7 Avqust 2021 10:23
3 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Angela Merkel “Forbes” jurnalı tərəfindən ardıcıl olaraq 10 dəfə dünyanın ən güclü qadını seçilib. Eyni zamanda Donald Trampdan sonra dünyanın ən güclü üçüncü insanı olaraq tanınır. Almaniyadakı seçkilərdə üst-üstə 4 dəfə qazandığı qələbələrlə 16 ildir ölkəyə liderlik edir. Almaniya Federativ Respublikasının Federal Kansleri böhran vəziyyətini idarə etmək, qorxularını gizlətmək və sirr saxlamaq baxımından ustadır.

Teleqraf.com üstün zəkası ilə seçilən Angela Merkel haqqında bilmədiklərinizi təqdim edir.

Angela Merkel 1954-cü ildə Almaniyanın Hamburq şəhərində dünyaya gəlib. O, anadan olanda İkinci Dünya Müharibəsinin başa çatmasından 9 il ötürdü və müharibənin buraxdığı izlər hələ də davam edirdi. Məğlubiyyətdən sonra Almaniya parçalanmış, müharibədə qalib tərəflərə görə ikiyə bölünmüşdü.

Almaniyanın qərbində ABŞ, Fransa və İngiltərə kimi qərb ölkələri Almaniya Federativ Respublikası yaratdılar. Şərqdə isə SSRİ Almaniya Demokratik Respublikasını elan etdi. Bu dövrdə 3 milyon insan Şərqi Almaniyadan Qərbi Almaniyaya qaçdı. Angela Merkelin doğulmasından bir neçə həftə sonra ailəsi Qərbi Almaniyadan Şərqi Almaniyaya, kiçik bir evə köçməyə qərar verir.

Merkelin atası keşiş idi. Şərqi Almaniyada kilsə ona iş təklif edir. Lakin bu, çox təhlükəli qərar idi. Çünki rahib olaraq işləməyi qəbul etdiyi Şərqi Almaniyada kilsələr şiddətə məruz qalırdı. Sosialist təbəqə o dövrdə öz siyasətlərini zorla xalqa qəbul etdirməyə çalışırdılar.

Merkelin anası müəllim olmasına baxmayaraq, əri kilsədə xidmət etdiyi üçün məktəbdən qovulur. Onlar elə yerdə yaşayırdılar ki, deyəcəkləri yanlış ifadəyə görə həyatları təhlükəyə düşə bilərdi. Şərqi Almaniyada söz azadlığı yox idi, burada yaşayanlar düşündüklərini söyləyə, sərbəst hərəkət edə bilməzdilər.

Bu dövrdə Merkel kimə inanıb-inanmayacağı ilə bağlı 6-cı hissi qazanır. Şərqi Almaniyadan qaçmaq istəyənlər linçlənir, döyülürdülər. Şərqi Almaniyadan qaçışın qarşısını almaq üçün sərhədin bağlanmasına qərar verilir. Beləliklə, 1961-ci ildə Berlin divarının hörülməsinə başlanır və ilk sərhəd sadəcə tikanlı məftillərdən hazırlanır. Divarın tikintisi 1975-ci ildə başa çatır. 106 metr uzunluqda 3,5 metr hündürlükdə sədd çəkilir. Divara dırmaşmaq mümkün olmasın deyə onun üzərinə sürüşkən boru əlavə edilir. Hətta divarın qarşısına tikanlı məftillər, itlər və 302 gözətçi də yerləşdirilir. Beləcə Merkelin ailəsi Şərqi Almaniyada qalmalı olur.

İllər sonra Merkel yüksək kürsüdə əyləşəndə bunları deyir: “Həyatımda xatırladığım ilk siyasi hadisə 50 il əvvəl tikilən Berlin divarıdır. Onda 7 yaşım vardı. Ətrafımdakı yetkin insanları, hətta öz ailəmi göz yaşı içində görmək məni dərindən sarsıtmışdı. Berlin divarı tikildiyi üçün anam ailəsindən ayrı qalmağa məcbur oldu”.

Merkel məktəb illərində yaxşı şagird kimi yadda qalıb. Yüksək qiymətlər alan Merkel Karl Marks Universitetinin Fizika fakültəsindən məzun olub. Məzun olduqdan sonra kuantum kimyası haqqında doktoranturanı bitirib. Daha sonra elm adamı olaraq Şərqi Almaniyanın Elm Akademiyasında alim qadın olaraq işləməyə başlayır.

Berlin divarı tikildikdən illər sonrasökülür və Şərqi Almaniya ləğv edilir. Divarın sökülməsi təkcə Almaniyanın yox, Merkelin də həyatını dəyişir.

Bu hadisədən sonra 31 yaşlı Merkel siyasətlə maraqlanmağa başlayır. O, Xristian Demokratiya Partiyasına qoşulur. Almaniya bütünləşdikdən sonra ilk seçkilərdə mətbuat konfransında Merkel çıxış etməyə başlayır. Siyasət aləmi onu Şərqi Almaniyadan gələn təcrübəsiz bir qız kimi təsəvvür edirdi. Diplomatlar tərəfindən zəif biri olaraq təsvir edilirdi və hər kəs ona yuxarıdan aşağı baxırdı. Merkel isə bütün bunlara baxmayaraq mühakimlərin əksinə çıxıb, mətbuat konfransındakı çıxışı ilə hər kəsi heyran qoyur.

Dövrün kansleri Helmut Kol onu öz yanında işə götürür. Beləliklə, Merkel partiyanın ən gənc üzvü olur, qısa bir zamanda Helmut Kolun etimadını qazanır. Sürətlə irəliləyən Merkel 1994 -cü il seçkilərindən sonra Ətraf mühit, mühafizə və reaktor təhlükəsizliyi naziri seçilir. Pariyaya rəhbərlik etməyi qarşısına məqsəd qoyur və bunun üçün ən doğru zamanı gözləyir. Helmut Kol müxalifət partiyasının lideri Holta məğlub olur. Bu məqamda isə partiyanın tək ümidi Merkel olur.

Gözlədiyi uyğun məqamın çatdığını hiss edən Merkel açıq məktub yazır və bu məktub bütün mediada çap olunur. Məktubda partiyanın sədri Holta “qoca at” deyə xitab edən Merkel onu vidaya səsləyirdi. Pariyanın lideri olacağını bəyan edən gənc Merkel qoca Holtu istefaya məcbur edir. 2005-ci il seçkilərində Angela Merkel Almaniya Federal Kansleri seçilir. Bundan sonra keçirilən 4 seçkidə qalib gələrək 16 ildir liderliyini davam etdirir.

Almaniyanın İdarə naziri Volfqanq Novak Merkel haqqında deyirdi: “Merkeli zəif rəqib hesab edirdik. O, utancaq keşiş qızı kimi görünürdü. Kəskin analitik zəkasından hələ xəbərsizdik. Klinton xarizmatik siyasətçi idi, Obama və Putin də həmçinin. Merkeldə isə belə bir xarizma yox idi. O, sadəcə izləyir və gözləyirdi. Lakin nəticəyə baxdıqda mübarizə aparmağı bacaran və qalib gələn lə o oldu. Siyasət boks rinqi kimidir. Bütün siyasətçilər ətrafa yumuruqlarını yayırlar, daima nəyisə sınayırlar. O isə bircə yumruq atır və qalib gəlir”.

Merkel digər dünya liderləri ilə müqayisədə ən çox kürsüsünü qoruyub saxlayan liderdir. Angela Merkelin bu qədər güclü lider olmasının və daim mübarizə aparmağı bacarmasının başlıca səbəblərindən biri Almaniyanın iqtisadiyyatını dirçəltməsi idi. 2008-ci ildə ilk olaraq Amerika, sonra Avropa və digər dünya ölkələri iqtisadi böhran yaşadılar. Almaniyada işsizlik göstəricisi 0,11 faiz təşkil edirdisə, ölkədaxili gəlir 2,8 trliyona qədər enmişdi. Hətta Almaniyaya Avropanın xəstə adamı adı verilmişdi.

Merkel ağıllı siyasət işlədərək xalqı yerli məhsulları istehlak etməyə çağırır. İşsizlik göstəricisini 4 faiz azaldıb, daxili gəlirləri 1 trliyon artırır. Beləliklə, Almaniya iqtisadiyyatı Avropada birinci, dünya sıralamasında isə dördüncü yerdə qərarlaşır.

Böhran başa çatdıqdan sonra tələblər genişlənməyə başlayır. Almaniyanın ixracatı artdığı üçün iqtisadiyyatı da yüksəlir. Merkelin apardığı siyasət bütün Avropa Birliyində tətbiq edilməyə başlanır və bu uğur onu Avropa Birliyinin ən nüfuzlu rəhbəri edir. Bu nöqtəyə yetişmək asan başa gəlmir. Məqsədinə çatmaq üçün dayanmadan irəliləyən diplomat mətbuat konfransında Putinlə dilləşir. Kievdə uğur konfransları təşkil edir, İraq prezidenti ilə müzakirələr aparır, Münhendə təhlükəsizlik konfranslarına qoşulub, Vaşinqtonda Obama ilə görüşür. Bunları sadəcə bir həftə ərzində həyata keçirir.

Bütün bunlara baxmayaraq diplomatın bəzi qərarları birmənalı qarşılanmır. 2015-ci ildən bəri Almaniya mühacirlərin ən çox axın etdiyi Avropa ölkələrindən biri olur. Mühacirlərin çoxu İraq, Suriya və Əfqanıstan kimi ölkələrdən gəlirdi. Mühacir axını sürətli şəkildə Avropa gündəmini zəbt etmişdi. Bir çox Avropa ölkələri və Merkelin başçılıq etdiyi partiya mühacilərin gəlişinə qadağa qoymağı düşünürdülər. Onlar hesab edirdilər ki, mühacilər ölkə iqtisadiyyatına təsir edəcək, işsizliyi artırıb, cinayət hadisələrinin çoxalmasına səbəb olacaqlar.

Lakin Merkel Avropa Birliyinə və sədrlik etdiyi partiyanın mövqeyinə qarşı gedərək 1 milyon mühacirə qapı açır. Bəziləri onun bu qərarını məntiqli hesab etsə də, Almaniya və Avropada Merkelə qarşı etirazlar başlayır. Merkel isə digər ölkələri də bu siyasəti tətbiq etməyə məcbur edir. Bundan sonra Avropa Birliyi Merkeli diktatorluqla günahlandırır. Bu hadisələrədən sonra Almaniya Xarici İşlər Naziri istefa verir. Xalq Merkelə qarşı etirazlara başlayır və “qərar verə bilməmək” mənası daşıyan “Merkeln” adlı bir şüar yaradırlar.

Bütün bunlara baxmayaraq Alminaya kansleri Angela Merkel yenə də hadisələrdən özünü xilas edə bilir.

Merkelin tez-tez istifadə etdiyi əl jesti bütün dünyada məşhurlaşdı. Əvvəl-əvvəl əleyhdarları bu jesti gülüş hədəfinə çevirsələr də, sonradan insanlar bu hərəkətə “Merkelin tərs almazı” adını verdilər. O özü bu hərəkətinin xüsusi mənası olmadığını bildirirdi, dəstəkçiləri arasında isə bu jest etimada işarə idi. Merkelin əl işarəsi o qədər geniş yayıldı ki, hətta Almaniya küçələrində posterə də çevrildi.

Angela Merkel mediaya və digər siyasətçilərə qarşı hər zaman güclü müqavimət göstərməyi bacarır. Buna örnək olaraq Rusiya Prezidenti Vladimir Putinə qarşı addımları, onun qıcıqlarına, qəzəbinə cəsarətlə və sakitcə cavab verməsini göstərmək olar.

2007-ci ildə Putin Merkelin itlərə qarşı olan fobiyasını bildiyi üçün qara itini özü ilə görüşə gətirir və otaqda gəzməsinə icazə verir. Merkel isə qorxmasına baxmayaraq sakit davranıb, əsəblərini idarə etməyə çalışır və bunu bacarır...

Donald Trampla çox vaxt yola getmirdilər. Merkelin mühacirlərlə bağlı siyasətini dəstəkləməyən liderlərdən birincisi Tramp idi. Beynəlxalq əlaqələrini genişləndirmək üçün Merkel və Trampın qızı İvanka işgüzar konfransda birlikdə yer alırlar.Deyilənə görə, Merkel bu görüşdən sonra Trampın qızı haqqında “onunla vaxt keçirmək 5 yaşlı qızla gəzmək kimidir” deyib.

Angela Merkel dünya mediasında və siyasətdə hər zaman qapalı qutu kimi görünüb. Şəxsi həyatını hamıdan gizl\dib. Kvant kimyaçısı olan ikinci həyat yoldaşı Yoaxim Zauer Merkelin 16 ildir siyasətdə olmasına baxmayaraq bir dəfə də jurnalistlərə müsahibə verməyib.

Merkelin televiziyadakı maraqlı görüntüləri də xeyli müzakirə olundu. “Milyonçu” verilişinin Almaniya verisyasına qoşulan Merkelə “Almaniya necə məhv edilə bilər” sualı verildi. Cavab variantlarında A. Keçmiş alman puluna geri qayıtmaq, B. Yunanıstanın avrodan imtina etməsi, C. Avro-Bond puluna keçid etmək və D. Merkelin eyni formada hakimiyyətdə qalması idi. D variantını seçən Merkel suala düzgün cavab vermişdi...


Müəllif: Aysel Azad

Oxşar xəbərlər