21 Fevral 2022 14:50
3 754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tailand sakinləri timsah ətinə getdikcə daha çox üstünlük verirlər. Onun əti toyuq əti kimi yumşaqdır. Timsah əti donuz taunu və inflyasiya səbəbindən bahalaşan donuz ətindən demək olar ki, iki dəfə ucuzdur.

Teleqraf.com xəbər verir ki, bu barədə “France 3” telekanalının Tailanddan hazırladığı reportajda bildirilir.

Qeyd olunur ki, timsah təsərrüfatlarının sahibləri məhsullarına tələbatın kəskin artdığını görür və əhali arasında populyar olan xüsusi restoranlar açır.

Reportajda bildirilir: “Tailandda yeni məşhur yemək timsah ətidir. O, bir il ərzində 33 faiz bahalaşan donuz ətindən qat-qat ucuz satılır. Burada, Tailandın qərbində yerləşən yüzlərlə fermada timsah ətinə tələbat demək olar ki, iki dəfə artıb. Bu səhər baxıcı öz timsahlarını toyuq cəmdəkləri ilə bəsləyirdi. 400 yetkin timsahın çoxalması üçün onları vaxtaşırı qidalandırmaq lazımdır”.

Timsah fermasının sahibi Sittiçay Pençart deyir: “Biz onlara ayda iki dəfə yem veririk. Hər dəfə bütövlükdə 1500 kiloqram ət götürülür, lakin onların kökəlməsinə imkan vermək olmaz – bu halda onlar daha az yumurta qoyurlar”.

Sonra yüzlərlə kiçik timsah 2-2,5 yaşına kimi yetişdirilir. Onların əti bu zaman kəsiyində yumşaq olur. Timsah kəsildikdən sonra dərisi diqqətlə soyulur. Kəsilmiş hər bir timsahın dərisi 100 avroya satılır – onlardan çanta və ya bel kəmərləri düzəldilir. Ətə gəlincə, bəsləyici onun kiloqramını dörd avroya təklif edir, donuz taunu və inflyasiya səbəbindən donuz ətinin kiloqramının qiyməti indi yeddi avroya çatır.

Sittiçay Pençart: “Donuz ətinin bahalaşmasından əvvəl gün ərzində orta hesabla beş kiloqram timsah əti satırdım. Hazırda timsah daha yaxşı satılır: indi müştərilər hər gün məndən 800-900 kiloqram sifariş verirlər. Timsahın hər yeri yaxşıdır: bütöv bir başdan şorba bişirmək olar”.

Bura bu vasitəçi kimi ölkənin hər yerindən alıcılar gəlir. O, 30 timsah almaq üçün yeddi saat maşın sürüb və sosial şəbəkə vasitəsilə onları yenidən satmaq niyyətindədir.

Fermaya gedən yolda birbaşa alış-veriş də elan edilir. Artıq aylardır ki, alıcılar növbəyə durur.

Tailandlı qadın: “Məncə, timsah əti donuz ətindən yaxşıdır. Üstəlik daha ucuzdur”.

Tailand sakini: “Mən ilk dəfədir ki, timsah əti almağa gəlmişəm. Sınaqdan keçirmək istəyirəm”.

Timsah əti manqalda kabab şəklində bişirilə bilər. Bu yeməyin uğuru ferma sahibini bir neçə ay əvvəl timsah əti üzrə ixtisaslaşmış bu restoranı açmağa vadar edib. O, ənənəvi Tailand yeməkləri ilə birgə satılır. Bu ailə ilk dəfədir ki, timsah ətinin dadına baxır.

Ailə başçısı: “Dadı bir qədər toyuğu xatırladır, timsah olduğunu bilmirsən. Amma o, əslində toyuğa bənzəyir”.

Tailandda hər il ətlik üçün bir milyondan çox timsah yetişdirilir, mal dövriyyəsi 160 milyon avro təşkil edir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər