28 İyul 2021 09:05
4 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kleopatradan çox əvvəl Misir hökmdarı olsa da, adının çox çəkilməməsinin bir sıra səbəbləri var. Qədim Misirdə fironlar kişilər arasından seçilirdi. Amma Hatşepsut adlı bu firon qadındı. O, Misirin ilk qadın fironu idi. Misirin digər qadın hökmdarları adlarını tarixə yalnız güclü kraliçalar kimi yazdırsalar da, Hatşepsut sözün əsl mənasında firon olaraq hökmranlıq etmişdi. Amma vəfatından 20 il sonra adını tarixdən silməyə çalışdılar. Heykəlləri dağıdıldı, adı yazıldığı hər yerdən silindi. Hətta özündən sonrakı firon adını insanların yaddaşlarından silməyə belə çalışdı. Amma…

Tarixçilərə görə, Hatşepsutun öz adını firon kimi tarixə yazdırması həm də şans məsələsiydi. Belə ki, firon II Tutmos öldükdə oğlu III Tutmos hələ uşaqdı. Fironun nikahlı arvadı olan Hatşepsut bununla fironun yeganə varisi oldu.

Amma bir qadının taxta keçməsi insanları bir az qorxutmuşdu. Hatşepsutun taxta çıxması Misirin ənənəvi düşüncə sisteminə, yəni, fironların yalnız kişi olması ənənəsinə zidd sayılırdı. Hatşepsutun uğurunun digər qadınları da həvəsləndirəcəyi qorxusu yaratmışdı. Hatşepsut bu səbəbdən bir az kişi kimi olmağa çalışdı. Təsadüfi deyil ki, bəzi heykəllər və daş abidələrdə saqqalla təsvir edilib. Amma o, “Maatkara” adını alaraq, ənənələrə qarşı təhlükəli olmadığını göstərdi. Orijinal adının sonuna kişilərdə olduğu kimi, “su” şəkilçisi əlavə etdi. Amma bunların heç biri işə yaramadı.

Ölümündən dərhal sonra adını tarixdən silmək cəhdlərinin arxasında duran ən güclü nəzəriyyə belədir: III Tutmos özündən əvvəlki fironun qadın olması reallığı ilə barışmaq istəməmiş, bunu qəbul edə bilməmiş, belə bir şey heç olmamış kimi davranmaq qərarı vermişdi. Ən asan yol da adı tarixdən silməkdi.

Amma daşlara həkk olunmuş tarixi silmək o qədər də asan məsələ deyildi. Müasir arxeoloqlar kələfin ucunu izləməyə başladıqda, Hatşepsutun kim olmasına dair kifayət qədər dəlil tapdılar.

Araşdırmaçılar bir kişi rolunu öz üzərinə götürməyə cəsarət edib ögey oğlunu da kölgədə qoyaraq Misiri bir firon kimi idarə etməyi bacaran qeyri-adi qadın – Hatşepsutla raslaşdılar.

Firon Hatşepsut

E.ə. 1400-cü illərin sonunda – XVIII firon sülaləsinin dövründə Fivdə yaşayan kraliça Yaxmos əri firon I Tutmosa bir oğlan varis vermək ümidini itirməyə başlamışdı. Uzun səylərdən sonra hamilə qalmasına sevinsə də, iki qız dünyaya gətirir, onlardan yalnız biri sağ qalır - Hatşepsut. Çox güclü firon olan atası özündən sonra oğlan varis saxlamaq üçün başqa bir qadınla evlənmişdi. Həmin qadından doğulan oğlu Tutmos daha sonra Hatşepsutun əri olacaqdı.

Anasının yeganə qızı olduğu üçün Hatşepsut çox güclü və kişi kimi böyüdüldü. Hatşepsutun mənsub olduğu sülalənin bir adəti vardı: sülalənin əsilzadə olması üçün bütün qadınlar qardaşları ilə evlənməliydi. Hatşepsut da bu ənənəyə uyğun olaraq qardaşı Tutmosla evləndi.

Atalarının ölümündən sonra həm əri, həm qardaşı taxta keçdi. Hatşepsut heç vaxt istəməməsinə baxmayaraq həmişə qız doğmuşdu. Anasının taleyini yaşayan Hatşepsut buna görə qız övladlarını sevməmişdi.

Hatşepsutun həyatının çətin dövrləri ərinin firon olmasından sonra başladı. Əri bir oğlan doğması üçün rəqqasə ilə evləndi. Ondan doğulan oğluna özü və atasının adını verdi. Amma II Tutmos Hatşepsutun düşmənliyindən qorxaraq uşağı böyütmək vəzifəsini ona verdi.

Gələcəkdə istədiyi kimi idarə edə biləcəyi bir namizəd olaraq, Hatşepsut ögey övladını böyütmək vəzifəsini üzərinə götürdü. Balaca Tutmosu siyasətdən uzaq, hərbi işlərə yaxın tutmağa başladı. Dövlət idarəçiliyində özünü inkişaf etdirən Hatşepsut ruhanilərlə yaxın əlaqələr qurmağa da laqeyd yanaşmadı.

Ölümcül səylərdən xilas olmaq

Əri II Tutmos zəif xarakterə malik insandı, müharibə etməkdən belə çəkinmişdi. 40 yaşında öldü. Bu ölümün arxasında Hatşepsutun dayandığı iddia edilsə də, bu, heç vaxt tam anlaşılmadı. Ölümündən sonra Hatşepsut taxtın ögey oğluna keçməsinin qarşısını almaq üçün baş kahinlərlə razılığa gəldi. Tutmosun çox gənc olduğunu iddia edərək, taxt-taca özü yiyələndi. Misirdə firon taxtına çıxan yeganə qadın olan Hatşepsut həqiqi bir hökmdar kimi davranaraq hakimiyyətin cilovunu əlinə aldı.

Ögey oğlunu döyüşçü kimi böyüdən Hatşepsut hakimiyyətini qorudu, onu tez-tez savaşlara göndərdi. Heç ögey oğlu Hatşepsutun taxta keçməsindən çox da narahat deyildi, onun özü orduya rəhbərlik edirdi. Hatşepsutun 22 illik iqtidarı uğurlu oldu. Adı tarixə yazılan ilk qadın oldu.

Hatşepsut güclü xarakter sahibiydi. Gənc olmasına və sui-qəsdlərə baxmayaraq özünü təsdiqləməyi bacardı. Ətrafı hakimiyyəti ələ keçirməsinin qarşısını almaq üçün sui-qəsd planı qurdu, amma bacarmadı. Hatşepsut bu ölümcül səylərin öhdəsindən gələ bildi.

Ehtimal olunan üsyanın qarşısını almaq üçün kişi kimi geyinməyə başladı. Digər fironlar kimi mərasimlərdə iştirak edir, süni saqqal taxırdı. Cəbhədə döyüşərək cəsarətli olduğunu xalqına sübut etdi. Atdığı addımlar Hatşepsutun hakimiyyətini Misir xalqının gözündə qanuniləşdirdi. Bu da səbəbsiz deyildi.

Ölkədə dinclik yaratdıqdan sonra böyük yenidənqurma işləri həyata keçirdi. Hatşepsutun hakimiyyəti illərində Misir çox zənginləşmişdi. Çünki onun dövründə bir çox xammal mənbəyi tapılmışdı. Memarlıq və ticarət yüksək səviyyədə inkişaf etmişdi. Hatşepsut həm də o dövrdə ən böyük ticarət yolunun təşəbbüskarı idi. O günün texnologiyası ilə ən ağır yükləri uzaq məsafələrə aparmaq mümkün olmuşdu. Misir Hatşepsut sayəsində çiçəkləndi.

Aşiq olduğu yeganə kişi

Hatşepsut ömrü boyu bir kişiyə aşiq olmuş, onu sevmişdi. Senmut adlı bu adam ailədən deyildi, memardı. Onunla tez-tez görüşmək üçün öldükdən sonra mumiyasının qoyulacağı məbədi tikmək vəzifəsini də ona vermişdi.

Senmuta Deyr əl-Bəhridə öz adıyla böyük bir məbəd tikdirmişdi.

Tutmosun qəzəbi

III Tutmos böyümüşdü. Hatşepsut isə xəstəlikdən əziyyət çəkirdi. Tutmosa əmrindəki dövlət adamlarını öldürməmək şərti ilə hakimiyyəti təhvil verəcəyini söylədi. Beləliklə, məşuqu ilə gizli olsa da daha asan görüşəcək və xalqının önündə iqtidardan əl çəkərək, lütfkar olduğunu göstərəcəkdi. Amma III Tutmos vədinə əməl etmədi, bir çox dövlət adamını öldürdü. Bunu eşidən Hatşepsut oğlunun qabağına çıxdı, ona “Misirin qisasını alacağam, gözlə, görəcəksən”, deyərək yoxa çıxdı. Onu o gündən sonra bir daha heç vaxt görən olmadı.

Misir yaxınlığında məskunlaşan Hatşepsutun xəstəliyi qısa müddətdə daha da artdı. Oynaq ağrılarından əziyyət çəkən Hatşepsutun ölümünə dair bir sıra fərziyyələr var. III Tutmos vəziri və dostlarını öldürdükdən sonra Hatşepsutun zəhər içərək intihar etdiyi iddia edilsə də, bununla bağlı heç bir dəlil tapılmayıb. Bir sıra mənbələr Hatşepsutun sümük xərçəngindən öldüyünü iddia edir.

Ögey oğlunun qəzəbindən qorxulduğu üçün cəsədi tələsik mumiyalanmışdı. Buna görə mumiyasını qoxular və qızılla bəzəmək fürsəti olmamışdı. Hatşepsutun mumiyası məşuqu ilə görüşdüyü məbədə qoyulub.

Ögey oğulun vicdan əzabı

Hatşepsutun ölümündən sonra III Tutmos yeni firon oldu. Peşəkar döyüşçüydü. Misirdə ilk nizami ordunu o qurdu. Misir ən böyük coğrafiyası və hərbi gücünü III Tutmos dövründə gördü.

Tarixçilərə görə, xalqı qadını firona rəğbət bəsləmişdi. Amma o dönəmdə III Tutmosun tərəfdarları daha güclüydü. Əlinin toxunduğu hər yeri yandırır, talayır, yerlə-yeksan edirdilər. Hatşepsutun güclü hakimiyyəti illərindən sonra III Tutmos ətrafındakıların təsiri ilə ögey anasının izlərini silməyə başladı. Abidələrdən Hatşepsutun üzünü qazıtdıran III Tutmos yalnız onun atası üçün Tanrı Amonun Karnakdakı məbədində ucaltdığı obeliskinə toxunmadı, ətrafına böyük mərmər bloklar qoydurdu. Hatşepsutun qranitdən yonulmuş yeganə obelisklərinin hər biri 350 ton ağırlığındaydı və 270 kilometrlik yolu xizəklərlə gətirilmişdi. Otuz metrlik iki obelisk 7 aya tamamlanmışdı.

Xarici təhdidlər artmağa başladığı üçün Tutmos ögey anasına qarşı açdığı savaşı tam başa çatdırmağa çox fürsət tapmadı və yürüşlərə başladı. Bir müddət sonra vicdan əzabı çəkən III Tutmos vaxtilə anasının çəkdirdiyi dişin üstünə “Firon Hatşepsut” ifadəsini yazdırdı və onu ömür boyu öz yanında gəzdirdi.

Hatşepsutun mumiyası 1903-cü ildə tapıldı. Məbədin yerləşdiyi ərazini araşdıran ingilis arxeoloq Hovard Karter fironun mumiyasının qoyulduğu otağa çatsa da, gözlədiyi xəzinəni tapmadı…

Bir kişiyə aid olduğu düşünülən mumiyanın Hatşepsut olduğu anlaşılanadək 104 il keçdi. 2007-ci ildə aparılan DNT analizlərindən sonra bu mumiyanın bir qadına aid olduğu üzə çıxdı. Həmin vaxt tapılan bir dişin üstünə “Firon Hatşepsut” ifadəsi vardı. Mumiyanın da bir dişi yox idi və həmin diş yerinə qoyuldu. Hatşepsutun mumiyası 1922-ci ildə Misirdə Tutanhamonun məzarının tapılmasından bəri ən böyük arxeoloji tapıntı kimi qəbul edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər