Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs də onlardan biridir.
Elvin Abbasbəyli Beynəlxalq Sinxron Tərcüməçilər Assosiasiyasının ilk azərbaycanlı üzvü və Fransa prezidenti və hökumətinin akkreditasiyalı tərcüməçisidir. Fransada dövlət səviyyəsində tərcüməçi olan ilk və hələlik sonuncu azərbaycanlıdır. Səkkiz xarici dil bilir.
İlk addımlar
Elvin Abbasbəyli 1980-ci ildə Neftçala rayonunda müəllim ailəsində anadan olub. Orta təhsilini Neftçala şəhər Əlif Piriyev adına 2 saylı orta məktəbdə, ali təhsilini isə Azərbaycan Dillər Universitetinin Fransız dili və tərcüməsi fakültəsində alıb. Bundan sonra ali təhsilini davam etdirmək üçün Fransaya gedib.
Elvin tərcüməçi olmaq qərarına hələ 15 yaşında – orta məktəbdə oxuyarkən gəlmişdi.
Azərbaycan Dillər Universitetinin sonuncu kursunda Fransa səfirliyində bir aylıq təcrübə keçdikdən sonra Fransanın Azərbaycandakı o vaxtkı səfiri Jan-Pyer Ginütün sayəsində onun xarici işlər və digər nazirlərlə görüşlərində tərcüməçilik edib.
Uğura aparan pillələr
Fransa hökumətinin verdiyi təqaüdlə Strasburq Universitetinin nəzdindəki Beynəlxalq Əlaqələr İnstitutunda (ITI-RI) əvvəlcə yazılı tərcümə, daha sonra isə sinxron tərcümə üzrə magistr diplomu alıb. Bundan sonra peşə fəaliyyəti ilə yanaşı, Strasburq Universitetində tərcüməşünaslıq üzrə elmi işi üzərində işləyib. Mövzusu Osmanlı İmperiyası və Çar Rusiyası arasında 1774-cü ildə imzalanmış Kiçik Qaynarca müqaviləsinin terminologiyasının analizi və tərcüməçilərin bu prosesdə oynadığı rol olub. Müqavilə üç dildə - türk, rus və italyanca hazırlanıb.
Sözügedən ali təhsil müəssisəsində bu elmi işini müdafiə etdikdən sonra tərcüməşünaslıq və türkologiya üzrə elmlər doktoru dərəcəsini alıb.
Üç mindən biri
Yazılı və Sinxron Tərcüməçilik və Beynəlxalq Əlaqələr İnstitutundakı təhsilini başa vurduqdan sonra Avropa İttifaqı və Avropa Şurasında akreditasiyadan keçib.
Dediyinə görə, Avropada sinxron tərcüməçilər tərəfindən qəbul edilmənin yollarından biri, 3000-dən çox sinxron tərcüməçini bir araya gətirən Sinxron Tərcüməçilərin Beyəlxalq Assosiyasiyasının (AIIC) üzvü olmaqdır. Assosiasiyada Elvindən əvvəl azərbaycanlı üzv olmadığına görə proses bir qədər uzun çəkib, amma sonda istəyinə nail olub. İndi də assosiyasiyanın ilk, hələlik son azərbaycanlı üzvüdür.
Fransa prezidentinin tərcüməçisi
Azərbaycanlının uğurları Fransanın siyasi rəhbərliyinin diqqətini çəkib və bu ölkənin Xarici İşlər Nazirliyinə tövsiyə olunub. Fransa Xarici İşlər Nazirliyinin onunla razılaşmasından bir müddət sonra Elvin Azərbaycan Prezidenti İlham Əliyevin Parisə səfər etdikdə dövrün Fransa Prezidenti Fransua Ollandın tərcüməçisi kimi çağırılıb.
Elvin təkcə Fransa yox, Azərbaycan prezidenti üçün də tərcüməçilik edib. Eləcə də Avropa ölkələrinə səfər edən Azərbaycanın digər nazirləri və rəsmi şəxsləri üçün…
Sərkisyanın alınmamış salamı
Elvin Abbasbəyli ilə bağlı maraqlı bir xatirə də var.
Olay 2017-ci ildə Yelisey sarayında bir sıra ölkələrin liderlərinin görüşündən əvvəl baş verib.
Elvin həmin zirvədə Fransanın o vaxtkı prezidenti Fransua Ollandın tərcüməçisi olub. Zirvədə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan da iştirak edib. Liderlər bir-bir Fransua Ollandla yanaşı, Elvinlə də görüşüblər. Sıra Serj Sərkisyana çatdıqda Elvin Ermənistan rəhbərinin əlini havada saxlayır, salamını almır. Pərt olan Sərkisyan nə baş verdiyini anlamır, çaşqınlıqla Fransa liderinə baxır. Olland Ermənistan prezidentinə “Azərbaycan” deyəndə, Sərkisyan nə baş verdiyini başa düşür.
Fəaliyyət sahələri
Sinxron tərcümə ilə yanaşı, yazılı tərcümə fəaliyyəti ilə də məşğul olan Elvin Abbasbəyli bədii və elmi kitab tərcümələri üzərində işləyir və elmi məqalələr yazır. Bundan əlavə, Parisdə yerləşən və Sorbon Universitetinə daxil olan Fransa Dövlət Şərq Dilləri və Sivilizasiyaları institutunda Azərbaycan dilini tədris edir.