13 Mart 09:05
2 709

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Türkiyə və dünya idmanının ən məşhur simalarından biridir.

Sərvət Tazəgül – Olimpiya, Avropa və dünya çempionu, azərbaycanlı əsilli türkiyəli taekvondoçu.

Sərvət 1988-ci il sentyabrın 26-da Almaniyanın Nürnberq şəhərində anadan olub. O, Qarsın Arpaçay qəsəbəsindən Qərbi Almaniya köçən ailənin övladıdır. Sərvətin valideynləri – Gültan və Bəylər Tazəgül Almaniyaya işləmək üçün gedib. Atası Azərbaycan türklərinin bir boyu olan qarapapaq türklərindəndir.

Uşaqlığı Ceki Çanın filmlərinə baxaraq keçən Sərvəti ilk məşqlərə beş yaşında olarkən bacısı aparıb. Burada qısa müddətdə öz istedadını göstərmək imkanı tapan Sərvət Almaniya milli komandasın tərəfindən qəbul olunmayıb. Həmin illərdə taekvondo üzrə Türkiyə millisinin baş məşqçisi Əli Şahin tərəfindən bu ölkəyə dəvət olunan Sərvət Tazəgül ilk uğurlarından sonra bütün dünyanın diqqətini çəkməyə başlayıb.

Marafonun başlanğıcı

2004-cü ildə ilk dəfə Cənubi Koreyada gənclər arasında dünya çempionu adını qazanan taekvondoçu karyerasının sonrakı illərində dünya və qitə miqyaslı yarışlarda ən yüksək zirvəyə qalxmağı bacarıb.

2011-ci ildə 68 kiloqramda dünya çempionu titulunu qazanıb. Eyni zamanda, turnirin “Ən yaxşı idmançı”sı seçilib.

Sərvət Tazəgül 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında perulu rəqibi Peter Lopezi məğlub edərək üçüncü olub və bürünc medal qazanıb.

Ərdoğanın sürprizi

2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında növbə ilə rəqibləri – Terrens Cenninqs, Qriqori Xusarov və Martin Stamperlə keçirdiyi qarşılaşmadan qalib ayrılaraq, iranlı Məhəmməd Bəkiri Mutəmədlə finala çıxıb. Matçı 6-5 qazanaraq qızıl medalın sahibi olub.

Matçdan dərhal sonra o dönəmdə Türkiyə baş naziri olan Rəcəb Tayyib Ərdoğan zəng edərək Sərvəti şəxsən təbrik edib. Ərdoğan bu matçdan 17 gün əvvəl anasını itirən Sərvətlə görüşmüş, olimpiyadadan əvvəl idmançıya bu sözlərlə motivasiya vermişdi: “Anan üçün, ölkən üçün döyüş, qızıl al”.

Sərvət o görüşdə Türkiyə baş nazirinə qızıl medal sözü vermişdi və bunu da yerinə yetirdi.

Ərdoğan danışmaq üçün birinci dəfə arenada olan idman naziri Suat Kılıça zəng edəndə Sərvət dopinq nəzarətindən keçib. Bundan sonra baş nazir Sərvəti təbrik etmək üçün ikinci dəfə zəng edib və danışıq baş tutub.

Sərvət Tazəgül o anlar haqda verdiyi müsahibələrdən birində bunları demişdi: “Baş nazir Ərdoğanın zənginə təəccübləndim. Türkiyə saatına görə final qarşılaşması gecə saatlarında baş tutmuşdu. Fikirləşdim ki, yatmış olar. Demək, yatmayıb və oyunu izləyib. Matç başa çatdıqdan dərhal sonra zəng etdi, performansımı bəyəndiyini dedi, bu məni sevindirdi, qürurlandırdı. Gecənin o saatına qədər gözləmişdi, ikinci olmamalıydım, çempion olmalı idim”.

London Olimpiyadasından sonra Sinqapur Sərvəti transfer etmək üçün hərəkətə keçdi. Ona ünvanlanan müraciətdə “Neçə milyon dollar istəsən, veririk” təklifi vardı. Amma bu milyonlardan imtina edən Sərvət Türkiyə millisində qalmağı seçdi.

“16 qızıl uşaq”dan biri

Sərvət 2014-cü ildə Avropa Çempionatının finalında rusiyalı idmançı Aleksey Denisenko ilə 10-10 bərabərə bitən matçın sonunda qızıl zərbə ilə qitə çempionu adını qazanıb.

Sərvət 2014-cü ilin avqust ayında Türkiyə Milli Olimpiya Komitəsi tərəfindən verilən açıqlamada 2016-cı il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında medal vəd edən “16 qızıl uşaq” sırasında yer alıb. Lakin iki il sonra baş tutan Olimpiya Oyunlarında venesuelalı Edqar Kontrerasa məğlub olaraq, turnirlə medalsız vidalaşıb.


Müəllif: Mənsur Rəğbətoğlu