Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs ABŞ-ın tanınmış simalarından biridir.
ABŞ-da yaşayan Stanislav Şpanin (Stass) vizual sənətin müxtəlif sahələrində tarixi mövzularla işləyən amerikalı konseptual rəssamdır. Onun əsərləri beynəlxalq səviyyədə sərgilənib. Həmin məkanlar arasında Nyu-Yorkdakı “Smak Mellon”, Moskvadakı “Qridçinholl”, Torrinqtondakı “Fayv Poynts” və sair kimi məşhur qalereyalar var.
Bakılı rəssam
Stass Şpanin 1990-cı il mayın 16-da Bakıda anadan olub. ABŞ-da Tayler İncəsənət Məktəbi və Templ Universitetində rəssamlıq ixtisasına yiyələnib.
On üç yaşında ABŞ-ın Massaçusetts ştatına köçdükdən sonra, demək olar ki, bütün XX əsr ərzində SSRİ-də yasaqlanmış və təhrif edilmiş tarixi mövzularla maraqlanmağa başlayıb. Şpanin Hartford Universiteti və Hartford İncəsənət Məktəbində oxuyarkən “Trialektika” adlı layihənin müəllifi olub. Burada tarixin müxtəlif dövrlərini vahid monumental kompozisiyada birləşdirib.
2012-ci ildə Hartford Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra Şpanin “Fulbrayt” proqramı çərçivəsində Rusiyaya köçüb. Rusiyada olarkən inqilabdan əvvəlki rus tarixi ilə bağlı araşdırmalar apararaq, bu mövzuda öz əsərlərini yaradıb.
Şpaninin əsərlərində Rusiya ilə yanaşı, Avropa və Amerika tarixləri də özünə yer tapıb.
Stass Şpanin “Falbrayt” proqramına qatılarkən Moskva Dövlət Rəssamlıq Akademiyasının aspiranturasında təcrübə keçib. Rusiyada məşhur azərbaycanlı rəssam Tahir Salahovdan dərs alıb.
Məşhurların kolleksiyası
Rəssamın əsərləri əsasən beynəlxalq tarixi müharibələri özündə əks etdirir. Şpaninin əsərlərini ABŞ, İtaliya, Fransa, İsrail, Azərbaycan və Rusiyada sərgilənib. Erkən yaşlarında tanınmağa başlayan bakılı rəssamın əsərləri dünyanın nüfuzlu muzey və məşhur insanların kolleksiyalarını bəzəyir.
Əsərləri Jasper Rand Muzeyi, İsrailin Hadera, Yerusəlim və Makkabi muzeyləri, Müasir Rusiya Sənəti Muzeyi, ABŞ kitabxanaları, Nyu-York Müasir İncəsənət Muzeyi, Oslo Muzeyi (Norveç), İtaliya, Azərbaycan və digər ölkələrdəki bir sıra muzey və qalereyalarda özünə yer edib.
Şpaninin əsərləri dünyanın nüfuzlu şəxslərinin şəxsi kolleksiyalarında da yer alır. Bura ABŞ-ın keçmiş prezidenti Corc Buş, Azərbaycanın mərhum prezidenti Heydər Əliyev, İtaliyanın Salerno və Oliverto-Çito şəhərlərinin merləri, İsrailin Netaniya şəhərinin meri və Yaponiyanın keçmiş nəqliyyat naziri və s. kimi nüfuzlu şəxslərin kolleksiyaları daxildir.
Nüfuzlu universitetlərdə
Stanislav Şpanin 2014-cü ildə Hartford Universiteti, Hartford İncəsənət Məktəbinin idarə heyətinin üzvü olub.
Şpanin Vestfild Universiteti, Hartford Universiteti və Skolkovo Elm və Texnologiya İnstitutu (Massaçusetts Texnologiya İnstitutu) daxil olmaqla dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələrində mühazirələr oxuyub, dərs deyib.
Stass hazırda həm ABŞ, həm də Rusiyada yaşayır və işləyir. Şpaninin rəssamlıq studiyası Filadelfiyada yerləşir, eyni zamanda Ratger Universitetində işləyir.
Dünyanın ən gənc rəssamı
Rəssamın erkən başlayan karyerasında qazandığı peşəkar uğurlar “Ginnesin Rekordlar Kitabı”nın komitəsinin də diqqətini çəkir. Komitə bu uğurları sayəsində Stass Şpanini 12 yaşında “Dünyanın ən gənc peşəkar rəssamı” adlandırmaq qərarı verir. Şpanin 2002-ci ildə keçkirdiyi beynəlxalq sərgilər və aldığı mükafatlardan sonra adı “Planetin ən gənc peşəkar rəssamı” kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilir.
Gənc sehirbaz
Bakılı rəssam 12 yaşında dünyaya səs salanda Azərbaycanda rus dilində nəşr olunan “Zerkalo” qəzeti yazmışdı:
“Bu dünyada gənc sehrbazlar doğulmağa davam edirlər. Onlardan biri də istedadı ilə sizi buna inandıra bilən Stanislav Şpanindir. Möcüzəyə inanın. Onun əsərlərində Van Qoqun dünyasını, Monetin incəliyini, Dali mistisizmini və hollandların şəhvətli realizmini görmək olar. Amma eyni zamanda bütün kətan əsərlərində məhz bu Vətənin qanını və mədəniyyətini mənimsəmiş Azərbaycan torpağının gənc sehrbazı var - Stanislav Şpanin”.
İsrailin Yerusəlim Universitetinin professoru Qriqori Ostrovski: “Stass Şpanin peşə üzrə rəssam deyil, o, həyat tərzi, təxəyyülü, dərin poetik münasibəti, ətrafdakı reallığın təəssüratlarını yaşamasına, bunları təbii və üzvi şəkildə sənət materialına çevirmək qabiliyyətinə görə rəssamdır. Yaxşı müəllim çox şey öyrədə bilər, amma rəng və forma duyumu, necə deyərlər, taleyin hədiyyəsidir. Stasın rəsmlərində çalarlarla zəngin olan güclü, böyük, emosional və mənalı bir rəng axını qalib gəlir”.
ABŞ-ın Kentukki Universitetinin professoru: “Onun rəsmlərindən məmnunam. Mükəmməl rəng duyumu və eyni zamanda belə bir gənc yaş üçün xarakterik olmayan ən yüksək texnika performansı... Şübhəsiz ki, onu parlaq gələcək gözləyir”.