26 Avqust 2021 09:14
3 769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaxtilə Uruqvayın 40-cı prezidenti olan Xose Muxika indi yaşlı bir fermerdir.

Tupamarosda keçmiş partizan olan Muxika 1970-80-ci illərdə - hərbi diktatura dövründə ömrünün 14 ilini həbsxanada keçirib. Sol Partiyaların Böyük Cəbhə koalisiyasının üzvü olan Muxika 2005-2008-ci illərdə kənd təsərrüfatı naziri, daha sonra senator vəzifələrində işləyib. Böyük Cəbhənin namizədi olaraq, 2009-cu il prezident seçkilərində qalib gəlib. 2010-cu ildədək prezident postunu tutub.

Qaçqın qızın oğlu

Muxika 1935-ci il mayın 20-də ispan-bask mənşəli Demetrio Muxika ilə italyan qaçqının qızı Lusi Kordanonun ailəsində doğulub. Muxikanın atası kiçik fermer olub. 1940-cı ildə, oğlu beş yaşında ikən ölümündən bir qədər əvvəl iflas edib. Anasının ailəsi Liquriyadan gəlmiş çox kasıb qaçqın idi.

Mübarizə illəri

1960-cı illərin ortalarında Kuba İnqilabından ilhamlanaraq qurulan silahlı Tupamaros hərəkatına qatılıb. O, həm də bu hərəkatın qurucuları arasında yer almışdı. 1969-cu ildə Montevideoya yaxın şəhər olan Pandonun qısa müddətdə ələ keçirilməsində iştirak və şəhərin strateji nöqtələrinə hücum edən altı dəstədən birinə rəhbərlik edib. Muxikanın komandası telefon stansiyasını ələ keçirməkdə günahlandırılıb. O, əməliyyatı heç bir dağıntıya yol vermədən başa çatdıran yeganə lider olub.

Həmin illərdəki sosialist siyasi baxışları və mərkəzi siyasəti davam etdirmək vədi insanlarda inam yaratmışdı.

Muxika 1970-ci ilin martında Montevideoda həbsinə müqavimət göstərərkən odlu silahla vurulub – beş güllə yarası alıb, özü isə iki polisi yaralayıb. Xəstəxanada növbətçi cərrah həyatını xilas edib. Çox sonralar cərrahın gizli Tupamaro üzvü olduğunu və bu səbəbdən həyatının xilas edildiyini deyib.

14 il hərbi həbsxanada azadlıqdan məhrum edilib. Hakimiyyətin sükanı arxasına keçdikdən sonra 1973-1985-ci illərdə Uruqvayın daxili işlər naziri Eduardo Bonomi ilə birlikdə həbs olunduğu və işgəncələrə məruz qaldığı Libertad həbsxanasını bağlayaraq, yerində klinika açdırıb.

Muxika 2005 -ci ildə, uzun illər birlikdə yaşadıqdan sonra keçmiş Tupamaros üzvü, senator və keçmiş vitse-prezident Lusiya Topolanski ilə evlənib. Övladları yoxdur.

Muxika ateistdir.

Dünyanın ən kasıb prezidenti

“Uruqvayın sükanı” arxasında olarkən, Xose Muxika dünyanın ən təvazökar və ən kasıb dövlət başçısı kimi tanınmışdı.

Heç vaxt lüks həyatı seçməyən Muxika dövlətin ona verdiyi maaşının 90 faizini ehtiyacı olan insanlara bağışlamışdı. Bu qərarını belə izah etmişdi: “Bu mənim öz seçimimdir. Həyatımın uzun illərini belə yaşamışam. Qalan maaşım mənə kifayətdir. Mən kasıb deyiləm. Bahalı həyat seçənlər yoxsulluqdan əziyyət çəkirlər”.

Prezident olarkən, onun təhlükəsizliyinin yeganə qarantı üç ayaqlı iti Manuela və onu ofisinə qədər müşayiət edən iki polis idi. Muxikanın kiçik və yoxsul evi paytaxt Montevideonun kənarında yerləşir.

1800 dollarlıq “tısbağa”

1987-cil model - tısbağaya bənzəyən bir avtomobili (“Volkswagen Beetle”) var. Ərəb şeyxlərindən biri ona yeni bir maşın almaq üçün 1 milyon dollar təklif edəndə o, bunları demişdi: “Məni ən kasıb dövlət başçısı adlandırırlar, amma özümü kasıb hiss etmirəm. Kasıb insanlar bahalı həyat tərzini qorumaq üçün çalışan insanlardır və həmişə daha çoxunu istəyirlər”.

O, bu kiçik və sevimli avtomobilini işə getmək üçün yox, ərzaq alış-verişi üçün istifadə edirdi. Çünki onun ofisi işə piyada gedə biləcəyi məsafədə yerləşdirdi.

2010-cu ildə avtomobilinin qiyməti 1800 dollar idi. Bu, həm də Muxikanın həmin il üçün təqdim etdiyi məcburi illik şəxsi sərvət bəyannaməsininin ümumi dəyəri idi. 2014-cü ilin noyabr ayında Uruqvayın “Busqueda” qəzeti ona avtomobili üçün 1 milyon dollar təklif edildiyini yazmışdı. O isə bildirdi ki, maşını üçün 1 milyon dollar alsa, bunu evsizlərə bağışlayacaq.

Ölkə tarixində ilk

Prezident olarkən, xalqının ən böyük tələblərindən biri xaşxaş əkilməsinə icazənin verilməsi ilə bağlıydı. Muxika buna da icazə vermişdi. İnsanlar bu əkinçilikdən dolanışıqları üçün əlavə gəlir əldə edə bilmişdilər. Ölkə səhiyyəsində də böyük inqilablar edən Muxika qonşuları Argentina və Braziliyanın son illərdə ciddi iqtisadi problem yaşamasına baxmayaraq, Uruqvayda vətəndaşların gəlirlərinin artmasına yeni imkanlar yaratmışdı.

Uruqvayda işsizlik nisbətini ölkə tarixinin ən aşağı səviyyəsinə endirdi. 2014 -cü ildə Uruqvayda işsizlik nisbəti 5.40 faizə düşdü. Adambaşına düşən gəlir 2014 -cü ildə 17 min dollar civarında idi. Bundan əlavə, Uruqvay Konqresi onun dövründə abort və eynicinslilərin evliliyinə icazə verən bir sıra bir sıra qanunları liberallaşdıran təklifləri qəbul etdi.

Muxikanın sözləri

“İnsanların gecələr altında yatmağa adyal belə tapa bilmədikləri bu dünyada, 500 kvadrat metrlik malikanələrdə necə yaşadıqlarını anlamıram”.

“Evsizlərin evə, suyu olmayanların suya və çörəyə ehtiyacı var. Belə bir dünyada “özəl təyyarəm olsun, ora-bura gedim”, deyirsən. Hər kəs daha çoxunu istəyirsə, bir gün heç kimə heç nə qalmayacaq”.

“Qlobal istiləşmədən danışırıq, amma təbiətə hücum etməyə və zibil istehsal etməyə davam edirik”.

“Köhnə mənəvi tanrımızı öz əlimizlə qurban verdik, indi bazar tanrısının məbədindəyik”.

“Məni kasıb adlandırmaq səhvdir, mən qənaətcil insanam. Əsl kasıblar həyatdan daim tələb edən və əldə etdiklərindən məmnun olmayan insanlardır”.

“Əlimdə yüngül çamadanla gəzirəm. Bu mənə istədiyim həyatı yaşamaq üçün kifayət qədər vaxt verir. Əsl azadlıq, yaşamaq üçün qazandığınız zamandır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər