Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs ABŞ və Cənubi Koreya şahmatının tanınmış simalarından biridir.
Roza Eynullayeva Azərbaycan əsilli Amerika və Cənubi Koreya şahmatçısıdır. Qadınlar arasında FİDE ustasıdır.
Bakılı şahmatçı
Roza Eynullayeva 1987-ci il sentyabrın 10-da Bakı şəhərində anadan olub.
Şahmat karyerası erkən başlayan Roza 14 yaşında qızlar arasında Azərbaycan çempionu adını qazanıb. O, iki il Azərbaycanı beynəlxalq arenalarda da təmsil edib. 1998-2000-ci illərdə qızlardan ibarət Azərbaycan yığmasının üzvü olub. Həmin illərdə Avstriya, Yunanıstan və İspaniyada keçirilən Avropa və Dünya Şahmat Çempionatında Azərbaycan millisinin heyətində yer alıb.
Amerikanın yeni ulduzu
2001-ci ildə şahmatçı bacısı Elnarə ilə birlikdə ABŞ-a köçüb. Orta təhsilini burada davam etdirib. Amerikaya gəldikdən bir il sonra - 14 yaşında olarkən Nyu-York açıq çempionatında bütün qarşılaşmalarda qələbə qazanıb.
Roza Nyu-Yorkdakı uğurundan əvvəl Nyu-Cersi açıq turnirindəki oyunları ilə diqqət çəkmişdi. Məşhur amerikalı şahmatçı və siyasətçisi Sem Sloan bakılı qızı “ABŞ çempionatının sensasion yeni ulduzu” adlandırmışdı.
Sem Sloan öz bloqunda onun haqda yazır:
“Nyu-Cersidə açıq çempionatının ikinci turu çərçivəsində keçirilən oyunlardan birində dünyanın ən yaxşı on oyunçusu arasında yer alan Artur Yusupovla yanaşı, tamaşaçıların çoxunun əvvəllər heç görmədiyi və eşitmədiyi gənc bir qızın mübarizəsi yer aldı. Amma mən onu tanıyırdım. Mart ayında ABŞ Şahmat Federasiyasının İcraiyyə Şurasına namizəd olmaq üçün imza toplamaq məqsədilə “Marşal” şahmat klubuna getmişdim. Hamıdan imza istəmişdim və bir gənc şahmatçı imza verməyi təklif edəndə çox düşünmədim, razılaşdım. Amma ertəsi gün bir sxolastik oyunçunun imzasını istədiyim üçün federasiyada hücuma məruz qaldım. Göründüyü qədər gənc olduğunu anlamamışdım. Amma sxolastik bir üzvün namizədin kampaniyasında öz imzasını verməsini qadağan edən heç bir qayda yoxdur.
Adı Roza Eynullayevadır. ABŞ Şahmat Federasiyasında da adı belə qeyd olunub. Azərbaycanın paytaxtında – Harri Kasparovun doğulduğu Bakı şəhərində anadan olub. Hələ 14 yaşındadır. O, artıq qadınlar arasında FIDE ustasıdır. İndi ABŞ-da iki nömrəli reytinqli qızdan biridir. Lora Ross hələ ki, bir nömrədir.
Qrossmeyster Yusupova qarşı oynadığı oyunda Roza bir qədər passiv göründü. Amma onu hədələdi, oyun boyu Yusupov bu təhdidlərə qarşı özünü müdafiə etmək məcburiyyətində qaldı. Bu oyunda məğlub olmasına baxmayaraq, 14 yaşlı qız dünyanın ən güclü şahmatçılarından birinə qarşı möhtəşəm performansı ilə yadda qaldı”.
16 yaşında 21 yaşlı qızlar arasında ABŞ çempionuluğunu da aktivinə yazdırıb.
Koreya millisində
Sonrakı illərdə Cənubi Koreyaya köçən Roza indi də burada yaşayır və bu ölkəni təmsil edir. 2018-ci ildə Gürcüstanın Batumi şəhərində keçirilmiş 43-cü Ümumdünya Şahmat Olimpiadasında qadınlardan ibarət Cənubi Koreya yığmasının heyətində çıxış edib.
Roza Eynullayeva azərbaycan, rus, ingilis, fransız və koreya dillərini bilir.