6 Yanvar 2021 15:49
2 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Albrext XV əsrin əvvəllərində Nürnberq yaxınlığında on səkkiz uşaqdan ibarət kasıb bir ailədə doğulub. İzdihamlı ailənin başçısı olan ata dolanışıq üçün gündə on səkkiz saata yaxın işləyirdi. On səkkiz uşaqdan ikisi olan Albrext və Albert çıxılmaz vəziyyətlərinə baxmayaraq, hər kəsdən gizlicə ürəklərində bir arzu böyüdürdülər - hər ikisi də rəssam olmaq istəyirdi. Ancaq yoxsul atalarının onları şəhərdəki rəssamlıq akademiyasına göndərə bilməyəcəyini də çox yaxşı bilirdilər. Gecə-gündüz aralarında davam edən müzakirələrdən sonra iki qardaş razılaşır və püşk atmaq qərarı verirlər.

Teleqraf.com alman rəssam Albrext Dürerin həyatı və yaradıcılığı haqda məlumatları təqdim edir.

Püşkdə uduzan mədəndə işləyəcək və akademiyaya qəbul olacaq qardaşına maddi yardım edəcəkdi. Qalib gələn qardaş dörd il sonra - məzun olduqdan sonra rəsmlərini satacaq, ya da lazım olsa, mədəndə işləyərək o biri qardaşının təhsil almasına kömək edəcəkdi. Bir səhər öz aralarında sikkə ilə atılan püşkün qalibi Albrext olur və Nürnberqdəki rəssamlıq akademiyasına qəbul olunur. Qardaşı Albert isə mədəndə işləməyə başlayır. Dörd il təhsili üçün qardaşına pul göndərir.

Zülmət mədəndə yoxa çıxan arzular

Albrextin sadə qələm və yağlı boya ilə çəkilmiş rəsmləri akademiyada demək olar ki, hamını heyran qoyur. Bu yolla məzun olmadan xeyli pul qazanır. Gənc sənətkar məzun olub kəndinə qayıdanda izdihamlı ailəsi evlərinin eyvanında yemək yeyirdi. Uzun söhbətlərdən sonra Albrext ayağa qalxır və qardaşı Albertin ona etdiyi misilsiz xeyirxahlıq haqda onun əllərindən tutaraq danışır. Əlbəttə Albrextin arzusu qardaşı Albert sayəsində gerçəkləşmişdi. İndi təhsil almaq növbəsi Albertə çatmışdı. Albrext bunun üçün ona maddi yardım edəcəyi sözünü verir.

Albert solğun üzünü yuyan göz yaşlarını gizlətməyə ehtiyac görmədən başını yelləyərək Nürnberqə getməkdən imtina etdiyini bildirir və bu sözləri deyir:

“Yox, qardaşım, mən Nürnberqə gedə bilmərəm. Artıq mənim üçün gecdir, mədəndə işlədiyim dörd il əllərimə nələr etmədi! Hər barmağım ən azı bir dəfə əzilib, sınıb. Son zamanlarda sağ əlimdə dözülməz revmatizm ağrıları başlayıb. Bir stəkanı belə çətinliklə tuturam. Necə ola bilər ki, qara qələm və yağlı boya ilə işləyə bilim? Barmaqlarım fırça tuta biləcək incəliyini çoxdan itirib. Artıq mənim üçün çox gecdir”.

Albertin əlləri

Albrext Dürer qardaşı Albertin onun üçün göstərdiyi fədakarlığın rəsmini çəkmək qərarı verir. Qardaşının mədəndə işləməkdən əyilmiş barmaqlarını və qabar bağlamış ovuclarını çəkir. Rəsmdə Albertin incə barmaqları göyə yönəlib. Ovucları sanki göydən yağış gözləyirmiş kimi açıqdır. Dürer bu əsərinə “Əllər” adını verir.

Bu kədərli – bəlkə yalan, bəlkə də real hekayədən 450 ildən çox vaxt keçib, amma bir həqiqət var ki, Albrext Dürerin o illərdə çəkdiyi rəsmlər bu gün də dünyanın ən məşhur muzeylərinin divarlarını bəzəyir.

Albrext Dürerin həyatı

Dürerin atası Macarıstandan gələn və 1455-ci ildə Nürnberqdə məskunlaşan bir zərgərdir. 1471-ci ildə bu şəhərdə anadan olan Albrext Dürerin uşaqlığı atasının zərgərlik dükanında işləyərək keçir. Yaşından erkən böyüyən istedadını 13 yaşında özünün, 14 yaşında “Madonna və musiqi mələkləri” əsərlərini çəkərək sübut edir. 1486-cı ildə atasının təşəbbüsü ilə oymaçı-rəssam Maykl Uolgemutun emalatxanasında şəyird kimi işə başlayır.

Mantenyanın təsir dairəsində

1489-cu ildə işindən ayrıldıqdan sonra səyahətə başlayan Dürer 1490-cı ildə yağlı boya ilə çəkdiyi ilk tablosunu bitirir. 1492-ci ildə Bazeldə ağac üzərində oyma emalatxanasında işləyir. Nürnberqə qayıtdıqdan sonra Aqnes Freylə evlənir və bir il sonra İtaliyaya gedir. Yola çıxmazdan əvvəl yaratdığı əsərlər arasında müəllimi Uolgemutun və özünün tabloları var. İtaliyada Mantenyanın mis üzərində qravürlərini görür və italyan rəssamlığından təsirlənir. İlk suluboya mənzərələrini səyahət zamanı çəkir. 1496-cı ildə mis üzərində çəkdiyi oymalarla sənətkarlıq səviyyəsinə yüksəlir.

İmperatorun sarayında

İkinci dəfə getdiyi İtaliyada iki il qalan və Covanni Bellini ilə tanış olan Dürer ondan təsirlənir. Qayıtdıqdan sonra riyaziyyat, həndəsə, Latın dili və ədəbiyyatla maraqlanaraq biliklərini artırır. 1512-ci ildə Roma İmperatoru Maksimilianın himayəsi altında bir saray rəssamı olaraq işə başlayır və bu vəzifəsini Maksimilianın ölümündən sonra - V Karl dövründə də davam etdirir.

Martin Lüterlə tanışlıq

1513-1514-cü illərdə ən məşhur mis qravürlərini - “Cəngavər, Ölüm və Şeytan”, “Müqəddəs İorenim iş otağında” və “Melanxoliya” adlı əsərlərini yaradır. 1515-ci ildə İntibah dövrünün məşhur rəssamı Rafaello və Dürer əsərlərini bir-birinə göndərməyə başlayır. Sarayda çalışdığı illərdə İmperator Maksimilianın (1519) iki portretini və “Lukresiya” (1518) kimi məşhur rəsmlərini çəkir. 1518-ci ilin yayında Auqsburqa gedir, burada Reformasiya hərəkatının lideri Martin Lüterlə tanış olur. Sonrakı illərində Lüterin sadiq davamçısı olur.

Son günlərin bölgüsü

1520-ci ilin iyulunda həyat yoldaşı ilə Hollandiyaya səyahətə çıxan Dürer bəzi oyma əsərlərini alman rəssamlığının qabaqcıl simalarından biri olan Mattias Qrünevalda hədiyyə edir. Holland rəssamlıq məktəbinin ustaları ilə tanış olur və 1521-ci ildə getdiyi Brügge və Gentdə XV əsr flaman rəssamlarının əsərlərini görür. Elə həmin il həyat yoldaşı ilə Nürnberqə qayıdır. Səhhəti pisləşməyə başlayan sənətkar son illərini nəzəri və elmi yazılara və kitab illüstrasiyalarına bölür. 1528-ci ildə arxasında bir çox əsər qoyaraq, 57 yaşında doğulduğu Nürnberqdə vəfat edir.

Müəllif hüquqları olan ilk şəxs

Dürer sənətindən pul qazanmaq və daha çox rəsm çəkmək istədiyi üçün fərqli iş texnikalarını sınayır və bunun üçün Avropanı şəhər-şəhər gəzərək əsərlərini satmaqdan çəkinmirdi. Dürerin rəsmləri dövrünün sənətsevərlərinin diqqətini çox çəkirdi, təkcə kilsələri və zadəganların evlərini yox, həm də rəssamlığı sevən orta sinif nümayəndələrinin evlərinin divarlarını bəzəyirdi. Beləliklə də rəsmləri asanlıqla təqlid olunurdu. Bunun qarşısını almaq üçün bir çox rəsm əsərinin aşağı hissəsində görünən şəkildə adının baş hərflərini - A və D-ni imza kimi qeyd etsə də, təqlidçilərdən xilas ola bilmirdi. 1512-ci ildə Roma imperatoru I Maksimillian istedadını görüb onu himayəsinə götürdükdən sonra bundan istifadə edən Dürer imperatorun əmri ilə rəsmlərinin imtiyaz hüququnu alır. Beləliklə, müəllif hüquqları əldə edən ilk şəxs kimi adı tarixə yazılır.

“Tanrının oğlu”

Albrext Dürerin 1500-cü ildə yaradılan avtoportreti “İsa Məsihin rəsmi” kimi tanınır. Sənətşünaslara görə, bu, orta əsrlərdən bəri ən mürəkkəb və ikonik sənət əsərlərindən biridir. Sənətkarın özünü “Tanrının oğlu”nun timsalında canlandırmaq qərarı verməsi hələ də müzakirə mövzsusudur.

Tamamilə simmetrik bir pozada və üzü birbaşa izləyiciyə baxan “Məsih”in obrazı olduqca xarakterikdir. Bir qayda olaraq, Məsih qısa saqqal, bığlı və qəhvəyi saçda təsvir edilir. Dürer özünü də Məshin simasında canlandırmışdı. Digər avtoportretlərində saçının qırmızımtıl və sarışın rənglərdə təsvir olunduğunu nəzərə alsaq, bu təəccüblüdür. Uzunsov bir üz, qara bir fon, Məsihə xas olan əl jesti – bütün bunlar rəssamın görünüşünə Məsihə bənzər cizgilər əlavə edir. Sənətşünaslara görə, rəsm o dövrün ən yaxşı ikonoqrafiya ənənələrində yalnız bir fərqlə çəkilib: Dürerin avtoportreti fenomenal detallarla hazırlanıb.

Müəllifin özünü “Tanrının oğlu” timsalında canlandırmasına sövq edən həqiqi səbəblər sirr olaraq qalmasına baxmayaraq bir sıra çox maraqlı versiyalar mövcuddur.

Mühafizəkar təfsir sənətkarın sadəcə Məsihi təqlid etdiyini düşünür. Rəsmin daha mübahisəli edən detal, əsərdə sənətkarın Yaradan kimi ali rolunun elan edilməsidir. Bu baxış şəkildəki yazıda təsdiqlənir və belə tərcümə olunur: “Mən, nürnberqli Albrext Dürer, iyirmi səkkiz yaşımda özümü uyğun rənglərdə çəkdim”.

Başqa bir təfsirdə əsərin müəllifinin bununla yaradıcı istedadların Tanrının özü tərəfindən verildiyini simvolizə etdiyi deyilir. Müasirlərinin sərt reaksiyasına baxmayaraq, bu obraz İsa Məsihin sonrakı bir çox obrazını yaratmaq üçün bir model kimi istifadə edildi.

Bir çox sənətşünas iddia edir ki, əvvəllər kimsə avtoportretin Düreri təsvir etdiyini düşünməyib və onun İsa Məsih olduğunu düşünüb. Başqa bir maraqlı fərziyyəyə görə isə, rəssam Tanrının özünün bir ikonoqrafik prototipi olacağını düşünərək bu əsəri yaradıb və şübhəsiz ki, bu istəyinə müvəffəq olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər