18 Yanvar 2022 09:05
79 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs də onlardan biridir.

Şöhrə Bayat Ümumdünya Şahmat Federasiyasının (FIDE) beynəlxalq dərəcəli hakimlər siyahısındadır və FIDE-nin hakimlər komitəsinin üzvüdür. Asiyada A dərəcəli ilk və yeganə beynəlxalq şahmat hakimi və FIDE-nin müəllimidir. 2016-2019-cu illərdə İran Şahmat Federasiyasının katibi olub.

Şöhrə Bayat 1987-ci il martın 13-də İranın Rəşt şəhərində anadan olub. Ata tərəfdən yəhudi olan nənəsi İkinci Dünya Müharibəsi illərində Azərbaycanın paytaxtı Bakıdan İrana köçüb. Ailə uzun müddət yəhudi kimliklərini gizli saxlayıblar. Şahmatçı ata tərəfdən həm də Bayat türklərindəndir, soyadı da buradan gəlir.

1998-ci ildə şahmat üzrə 12 yaşadək iranlı qızlar arasında çempion olub. Bayat Təbii sərvətlər mühəndisliyi üzrə magistr dərəcəsinə malikdir.

Şöhrə Bayat 25 yaşında FIDE-də şahmat hakimi karyerasına başlayıb.

2020-ci ildə Çinin Şanxay şəhərində keçirilən Qadınlar arasında Şahmat üzrə Dünya Çempionatına Asiya qitəsinin A kateqoriyasında ilk beynəlxalq qadın şahmat hakimi kimi qatılan Şöhrə Bayatın yarışlarda hicabsız çəkilən fotoları İran hakimiyyəti tərfindən kəskin reaksiya ilə qarşılanıb. Bayatın vaxtilə rəhbəri olduğu İran Şahmat Federasiyası bundan sonra bəyan edib ki, 24 saat ərzində üzr istəmədən İrana qayıdarsa, onun təhlükəsizliyinə zəmanət verilə bilməz. İran federasiyası Şöhrə Bayata email göndərərək, atdığı addımla bağlı izahat verməsini tələb edib, ondan məktub yazaraq peşman olduğunu bildirməsini və məcburi hicabı müdafiə etməsini istəyib.

Amma Şöhrə Bayat bu məktubu yazmaqdan imtina edib və ertəsi gün hicabsız turnirə qatılıb.

Şahmatçı federasiyadan təhlükəsizliyinin təmin edilməsinə dair məktub göndərməsini istəsə də, bu müraciətinə müsbət cavab almayıb.

Şahmatçının atası Kəyumərs Bayat bu fotoların mətbuatda dərc edilməsini “fotoqrafların fitnəsi” adlandırıb. Onun iddiasına görə, bir anlıq qızının başından yaylıq düşüb, bu an onun fotolarını çəkiblər. Amma atasının iddiasının əksinə olaraq, Şöhrə Bayat idarə etdiyi ilk matçdan sonra hicab taxmayıb və İrana qayıtmaq fikrində olmadığını açıqlayıb.

Beləliklə, Şöhrə Bayat üzr istəməkdən imtina edib. Təhlükəsizliyinə əmin olmadığı və hicabı məcburi sayan qanunları qadın düşmənçiliyi kimi qəbul etdiyi üçün üzr istəməkdən imtina etdiyini açıqlayıb. O, İrana qayıdacağı halda həbs olunacağını bildirib: “Telefonumu açanda fotolarımın bir çox yerdə yayımlandığını gördüm. Hər kəs başı açıq olduğumu və başörtüyünə qarşı etiraz etdiyimi yazırdı. İranda məcburi olduğu üçün başımı bağlayıram. Fikrimcə, insanlar öz istədikləri kimi yaşamalıdırlar”.

Şöhrə Bayat fotoları yayılandan sonra qarşılaşdığı reaksiyalara görə narahat olmağa başlayıb və özünü təhlükəsizlikdə hiss etmədiyini deyib. Onun sözlərinə görə, İranda məhz bu səbəbdən çox sayda qadın həbs olunub. Geri dönmək şansı olarsa, sevə-sevə vətəninə qayıdacağını bildirən Şöhrə Bayat indi bunun mümkün olmadığını söyləyib. Beləliklə, bundan əvvəl Cəbəllütariqdə şahmat turniri üçün Böyük Britaniya vizası almış Şöhrə Bayat Britaniyaya getmək üçün vizası olmayan ərini İranda qoyaraq, Londondan sığınacaq istəyib.

Britaniyalı şahmat professoru və FİDE-nin vitse-prezidenti Naysel Şort Şöhrəyə dəstək verib. Eyni zamanda onu dəstəkləyənlər arasında, şahmat üzrə dünya çempionu Syuzan Polqar və amerikalı qrossmeyster Hikaro Nakamura da olub.

Britaniya hökumətinə ünvanladığı müraciət isə tezliklə müsbət cavablandırılıb. Bundan sonra FIDE-dən İngiltərə bayrağı altında hakimlik edə biləcəyinə dair təsdiq məktubu alıb. Eyni zamanda, Şöhrə İngiltərə milli şahmat komandasının üzvüdür. 2021-ci ildə Sloveniyada keçirilən şahmat üzrə Avropa Komanda Çempionatında İngiltərə yığmasının heyətində çıxış edib.

Şöhrə Bayat 2020-ci ilin sentyabrında “The Daily Telegraph” qəzetinə müsahibəsində belə deyib: “Yəhudi keçmişimin olduğunu bilsəydilər, heç vaxt İran şahmat federasiyasının baş katibi olmayacaqdım".

Şahmatçı ilk dəfə 2020-ci ildə Londonda yəhudilərin Roş Aşana bayramını qeyd edib.

2021-ci il martın 5-də müxtəlif ölkələrdən olan 20 qadınla birlikdə ABŞ Dövlət Departamenti tərəfindən beynəlxalq “Cəsarətli qadınlar” mükafatına layiq görülüb. Mükafatlandırılma mərasimində ABŞ-ın birinci xanımı Cill Bayden də iştirak edib.

Şöhrə Bayat ailəlidir. Ailəsi İranda yaşayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər