi
Bumından sonra oğlu Qara İssıq xaqan dövlətin başına keçdi. Jujanları növbəti dəfə məğlubiyyətə uğratdı. Atasının Çinlə qurduğu əlaqələri pozmadan irəliləməyə başladı. Amma Qara İssıq xaqanın hakimiyyəti uzun çəkmədi. 553-cü ildə səhhəti pisləşən xaqan qardaşı Muğanı öz yerinə vəsiyyət etdi. Muğan xaqan peşəkar hərbçi olmaqla yanaşı, elmli və ağıllı xaqan idi. Jujanları üç dəfə ağır məğlubiyyətə uğratdı.
555-ci ildə Muğan xaqanın uğurlu yürüşlərinə cavab olaraq, qardaşı İstəmi xaqan da Qərb torpaqlarında Ağ Hunları məğlub etdi. Yəni Göytürk Xaqanlığının Qərb və Şərq sərhədləri eyni anda sürətlə genişlənirdi. Göytürklərin bu yüksəlişini görən Çjou sülaləsinin başçısı qohumluq əlaqələrini təmin etmək üçün Muğan xaqanın qızını özünə istədi. Amma Muğan xaqan iki yerə bölünmüş Çin xanədanlığı arasında balans siyasəti yürüdürdü.
568-ci ildə qəribə bir olay baş verdi. Çjou elçisi ilə görüş vaxtı qar uçqunu baş verdi və bütün çadırlar qar altında qaldı. Bundan sonra Tanrının qəzəbləndiyini düşünən Muğan xaqan qızını Çinə göndərdi. Hakimiyyəti illərində xaqanlığı gücləndirməyi bacaran Muğan xaqan 572-ci ildə taxtı qardaşı Taspara vəsiyyət edərək vəfat etdi.
Taspar xaqan dönəmi
Taspar güclü bir dövlətin taxtına çıxmışdı. Sərhədlər xeyli genişləndiyi üçün idarəetmədə bir sıra dəyişiklik etdi. Öz idarəçiliyi altında olan Şərq torpaqlarını Qərb və Şərq olmaqla iki yerə bölərək, idarəçiliyini qardaşı oğulları Börü və Şetuya verdi. Özü isə bütöv xaqanlığın hökmdarı olaraq qaldı. Xaqanlığın Qərb torpaqları isə əvvəldən İstəmi Yabqunun hakimiyyəti altındaydı.
Tasparın ən böyük xətası Buddizmi din olaraq qəbul etmək istəməsiydi. Buddizm ət yeməyi qadağan edən ruhani və oturaq bir həyat tərzini əks etdirən bir dindi. Göytürklər isə savaşlara öyrəşmişdi, atdan enməyən, hərəkətli bir həyat tərzinə malik xalqdı. Taspar 575-ci ildə Buddist məbədi inşa etdirib, mühüm dini kitabları ölkəyə gətirsə də, Buddizmi mənimsəmədi. Göytürklər dini baxımdan üç ünsürə bağlıydılar: Göy Tenqri inancı, ataların ruhuna hörmət və təbiətin gücünü qəbul etmək.
İstəmi Yabqunun ölümü və göytürklərin bölünməsi
İstəmi Yabqu xaqanlığın Qərb torpaqlarını peşəkarlıqla idarə edirdi. Hətta Bizansa elçi də göndərmişdi. 569-cu ildə Bizans imperatoru da öz elçisini İstəmi xaqanın yanına göndərdi. Lakin İstəmi xaqan 576-cı ildə vəfat etdi, yerinə oğlu Tardu keçdi. 581-ci ildə isə Şərqi Göytürk Xaqanlığının başçısı Taspar taxtı Muğan xaqanın oğlu Apaya vəsiyyət edərək öldü. Amma Apay heç kim tərəfindən qəbul olunmadı. Sonda isə Qara İssıq xaqanın oğlu İşbara taxta çıxdı. Apay isə ölkədən qaçaraq, özünü xaqan elan etdi.
Qərbdə isə çinlilər Tarduya üzərində qurd başı əks olunan bayraq göndərmiş, bunu onu müstəqil olaraq tanıdıqları mesajını vermişdilər. 582-ci ilədək idarəetmədə mərkəzə tabe olan Qərb torpaqları çinlilərin bu addımından sonra öz müstəqilliklərini elan etdi. Beləliklə, Göytürk Xaqanlığı Apay, İşbara və Tardu arasında bölünmüş vəziyyətə düşdü.
Taxt savaşları
İşbara xaqan bir müddət həm Tardu, həm də Apaya qarşı mübarizə apardı. 584-cü ildə bu savaşlardan yorulmuşdu. Çinlə qohumluq əlaqələri təmin edərək onun dəstəyini almaq istədi. Çinli elçilər isə İşbaradan gətirdikləri imperatorun məktubunu taxtından enərək almağını istədilər. Xaqan atalarının heç kimin qabağında əyilmədiyini desə də, axırda Çin imperatorunun şərtini yerinə yetirməyə məcbur oldu. Xaqanın bu addımı sarayda hər kəsi ağlatdı. Bir neçə il əvvəl Taspar çinlilərə “Mənim vəfalı övladlarım” demişdi. Bu gün isə Göytürk Xaqanlığı demək olar, həmin Çinin əsarəti altına düşürdü. Bundan sonra İşbara xaqan Çinin dəstəyini alaraq, öz taxtını gücləndirdi. 587-ci ildə taxtı qardaşı Bağaya vəsiyyət edərək vəfat etdi.
Çin əsarəti
Bağa xaqan cəsur və ağıllıydı. Lakin 589-cu ildə bir səfər vaxtı öldürüldü. Yerinə İşbaranın oğlu Tulan çıxdı. Xaqan bir neçə il ərzində dövləti gücləndirdi və Çinə vergiləri dayandırdı. Amma bu yüksəliş uzun çəkmədi. Çinə yürüşlərin birində təxminən 599-600-cü illərdə həyatını itirdi. Bundan sonrakı müddətdə Çin Göytürk Xaqanlığının daxili işlərində söz sahibi olmağa başladı. Göytürk xaqanları Çinin bu addımların qarşısını almağa çalışsalar da, bu pis gedişatı dayandırmaq mümkün olmadı. Çin 630-cu ildə Göytürk Xaqanlığını ələ keçirdi. 630-681-ci illər arasındakı bu dönəm “əsarət dövrü” adlandırılır.
Diriliş – II Göytürk dövrü
Əlbəttə əsarət dönəmində müstəqilliyə cəhdlər olmuşdu. Bunlardan ən məşhuru da Kürşad üsyanı idi. Bu, 639-cu ildə Çin ordusunda xidmət edən göytürk şahzadəsi və generalı Aşina Cieşeşuayın (Kürşad) Çinə qarşı qaldırdığı qiyamdı. Xaqanlığın ikinci dəfə müstəqilliyini elan etməsi isə İltəriş xaqanın dönəmində baş verdi. 679-cu ildən buna səy göstərən İltəriş 682-ci ildə xalqa müstəqillik qazandırdı.
Bilgə xaqanın qeydlərində Göytürk Xaqanlığının ikinci dirçəlişi haqda belə yazılır:
“Şübhəsiz ki, Türk Tanrısı və müqəddəs Yer belə etdi: Türk xalqı yox olmasın deyə, xalq olsun deyə, atam İltəriş xaqan, anam İlbilgə xatun göyü yuxarı qaldırıblar. Atam 17 ərlə ayağa qalxıb. “Ayağa qalxırlar” deyə şəhərdəkilər dağa çıxıb, dağdakılar da şəhərə enib, toplanıb 70 nəfər olublar. Tanrı güc verdiyi üçün atamın əsgərləri qurd kimi olub, düşmənləri isə qoyun kimi. Şərqə, Qərbə səfərlər edib ərləri bir yerə toplayıblar. Hamısı bir yerdə 70 nəfər olub”.
Yenidən yüksəliş dövrü
İltəriş xaqan 692-ci ilədək bir sıra türk boylarını birləşdirərək xaqanlığı gücləndirməyə çalışdı. Həmin il onun vəfatından sonra Qapağan xaqan taxta çıxdı. Qapağan 716-cı ilədək uzun bir səltənət dönəmi yaşadı. Bir çox uğurlar qazandı, Çini çətin durumda qoydu, xaqanlıqda üsyan edən boylarla mübarizə apardı.
Qapağan xaqanın bu savaşlarında qardaşı oğulları Bilgə və Kül Tigin də yer almışdı. 716-cı ildə Qapağan xaqanın ölümündən sonra taxta İnel çıxdı. Lakin İnel xaqan təcrübəsizdi, Kül Tiginin rəhbərlik etdiyi qiyamlardan birində öldürüldü. Taxta Bilgə xaqan çıxdı. Ordunun başında isə Kül Tigin dayanırdı. Bundan sonra göytürklər sabit bir yüksəliş dönəminə keçdilər.
Bilgə xaqan və sonra
Kül Tigin və Bilgə xaqan bir çox türk boylarını göytürklərə birləşdirdi. Eyni zamanda, atalarının vəziri Tonyukuk hər iki hökmdarın verdiyi qərarlarda iştirak edirdi. Özlərinin təəbirincə desək, başlını baş əydirib, dizlini diz çökdürürdülər. 731-ci ildə Kül Tiginin ölümü Bilgə xaqanı sarsıtdı. Xaqanın onun şərəfinə tikdirdiyi abidə türk tarixinin ən qədim yazılı sənədlərindən biri oldu. Bilgə xaqan qardaşından iki il sonra – 734-cü ildə vəfat etdi.
Göytürk Xaqanlığı Bilgə xaqandan sonra başsız kaldı. Xaqanlıq bir neçə il öz varlığını qoruya bildi. Artıq uyğurların yüksəliş dönəmi başlamışdı. Uyğular 745-ci ildə göytürk ölkəsinə girərək iqtidarı ələ keçirdilər. Bir türk xanədanlığı yıxılmış, yerində başqa bir türk xanədanlığı hökmranlığa başlamışdı.