14 İyun 2021 11:10
2 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

1966-cı il noyabrın 3-də Adolf Mena Qonzalez adlı orta yaşlı bir uruqvaylı iş adamı Boliviyanın paytaxtı La Pazda bir otel otağı kirayəyə götürdü. Gözlərinin altı qırışmış, saçları öndən tökülən bu şəxs Kuba inqilabından sonra nazir kimi işləmiş, ardıyca öncüllük etdiyi inqilabı qitəyə yaymaq üçün Boliviyaya gəlmiş Ernesto Çe Gevaradan başqası deyildi.

Argentinalı inqilabçı Boliviyaya gəlməmişdən əvvəl Meksikada Fidel Kastro və yoldaşları ilə tanış olaraq onlara qoşulmuşdu. “Qranma” adlı gəmi ilə Kubaya düşən gənc inqilabçılar ilk qarşıdurmada yoldaşlarının çoxunu itirmişdilər, amma inadkar bir mübarizə ilə kəndliləri öz tərəflərinə çəkməyi bacarmışdılar. Öz sıralarını genişləndirən və iri şəhərlərdə də təşkilatlanmağı bacaran Kuba Kommunist Partiyası geniş xalq kütlələrini də öz arxasınca çəkərək, ABŞ-ın dəstəklədiyi diktator Batistanı devirmiş, Latın Amerikasının ilk sosialist inqilabına rəhbərlik etmişdi.

İnqilabın üç önəmli liderindən biri olan Çe inqilabdan sonra mühüm vəzifələri öz üzərinə götürmüşdü. Lakin bir müddət sonra inqilabı yaymaq üçün əvvəlcə Afrika ölkəsi Konqoya, daha sonra libas və görünüşünü dəyişərək Boliviyaya gəlmişdi.

Çarmıxdakı İsa

Qrimlə orta yaşlı bir iş adamına çevrilən Çenin La Pazdakı bir otel otağında çəkilmiş fotosu yayıldıqdan 11 ay sonra başqa bir şəkli də bütün dünyada müzakirə mövzusu olacaqdı. Bu fotoşəkildə Ernesto Çe Gevaranın yara və qançır içində olan çılpaq bədəni xərəkdə yatır, açıq və donuq gözləri cəlladına baxırdı. Son sözləri belə olacaqdı: “Dayanma, tətiyi çək, qorxaq, sadəcə bir adamı öldürəcəksən”.

Bu sözlərin ünvanlandığı şəxs isə yaralı ələ keçən əfsanəvi partizan liderinin edamına könüllü gələn gənc boliviyalı çavuş idi.

Çenin cansız bədənini yuyan tibb bacısı Suzan Osinaqa illər sonra onun haqda belə söyləmişdi: “Bu fotoşəkil Boliviyada yayıldıqdan sonra insanlar, “Sanki çarmıxa çəkilmiş İsaya bənzəyir”, demişdilər. Bu gün insanlar hələ də kəndlərdəki ayinlərdə müqəddəs Ernestoya dua edirlər, onun bir gün qayıdaraq möcüzələr göstərə biləcəyinə inanırlar”.

1997-ci ildə “Çe Gevara: Bir inqilabçı kimi yaşamaq” adlı bioqrafik əsər yazan ingilis Con Li Anderson onun haqda deyir: “Bu gün baxdıqda Çenin Konqo və Boliviyadakı partizan müharibələri ya əsassız idealizm, ya da çox sadəlövhlük kimi qəbul edilə bilər, halbuki 1960-cı illər inqilabçılar üçün hər şeyin mümkün olduğu illərdi”.

Çe əfsanəsinə son qoymaq

Çe Gevara “hər şeyin mümkün olduğu” bu illərdə inqilabı qitə miqyasında alovlandırmaq ümidi ilə 47 yoldaşı da cyanına alıb, Uruqvay dağlarına çıxmışdı, ona Kuba hökuməti dəstək vermişdi. Lakin Kankauasu bölgəsinin çətin təbiət şərtlərində ilk günlərdə Kuba ilə rabitə əlaqələrini itirdilər. Onların logistik dəstəyi qısa müddətdə tükəndi və bölgəyə xas həşəratların daşıdığı viruslara qarşı immunitetləri olmadığı üçün qısa müddətdə xəstələndilər.

Üstəlik, Boliviyanın yerli partizanları ilə münasibətləri gözlədikləri kimi alınmadı. İllər boyu apardığı müharibə təcrübəsi ilə bolivyalı kəndlilərdən nizami partizan ordusu yaratmağa çalışan kubalıların əmrləri əvvəllər belə bir təcrübəyə sahib olmayan boliviyalıları qəzəbləndirdi və bir müddət sonra özbaşına hərəkət etməyə başladılar.

Çenin Boliviyada yeni plan hazırladığına dair kəşfiyyat məlumatı alan ABŞ sakit dayanmadı. Çe əfsanəsinə son qoymaq və Boliviyadakı Rene Barrientos diktaturasını dəstəkləyən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) dərhal agentləri və hərbi məsləhətçilərini bu ölkəyə göndərdi.

İnqilabçının sualı

Boliviya ordusu avqustun 31-də Çenin komandanlıq etdiyi qüvvələrin yarısını məhv etdi. Tələyə düşmüş Çe bu irimiqyaslı əməliyyatdan son anda xilas oldu və azsaylı yoldaşı ilə mühasirəni yarıb dağlarda sığınacaq tapmağı bacardı.

Bununla yanaşı, Çenin onları dəstəkləyən kəndlilərdən ayrılmış birlikləri hökumət tərəfdarı kəndlilərin yerləşdiyi La Higerada qalmışdı. Çox keçmədi ki, kəndlilər Çe və partizan yoldaşlarını ələ verdilər. Çe ABŞ xüsusi təyinatlılarının iştirakı ilə keçirilən xüsusi əməliyyatda gizləndiyi sığınacaqda tutuldu.

Əməliyyatda iştirak edən, həmin vaxt 28 yaşlı kapitan olan və Boliviya qüvvələrinə rəhbərlik edən Qari Prado həmişə ona hörmətlə yanaşdıqlarını iddia etdi: “Ona yemək, qəhvə və siqaret verdik. Bir çox hərbçimizi öldürsə də, onunla pis davranmadıq. Gevara, “Mənə nə edəcəksiniz?”, deyə soruşduqda bildirdim ki, səni Santa-Kruzda məhkəməyə çıxaracağıq.

Lakin səhəri gün əmr gəldi ki, ondan dərhal yaxa qurtarın, məhkəməyə verərək bir daha qəhrəman olmasına imkan yarada bilmərik”.

Sonuncu inqilabçı

O, 1928-ci il iyunun 14-də Argentinanın Rosario şəhərində anadan olub. Tam adı Ernesto Gevara de la Serna idi. 1952-ci ildə Buenos Ayres Universitetinin Tibb fakültəsini bitirib həkim olduqdan sonra motosikleti ilə Cənubi Amerika səyahətinə çıxır. Bu səyahəti zamanı qitədəki yoxsulluğu görən Ernesto Çe Gevara həll yolu axtararkən marksizmlə tanış olur və ilk siyasi fəaliyyətini Argentina, Boliviya və Qvatemalada həyata keçirir.

1954-cü ildə Meksikada Kuba inqilabçıları - Fidel və Raul Kastro ilə tanış olur və diktator Batistaya qarşı mübarizəyə qoşulmağa qərar verir. 1959-cu ildə Çenin də liderlərindən biri olduğu Kuba İnqilabı qalib gəlir. “Çe” ləqəbi ilə məşhurlaşdığı Kubada əvvəlcə üç il Mərkəzi Bankın rəhbəri, daha sonra sənaye naziri vəzifələrində işləyir.

1965-ci ildə Kubadan ayrılaraq Konqoda partizan müharibəsinə qoşulur. Bir il sonra Boliviya xalqını ABŞ-ın müstəmləkəçi siyasətinə qarşı ayağa qaldırmaq üçün 47 yoldaşı ilə Boliviya dağlarında partizan savaşına başlayır.

1967-ci il oktyabrın 9-da CIA, ABŞ xüsusi təyinatlıları və Boliviya ordusunun birgə əməliyyatında diri-diri tutulduqdan sonra edam edilir.

La Higeranın xəyanəti

Ernesto Çe Gevaranı güllələməyə könüllü olan 27 yaşlı çavuş Mariyo Teran idi. Dünya tarixinin sonuncu inqilabçısını öz avtomatı ilə güllələdi.

Bundan sonra cəsədi vertolyotla naməlum yerə aparılaraq dəfn olundu və məzarı 30 il tapılmadı.

Bu gün Çenin dəfn olunduğu yerdən, son günlərini keçirdiyi kazarmaya və partizanları ilə gəzdikləri kəndlərə qədər olan ərazilər dünyanın hər yerindən olan insanları özünə çəkir. La Higerada yaşayanlar, yəni vaxtilə onu ələ verənlərin uşaqları bu xatirələri sayəsində gəlir qazanırlar və firavan bir həyat yaşayırlar. Hər il orta hesabla kəndə on mindən çox turist gəlir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər